11.3. I Təhmasibin ölümündən sonra Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (1578-1590-cı illər).
XVI əsrin ikinci yarısında Səfəvi dövlətinin daxili vəziyyəti.1576-cı ilin mayında I Təhmasibin ölümündən sonra onun oğlanları – Məhəmməd, İsmayıl və Heydər arasında taxt-tac uğrunda mübarizə başladı. Bu mübarizədə İsmayıl Mirzə Heydəri öldürdü və II İsmayıl adı ilə (1576-1577) taxta çıxdı.I Təhmasibin qızı Pərixan xanım 1577-ci ilin noyabrında II İsmayılı öldürtdürdü. Qəzvində Pərixan xanım özünü dövlət başçısı elan etdi, eyni zamanda Şirazda I Təhmasibin oğlu Məhəmməd Mirzə şahlığa iddiasını irəli sürdü və ölkədə ikihakimiyyətlilik yarandı. 1578-ci ilin fevralın 13-də hakimiyyətə gələn Məhəmməd Mirzə Xudabəndə (1578-1587) öz düşmənlərini saraydan uzaqlaşdırdı və bacısı Pərixanımı edam etdirdi.
Lakin Məhəmməd Xudabəndə iradəcə zəif idi və gözləri də pis görürdü. Ona görə də dövlət işlərini arvadı Məhdi Ulya ələ aldı və Ali divanın vəkili vəzifəsinə qədər yüksəldi. Məhəmməd Xudabəndə yaxın adamlarına çoxlu hədiyyələr verdi. Qızılbaş əmirləri şaha təsir etmək imkanlarına malik idilər. Qızılbaş əyanlarının özbaşınalığı, onlar arasında çəkişmələr, mərkəzi hakimiyyətə tabe olmamaları Səfəvi dövlətini zəiflədir, onun müdafiə qabilliyyətini sarsıdırdı.
Ölkədə yaranmış vəziyyətdən istifadə edən Van paşası Xosrov 1577-ci ildə Xoy və Səlmasda yaşayan kürd qəbilələrinin qiyamını təşkil etdi. Kürdlər Urmiyanı ələ keçirdilər.
Dostları ilə paylaş: |