İctimai-siyasi quruluş. XIX əsrin birinci yarısında Cənubi Azərbaycanın feodal münasibətlərində elə bir dəyişiklik baş verməmişdi. Torpaq üzərində əvvəlki mülkiyyət formaları qalmaqda idi. Torpaq və kəndlilərin çoxu dövlətin ixtiyarında idi. Torpağın çox hissəsi dövlət və şahın sərəncamında olan xalisə torpaqları idi. Ayrı-ayrı şəxslərə xidməti müqabilində verilən torpaqlar tiyul adlanırdı. Xidməti müqabilində ayrı-ayrı qəbilə və tayfalara verilən torpaqlar elati adlanırdı. Mülk və vəqf torpaqları da var idi. Kəndlilərin cüzi miqdarda torpaq sahələri “xırdamalik” adlanırdı və Urmiya əyalətində geniş yayılmışdı. Kəndlilərin əksəriyyəti torpaqsız idi, onlar ağır şərtlərlə feodalların torpaqlarını becərir, onalara məhsul rentası, dövlətə isə vergi verirdilər. Renta çox vaxt məhsulun yarısını təşkil edirdi.
Şəhər əhalisinin əksəriyyətini sənətkarlar təşkil edirdi. Şəhərin imtiyazlı təbəqəsi müxtəlif vəzifə və ali mənsəblərə məxsus olan əyan və əşrəflər idilər. Tacir ittifaqlarının başında məliküttüccar dururdu.
Gülüstan müqaviləsindən sonra İran hökuməti Cənubi Azərbaycanda Maku, Urmiya və s. xanlıqların daxili müstəqilliyinə toxunmadı. Onlardan vergi və silahlı qüvvə tələb edilirdi. İran qoşununun əsasını Cənubi Azərbaycan əhalisi təşkil edirdi. Digər xanlıqlar ləğv edilmiş, həmin əyalətlərin idarə edilməsi şah tərəfindən təyin edilmiş şəxslərə tapşırılmışdı.
Fətəli şahdan başlayaraq, Qacarların daxili və xarici siyasətində Cənubi Azərbaycan mühüm yer tuturdu. Cənubi Azərbaycan İranın 4 əyalətindən biri idi və vəliəhdneşin (vəliəhdin oturduğu yer) hesab olunurdu və onun iqamətgahı Təbriz idi. Maku, Urmiya, Nəmin (Ərdəbildən şimalda yerləşirdi), Çərgər (Mərənddən şimalda yerləşirdi) xanlıqları öz daxili idarəetmə sistemini saxlaya bilmişdi və dövlətin ordusunu atlı və piyada hissələrlə təmin edirdilər. Təbriz – ikinci paytaxt idi və burada diplomatik nümayəndəliklər yerləşirdi.
Dostları ilə paylaş: |