7.2. Sacilər və Salarilər dövlətləri.
Şirvanşah Məzyədilər dövlətindən sonra Azərbaycanda müstəqil fəaliyyətə başlayan ikinci dövlət – Sacilər dövlətidir. Bu dövlət 879-cu ildə yaradılmışdır. Sülalənin banisi məşhur türk sərkərdəsi Əbu Sac Divdad olmuşdur. Sərkərdə Əbu Sac Divdad xürrəmilər hərəkatının yatırılmasında və Babəkin həbs olunmasında iştirak etmişdir. Uzun illər Ərəb xilafətinə xidmət edən Əbu Sac Divdada indiki Cənubi Azərbaycan ərazilərinin idarəçiliyi həvalə edilmişdi. Onun oğulları Məhəmməd və Yusif də Xilafətdə sayılıb seçilən adamlardan idilər. 879-cu ildə Xəlifə Azərbaycanın idarəçiliyini Məhəmmədə tapşırdı. Məhəmməd Xəlifəyə ildə 120 min dinar xərac ödəməli idi. Tezliklə Azərbaycanı müstəqil elan edən Məhəmməd paytaxtı Marağa olmaqla, dövlətin əsasını qoydu, pul kəsdirdi. Beləliklə, Sacilər sülaləsinin adı ilə bağlı bu Azərbaycan dövləti tarixdə Sacilər dövləti adlandırılmışdır. 901-ci ildə Ermənistanı tutan Məhəmməd, oğlu Divdadı oraya hakim təyin etmişdi və özü Bərdəyə gəlmişdi. 901-ci ildə Azərbaycanda yayılmış və minlərlə insanın ölümünə səbəb olmuş taun xəstəliyi Məhəmmədin də həyatını apardı. Onun yerinə hakimiyyətə gələn oğlu Divdad cəmi 4 ay hakimiyyətdə oldu, təcrübəsizlikdən dövləti idarə edə bilməyərək onu əmisi Yusifə təhvil verməyə məcbur oldu. Təbii ki, bu hakimiyyət dəyişikliyi xəlifənin dəstəyi ilə baş tutmuşdu. Bunun müqabilində xəlifəyə xərac verməyi öhdəliyə götürən Yusif 912-ci ildə xərac verməkdən imtina etdi. O, 914-cü ildə Tiflis əmirliyinə, Kaxetiyaya qarşı yürüş təşkil etdi. Dikbaşlıq edən erməni hakimi Sumbatı ələ keçirdi və Dəbildə edam etdirdi. Beləliklə, Yusifin dövründə qərbdə Dəbil və Ani, şərqdə Xəzər dənizinə, şimalda Dərbənddən, cənubda Zəncanadək Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi. O həmçinin, Dərbənd qala divarlarını bərpa etdirdi.
Xilafətə xəracın ödəməməsi ərəblərin Sacilərə qarşı müharibə elan etməsi ilə nəticələndi. 918-ci ildə Yusif ərəblərə qalib gəlsə də, 919-cu ildə məğlub olub, əsir düşdü və 3 il zindanda yatdıqdan sonra yenə Xəlifə tərəfindən Sacilər dövlətinin başçısı təyin edildi. Xəlifənin xahişi ilə 927-ci ildə, Kufədə üsyan qaldıran qərimətlərə qarşı müharibəyə girişən Yusif döyüşdə həlak oldu. Yusifin ölümündən sonra Sacilər dövlətində hakimiyyət əldən-ələ keçdi. Daxili sabitlik pozuldu. Müxtəlif sülalələr arasında hakimiyyət mübarizəsi başladı. Bu mübarizədə Sacilərdən olmayan Deysəm adlı sərkərdə qalib gəldi. Sacilərin nökəri olmuş bu şəxs, Sacilər dövlətinin süqutuna qədər, yəni 941-ci ilədək dövlətə başçılıq etdi.
Dostları ilə paylaş: |