Kənd təsərüfatı. XIX əsrin 30-40-ci illərində, əvvəllər olduğu kimi, Azərbaycanın kənd təsərüfatında əsas yeri əkinçilik və maldarlıq tuturdu. Azərbaycanın təsərrüfat həyatında baş verən canlanma kənd təsərrüfatında özünü daha tez büruzə verdi. Azərbaycanda dənli bitkilərdən buğda, arpa və çəltik daha çox əkilirdi. Rusiya bazarlarında çəltiyə olan tələbatın artması ilə ona xüsusi diqqət yetirilirdi. Çəltik, əsasən, Lənkəran bölgəsində yetişdirilirdi.
Azərbaycanda üzümçülük, bağçılıq və bostançılıq da inkişaf edirdi. Üzüm daha çox Bakı, Yelizavetpol, Şəki və Şirvanda yetişdirilirdi. Üzümdən şərab çəkilməsinə başlanılmışdı. Azərbaycanda istehsal olunan qoz-fındığın bir hissəsi Rusiya bazarlarına çıxarılırdı. XIX əsrin 40-50-ci illərində Şimali Azərbaycana köçürülən rus kəndliləri kartof becərilməsinin əsasını qoydular.
İpəkçilik kənd təsərüfatının inkişaf etmiş sahələrindən biri olub Şəki, Şirvan və Qarabağda daha geniş yayılmışdı. XIX əsrin 30-50-ci illərində Cənubi Qafqazda istehsal edilən ipəyin 85 faizi Şimali Azərbaycanın payına düşürdü. Rusiyanın ipək toxuculuğu sənayesi, əsasən, Şimali Azərbaycandan gətirilən xammal ilə işləyirdi. Baramaçılığın inkişafında 1836-cı ildə təsis edilmiş “Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyət “ və Şəkidə 1843-cü ildə yaradılmış “ Təcrübə ipəkçilik məktəbi “ mühüm rol oynayırdılar.
Rusiya toxuculuq sənayesini boya maddəsi ilə təmin etməkdə Azərbaycanda istehsal edilən boya bitkisi-marenanın mühüm rolu var idı. Bu bitki, əsasən, Quba və Dərbənd qəzalarında becərilirdi. Bakı əyalətində zəfəran becərilməsinə diqqət yetirilirdi. Pambığın Azərbaycanda becərilməsinə qədimdən başlanılsa da, onun inkişafı ləng gedirdi. Azərbaycanda tütün becərilməsinə və yonca səpininə də başlanılmışdı.
Kənd təsərrüfatının mühüm sahələrindən biri olan maldarlıq da inkişaf etmiş, mal-qaranın sayı xeyli artmışdı. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biri balıqçılıq idi. 1829-cu ildə balıq vətəgələrinin xəzinənin ixtiyarına keçməsindən sonra burada xüsusi kapitalın mövqeyi gücləndi. Salyan balıq vətəgələri əsasında “Salyan xəzinə qəyyumluğu“ yaradıldı və vətəgələr dövlətin ixtiyarına keçdi. Lakin bu balıqçılıq sahəsində elə bir irəliləyişə səbəb olmadı. “Salyan xəzinə qəyyumluğu“ 1845-ci ildə ləğv edildi və balıqçılıqda yenidən iltizam sistemi tətbiq olundu.
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra onun ictimai münasibətlər sistemində elə bir dəyişiklik baş vermədi. Azərbaycanda feodal torpaq sahibliyinin iki forması- xəzinə və xüsusi sahibkarlıq formaları mövcud idi. Torpağın bir hissəsi mülk, tiyul, mülk-xalisə və vəqf mülkiyyəti kimi yerli feodalların əlində qalırdı.
Feodal - asılı kəndlilər iki qrupa bölünürdü : dövlət (xəzinə) və sahibkar kəndliləri. Azərbaycanda, Qarabağ müstəsna olmaqla, digər əyalətlərdə dövlət kəndliləri üstünlük təşkil edirdi. Azərbaycanda kəndlilərin təqribən 80% dövlət kəndlisi kateqoriyasına aid idi. Dövlət kəndliləri ağır şərtlərlə xəzinə torpaqlarını icarəyə götürür, xəzinəyə vergini məhsul və pulla ödəyirdilər. Sahibkar kəndliləri bütün kəndlilərin təqribən 20% -ni təşkil edirdilər və onların vəziyyəti daha ağır idi. Belə ki, onlar həm sahibkara, həm də dövlət xəzinəsinə vergi verməli idilər. 35 növ vergi içərisində malcəhət, salyana, darğalıq, at arpası kimi vergilər də var idi. Ən ağır mükəlləfiyyət işləyib ödəmə (biyar) idi. Bütün kəndlilər sudan istifadə üçün bəhər vergisi verirdilər.
Dostları ilə paylaş: |