Əfşarlar imperiyasının meydana gəlməsi. Səfəvi dövlətinin ərzaisinin bir hissəsini Osmanlılar, bir hissəsini əfqanlar, bir hissəsini Rusiya tutmuş və onun varlığı təhlükə altında qalmışdı. Səfəvi dövlətinin taleyini düşünməyə başlayan Şah II Təhmasib və iri feodallar türk Əfşar tayfasından çıxmış, dövrünün görkəmli sərkərdəsi Nadir xanın ətrafında birləşdilər. Ölkəni yadellilərdən xilas etmək uğrunda mübarizəyə başlayan Nadir xan 1728-1730- cu illərdə əfqan feodallarını ölkədən qovdu və Heratı ələ keçirdi. Nadir xan 1730-cu ildə İsfahana gəldi və Həmədan, Marağa, Ərdəbil, Təbriz osmanlılardan geri alındı. Osmanlı dövlətində baş vermiş dövlət çevrilişindən istifadə edən Nadir xan hərbi əməliyyatı genişləndirdi, İrəvan üzərində hücuma hazırlaşdı. Lakin Xorasanda baş verən üsyan Nadiri ora getməyə məcbur etdi. II Təhmasib şöhrətini atırmaq üçün 1731-ci ildə hərbi əməliyyatları davam etdirdi və məğlubiyyətə uğradı. Osmanlılar Ərdəbili, Təbrizi tutdular, II Təhmasib sülh bağlamağa razı oldu. 1732-ci ilin yanvarın 16-da Girmanşahda sülh bağlandı. Sülhün şərtlərinə görə İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgələri Osmanlılara verildi. Həmədan, Girmanşah. Ərdəbil və Təbriz Səfəvilərə qaytarıldı, Araz çayı onlar arasında sərhəd oldu.