İkinci istiqamət - qonşu dövlətlərlə mehriban münasibətlər yaratmaq AXC-nin xarici siyasətinin ən ümdə vəzifələrindən biri idi. 1918-ci il 04 iyunda AXC və Osmanlı dövlətləri arasında sülh və dostluq haqqında müqavilə imzalandı. Osmanlı dövləti də Azərbaycanın mustəqilliyinin tanınması üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma endi. Turkiyə Antanta ölkələrindən asılı vəziyyətə düşdü. Antanta ölkələri Osmanlının Azərbaycana diplomatik nümayəndə təyin etməsini pantürkizm kimi qiymətləndirərək, Osmanlı hökumətinə bunu qadağan etdilər.
1918-ci ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis və Sığınax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə eden ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.
Dostları ilə paylaş: |