15.6.XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyət
Maarif. XIX əsrin birinci yarısında Rusiya maarifin inkişafına görə Avropa ölkələrindən geri qalırdı. Rusiyanın tərkibində olan Şimali Azərbaycanda maarif sahəsində vəziyyət daha pis idi. Rusiya hökuməti Azərbaycanda dövlət məktəbləri yaratmaq qərarına gəldi. Burada məqsəd dövlət idarələrində işləmək üçün yerlilərdən çarizmə sadiq məmurlar hazırlamaq idi. Rusiya imperiyasında təhsil silki xarakter daşıyırdı və aşağıdakı pillələrdən ibarət idi:
I pillə - birillik kənd məktəbi; II pillə - qəza məktəbləri; III pillə - gimnaziya; IV pillə - universitet və Ali texniki məktəblər.
1829-cu ildə “Cənubi Qafqaz məktəbləri haqqında Nizamnamə” qəbul edildi; “Nizamnamə”yə görə Şimali Azərbaycanda qəza məktəblərinin (“rus məktəblərinin”) açılması nəzərdə tutulurdu. 1830-cu illərdə Şuşada, Nuxada, Bakıda, Yelizavetpolda (Gəncədə), Naxçıvanda və Şamaxıda qəza məktəbləri açıldı. 1849-cu ildə Qafqaz Təhsil dairəsi yaradıldı və 1853-cü ildə yeni məktəb nizamnaməsi qəbul edildi. Bu nizamnaməyə görə Quba və Ordubadda (1854), Lənkəranda (1856) birsinifli ibtidai məktəblər açıldı. 1854-cü ildə Şamaxıda ali dördsinifli məktəb açıldı və 1859-cu ildə - zəlzələdən sonra bu məktəb Bakıya köçürüldü.
Açılan dövlət məktəbləri xalq arasında “rus məktəbləri” kimi tanınırdı. 1832-ci ildə A.Bakıxanov “Dünyəvi müsəlman məktəbləri” haqqında layihə yazdı və Qafqazın baş hakimi baron Rozenə təqdim etdi. Lakin, həmin layihə həyata keçirilmədi.
Sədaqətli ruhanilər hazırlamaq üçün “müsəlman məktəbləri” açılmışdı.Tiflisdə açılan bu məktəblər sünnü və şiə məzhəbləri üçün ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Çarizmin məqsədi müsəlmanlar arasında dini təfriqəni daha da dərinləşdirmək idi. XIX əsrin birinci yarısında Şimali Azərbaycanda, həmçinin mollaxanalar (ibtidai məktəblər), mədrəsələr və xüsusi fərdi məktəblər də fəaliyyət göstərirdi.1801-ci ildə Şuşada İbrahim xanın məscidi yanında yaradılmış məktəb əsrin ikinci yarısında da öz fəalyyətini davam etdirmişdi.
Azərbaycan dilinin tədrisi Azərbaycan dilinə aid dərsliklər yaradılmasını tələb edirdi. 1839-cu ildə Mirzə Kazım bəy “Türk - tatar dilinin qrammatikası” adlı dərslik yazdı. Bu dərslik Demidov mükafatına layiq görülmüşdür.Bundan savayı, A.Z.Budaqov “Türk - tatar dilinin əlifbası” (1844), M.Ş.Vazeh və İ.Qriboyedov “Kitabi – türkü” (1850) adlı dərsliklər hazırladılar.
Elm. XIX əsrin birinci yarısında Azərbaycanın sosial-iqtisadi və mədəni geriliyi elmin də inkişafına mənfi təsir göstərdi.
Azərbaycanda tarix elminin inkişafında A.Bakıxanovun fars dilində yazdığı “Gülüstani-İrəm”əsəri (1841) xüsusi rol oynamışdı. Yazılmasında müxtəlif qaynaqlardan istifadə olunan “Gülüstani-İrəm” Azərbaycan tarixi haqqında ilk tam əhatəli kitab kimi qədim zamanlardan 1813-cü ilə qədərki dövrü əhatə edirdi.Kitab ilk dəfə 1923-cü ildə Bakıda “Azərbaycan tarixi” adı ilə Azərbaycan dilində, 1926-cı ildə isə rus dilində nəşr edilmişdir.
Tarix elminin inkişafında, həmçinin Azərbaycan dilində yazılmış Kərim ağa Şəkixanovun “Şəki xanlarının müxtəsər tarixi” (1829), Mirzə Adıgözəlbəyin “Qarabağnamə” (1845), Hacı Seyid Əbdülhəmidin “Şəki xanları və onların nəsilləri”, farsca yazılan Mirzə Camal Cavanşirin “Qarabağ tarixi”(1847) və İsgəndər bəy Hacinskinin rus dilində qələmə aldığı “Qubalı Fətəli xanın həyatı” əsərlərinin böyük əhəmiyyəti olmuşdur.
Azərbaycanın zəngin fəlsəfi fikir tarixi bu dövrdə A.A.Bakıxanov və M.Ş. Vazeh tərəfindən davam etdirilirdi. Bakıxanovun başlıca fəlsəfi əsəri “Təhzib-ül-əxlaq” əsəridir. Müəllif burada elmin insanların təcrübi fəaliyyətinə münasibəti problemlərinə geniş yer ayırır, elm və təcrübənin vəhdətini sübut edir. M.Ş.Vazehin poeziyasında dərin fəlsəfi fikirlər vardır.
XIX əsrdə Rusiyada şərqşunaslığının əsasının qoyulmasında Mirzə Cəfər Topçubaşov və Mirzə Kazımbəyin xüsusi xidmətləri olmuşdur. Mirzə Cəfər Topçubaşov (1784-1869) 1835-ci ildən Peterburq universitetində İran ədəbiyyatı kafedrasının müdiri və professoru olmuş və Asiya departamenti nəzdində Şərq dilləri institutunda çalışmış, Böyük Britaniya Kral cəmiyyətinin həqiqi üzvü, Rusiya Arxeologiya cəmiyyətinin “Şərq sikkəşünaslığı” şöbəsinin rəhbəri olmuşdur. Şərq dilləri və tarixi üzrə bir sıra əsərlərin müəllifidir.
1846-cı ildə şərqşünas Bodenştedt M.Ş.Vazehin şeirlərini Almaniyaya aparmış və 1851-ci ildə “Mirzə Şəfinin şərqiləri” adı altında, 1873-cü ildə isə öz adı altında nəşr etdirmişdir.
Coğrafiya elmi üzrə A.A.Bakıxanov “Ümumi coğrafiya” və “Kəşf- ül Qəraib” (Kolumbun kəşfinə dair) əsərlərini yazmışdır. Hacı Zeynalabdin Şirvani Şərq ölkələrinə 37 illik səyahətin nəticəsi kimi fars dilində “Cənnət bağı səyahətləri” (1821-1822) və “Səyahət bağı” (1832) adlı iki əsər yaratmışdır.
Dostları ilə paylaş: |