Rəvvadilər dövlətinin tarixi-coğrafiyası. Rəvvadilər sülaləsinin əsasını qoyan ər-Rəvvad əl-Əzdi mənşəcə ərəb olmuşdur və onun nəsilləri Xilafət dövründə, VIII əsrdən başlayaraq Cənubi Azərbaycanın Marağa, Təbriz, Əhər və Qaradağ əyalətlərində hakimlik etmişlər. Azərbaycan Sacilər və Salarilər dövlətlərinin fəaliyyəti illərində siyasi mübarizədən kənarlaşmamış, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrdən biri kimi çox fəal olmuşlar.
Nəhayət, 981-ci ildə Salarilərin hakimiyyətinin zəifləməsindən istifadə edərək Təbriz, Marağa və Əhər hakimi Əbülhica axırıncı Salari hökmdarı İbrahimi taxtdan saldı və Əhərdə Rəvvadilər dövlətini elan etdi.
Bu dövlətin əraziləri indiki Cənubi Azərbaycan ərazisi ilə üst-üstə düşürdü. Yəni, o şimalda Araz çayından cənubda Həmədana, şərqdə Xəzər dənizindən, Qəzvindən qərbdə Kərkük – Maku xəttinə qədər uzanırdı. Bəzi dövrlərdə indiki Ermənistan yerləşən ərazilər də Rəvvadilərin nüfuz dairəsində olmuşdur. Dövlətin paytaxtı Ərdəbildən Təbrizə köçürüldü. Buna səbəb Təbrizin iqtisadi, siyasi və mədəni cəhətdən inkişaf etməsi olmuşdur.
Rəvvadilər sülaləsinin fəaliyyəti iki mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə - 981-1059-cu illərdə Rəvvadilər dövləti fəaliyyət göstərmiş, bu dövlət 1059-cu ildə Alp Arslan tərəfindən tutulduqdan sonra müstəqilliyini itirmişdir.
İkinci mərhələdə Rəvvadilərin davamçıları 1107-ci ildə Səlcuq imperiyasının zəifləməsindən istifadə edərək mərkəzi Marağa olmaqla Ağsungurilər dövlətini yaratdılar və bu dövlət 1117-ci ilə qədər mövcud olmuşdur.
Rəvadilər dövləti yarandıqdan sonra Əbülhica dövlətin ərazilərini genişləndirmək məqsədi ilə hərbi yürüşlərə başladı. Muğan, Urmiya, Xoy feodallarının müqaviməti qırıldı, bu ərazilər Rəvvadilərə tabe etdirildi. 998-ci ildə bir sıra erməni hakimləri də Rəvvadilərdən asılılğı qəbul etdilər. Ancaq Qars, Ani və İberiya hakimlərinin birləşmiş qüvvələrini məğlub etmək Əbülhicayə nəsib olmadı. Əbülhicadan sonra hakimiyyətə Əbu Mənsur Vəhsudan (1020-1059) gəldi. Vəhsudanın dövründə qərbdə Bizans, şimalda isə Şəddadilər dövləti Rəvvadilərə qarşı düşmənçilik siyasəti yeridirdilər. Vəhsudan Bizans erməni- gürcü qüvvələrinə qarşı mübarizədə səlcuq türklərinin hərbi qüvvələrindən istifadə etməyi qərara aldı. Bu məqsədlə 1021-ci ildə 20 minə yaxın oğuz türkü Azərbaycanın cənubunda məskunlaşdırıldı.
Oğuzların növbəti məskunlaşdırılması 1028-ci ildə baş verdi ki, Xorasanda Mahmud Qəznəvi səlcuqlara ağır zərbə endirdikdən sonra 2000 oğuz-səlcuq ailəsi Cənubi Azərbaycana köçdü. 1038-ci ildə Rey şəhərindən gələn oğuzlar Marağada məskunlaşıb şəhərin əsas əhalisinə çevrildilər.
Kütləvi şəkildə Azərbaycana köçən səlcuq türkləri yerli türk əhalisi ilə birlikdə güclü siyasi amilə çevrildi. Vəhsudan oğuzların fəallaşmasında öz hakimiyyətinə təhlükə görürdü və 1040-cı ildə o, tanınmış oğuz əyanlarını Təbrizə, ziyafətə dəvət edərək orada öldürtdürdü. Mərkəzi hakimiyyəti xeyli gücləndirən Vəhsudan Şəddadilərlə və bizans-erməni-gürcü qüvvələri ilə mübarizəni davam etdirirdi. Lakin, 1042-ci ilin oktyabrında Təbrizdə baş verən dəhşətli zəlzələ dövlətə ağır zərbə vurdu. 40 min adam tələf oldu, ölkənin iqtisadi, siyasi, mədəni mərkəzi Təbriz yerlə yeksan oldu. Şəhər bərpa edilməmiş Sultan Toğrulun başçılığı ilə səlcuq qoşunları Təbrizə hücum etdilər. 1054-cü ildə Vəhsudan səlcuqlardan vassallığı qəbul etməyə məcbur oldu. 1059-cu ildə isə, Rəvvadilər dövləti ləğv edildi, onun əraziləri Səlcuq dövlətinə qatıldı, ərazisi səlcuq əmiri tərəfindən idarə olunmağa başladı. Bəzi mənbələrdə bu hadisənin 1065-ci ildə baş verdiyi göstərilir. Bir əsrə yaxın mövcud olmuş və Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatında mühüm rol oynamış Rəvvadilər dövləti süquta uğradı.
Beləliklə, X əsrin sonuna Azərbaycan ərazisində 3 feodal dövləti - Şirvanşah Məzyədilər, Şəddadilər və Rəvvadilər dövlətləri fəaliyyət göstərirdi. Coğrafi baxımdan bu 3 dövlət tarixi Azərbaycan torpaqlarında, yəni Dərbənddən Həmədana qədər, Xəzərdən Dvinə (Dəbilə) və Ani şəhərlərinə qədərki ərazilərdə mövcud olmuşlar və Azərbaycanın coğrafi vahidliyinə xələl gəlməmişdir.
Dostları ilə paylaş: |