11.2. Azərbaycan Səfəvi dövləti Şah I Təhmasibin dövründə
Şirvanın Səfəvi dövlətinə birləşdirilməsi. Şah I İsmayıl Şirvanşahları məğlub etsə də, yerli sülalənin hakimiyyətini saxlamışdı. Şirvanşahlar Səfəvilərə tabe olmaqdan tez-tez boyun qaçırırdılar. Şirvanşah II İbrahim (Şeyxşah) (1501-1524) Buğurd qalasına çəkilərək müqavimət göstərirdi. Lakin 1517-ci ildə müqaviməti dayandırdı, oğlu Sultan Xəlili çoxlu hədiyyələrlə Səfəvi sarayına göndərdi. Sultan Xəlil Şah I İsmayılın qızı ilə evləndi. II İbrahim isə qızını Şah I İsmayıla verdi. Şirvanşah II İbrahimin ölümündən sonra oğlu Sultan Xəlil II Xəlilullah adı ilə hakimiyyətə gəldi (1524-1535). II Xəlilullahın ölümündən sonra Şirvanda hakimiyyətə Şahruh (1535-1538) keçdi. Şahın gənc olmasından istifadə edən əyanlar özbaşınalığa başladılar və bu şaha qarşı xalqın narazılığını artırdı. 1537-ci ildə özünü Şirvanşahın qardaşı adlandıran Kələntər Məhəmməd Amin hakimiyyəti ələ keçirmək üçün xalqı üsyana çağırdı. Lakin Salyan yaxınlığında üsyançılar məğlub edildi və üsyanın rəhbəri öldürüldü.
Bu qarışıqlıqdan istifadə edən Şah I Təhmasib (1524-1576) 1538-ci ilin yazında qardaşı Əlqas Mirzənin başçılığı ilə Şirvana 20 minlik qoşun göndərdi. Dörd ay mühasirədən sonra Buğurd qalası təslim oldu. Şahruh əsir alındı, Təbrizə aparıldı və orada gizli şəkildə öldürüldü. Beləliklə, 1538-ci ildə Səfəvilərin Şirvana yürüşü Şirvanın qəti şəkildə Səfəvilər dövlətinə birləşdirilməsi ilə nəticələndi. 861-ci ildə yaradılan Azərbaycanın ən uzunömürlü feodal dövləti olan Şirvanşahlar dövləti ləğv edildi. Şirvan bəylərbəyliyə çevrildi, onun ilk bəylərbəyi Əlqas Mirzə oldu.
Şirvan əyanlarının mərkəzdən uzaqlaşma meyllərindən istifadə edən Əlqas Mirzə özünü müstəqil hakim kimi aparmağa cəhd edirdi və 1547-ci ildə Səfəvilərin hakimiyətinə qarşı üsyan qaldırdı. Əlqas Mirzəyə Şəki hakimliyi və Osmanlı dövləti dəstək olurdular. 1549-cu ildə Əlişaban döyüşündə qiyam yatırıldı, Əlqas Mirzə Osmanlı dövlətinə qaçdı.Şirvan ikinci dəfə Şah I Təhmasibin hücumuna məruz qaldı.
Dostları ilə paylaş: |