Avropa dövlətləri ilə əlaqələr. Şah I İsmayıl hələ hakimiyyətə gəlməmişdən əvvəl Avropa diplomatları ilə əlaqələr yaratmışdı. O, babası Uzun Həsən kimi, Avropa dövlətləri ilə ticarət əlaqəsinə girmək və Aralıq dənizinə çıxmağa can atırdı. 1507-1508- ci illərdə Roma papası və Venetsiya ilə yanaşı, Neapol kralı, Kipr və Rodosla əlaqələr yaratdı. 1510-cu ildə səfiri Əli bəyi danışıqlar üçün İtaliyaya göndərdi. Şah I İsmayıl Aralıq dənizi vasitəsilə İtaliyadan silah və topçu mütəxəssislər ala bilmədi və bu məsələ ilə bağlı potruqallarla sövdələşməyə girdi.Bu səbəbdəndir ki, portuqalların Fars körfəzində möhkəmlənməsinə mane olmadı. Ümumən, Avropa dövlətləri ilə Səfəvilər dövlətinin Osmanlılara qarşı ittifaqı baş tutmadı. Qərb dövlətləri, ənənəvi olaraq, Səfəvi və Osmanlı dövlətlərini bir-biri ilə toqquşdurmaq siyasəti yeridirdilər.
1512-ci ildə Sultan Səlim atasını taxtan salaraq hakimiyyətə gəldikdən sonra Səfəvi - Osmanlı münasibətləri daha da gərginləşdi. 1512-ci ildə qızılbaş qoşunları Qarahisar və Malatyanı tutdu. Məhəmməd Ustaclı Diyarbəkiri də tutaraq, Şah I İsmayılın göstərişi ilə Sultan Səlimə təhqiredici məzmunda məktub göndərdi.
I Səlim hakimiyyətini möhkəmləndirmək üçün bir sıra tədbirlər gördü. Hakimiyyətini tanımaq üçün bütün dövlətlərin səfirlərini Ədirnəyə dəvət etdi. Səfəvi elçisinin burada olmaması onu hiddətləndirdi. I Səlim Səfəvilərə qarşı müharibəyə başlamazdan öncə Avropada apardığı müharibələri dayandırdı. Böyük Moskva knyazlığı, Macarıstan, Venetsiya, Moldova və Valaxiya ilə sülh bağladı. Yardım üçün özbək xanı Ubeydulla xanla razılığa gəldi. Kiçik Asiya şiələrinə kütləvi şəkildə divan tutdu. Sultan I Səlim 1514-cü ildə Ədirnədə sünnü ülamələrinin iştirakı ilə fövqəladə divan çağırdı və onların adından qızılbaşlara qarşı dini müharibə elan etdi.
Dostları ilə paylaş: |