AXC-Ermənistan münasibətləri. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər çox cətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.Ermənistan (Ararat) respublikası AXC-yə qarşı ərazi iddiaları ilə çıxış edirdi və AXC ilə dostluq münasibətləri qurmaq istəmirdi. Azərbaycan Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.
Ermənistan Azerbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda öz işini dayandırdı.
Dostları ilə paylaş: |