İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Cənubi Azərbaycanda milli demo­kratik hərəkat (1941-1946-cı illər)



Yüklə 0,94 Mb.
səhifə332/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   328   329   330   331   332   333   334   335   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

20.5. Cənubi Azərbaycanda milli demo­kratik hərəkat (1941-1946-cı illər).
İkinci Dünya müharibəsi illərin­də Cənubi Azərbaycana qoşun yeridilməsi və milli-demo­kratik hərəkatın başlanması. 1930-cu illərdə İran şahı Rza Pəhləvi nasistpərəst siyasət yeridirdi, İran Almaniya kəşfiyyatının ən fəal hərəkət meydanına çevrilmişdi. SSRİ rəhbərliyi İranın faşistpərəst mövqeyindən çox narahat idi və İran tərəfdən alman qoşunlarının mümkün müdaxilə­sindən sığortalanmaq üçün İran ərazi­lərinə Sovet ordu hissələrini yeritməyi planlaş­dırırdı.

22 iyun 1941-ci il tarixdə Almaniya SSRİ-yə hücum etdi və bun­dan bir qədər sonra – 25 avqust 1941-ci il tarixdə SSRİ İrana qoşun yeritdi. Qoşunların yeridilməsi üçün əsas kimi 1921-ci il ilin Sovet – İran müqaviləsinin 6-cı maddəsi götürüldü. Bu maddədə göstərilirdi ki, əgər İran tərəfindən SSRİ-nin maraqları üçün təhlükə yaranarsa , SSRİ İran ərazisinə qoşun yeritmək hüququ saxlayır.

09 sentyabr 1941-ci il tarixdə Böyük Britaniya qoşunları da İrana daxil oldu. SSRİ qoşunları İranın şimali-qərbini ( Cənubi Azərbay­canı), Böyük Britaniya qoşunları isə İranın cənubi-şərqini nəzarətə götürdülər. Rza şah Pəhləvi devrildi, həbs olundu və Cənubi Afrikaya sürgün edildi. Onun əvəzinə hakimiyyətə oğlu, 21 yaşlı Məhəmməd gətirildi və o, tarixə Məhəmməd Rza şah Pəhləvi kimi düşdü. İran şahı­nın nəzarətində yalnız İranın mərkəzi əraziləri qalmışdı.

1942-ci ilin yanvarında SSRİ, Böyük Britaniya, ABŞ və İran müqa­vilə bağladılar. Müqaviləyə əsasən faşist Almaniyası darmadağın edildikdən sonra bütün xarici silahlı qüvvələr İran ərazisindən çıxarıl­malı idi. 1942-ci ilin dekabrında ABŞ qoşunları da İrana daxil oldu. ABŞ qoşunları İran körfəzindən Xəzər dənizinə qədər nəqliyyat yollarının nəzarətini həyata keçirirdilər. Bu yolla müttə­fiqlər SSRİ-yə ərzaq, silah-sursat, texnika gətirirdilər.

Müttəfiq qoşunların İrana daxil olması, Rza şahın devrilməsi, hərbi-polis rejiminin iflasa uğraması ölkədə demokratik hərəkatın canlanmasına şərait yaratdı. İranın böyük şəhərlərində mitinqlər və nüma­yişlər başladı. Demokratik hərəkatın əsas tələbləri dövlət quru­luşunu demokratikləşdirmək, mülkədar-feodal sinfinin hüquqlarını məhdudlaşdırmaq, xalq kütlələrinin sosial vəziyyətini yüngülləşdirmək, əhalinin hüquqlarını qorumaq, ölkənin suverenliyini qorumaq və s. idi. Qısa bir zamanda siyasi məhbuslar həbsxanalardan buraxıldılar, sürgün­dən qaytarıldılar. İranın qabaqcıl ziyalıları birləşərək 1941-ci il 29 sentyabr tarixdə Tehranda İran Xalq Partiyasını (İPX) yaratdılar və bu partiya demokratik hərəkata rəhbərliyi ələ aldı.

Bütün dövrlərdə olduğu kimi, bu dəfə də İran demokratik hərəkatının aparıcı his­səsi Cənubi Azərbaycan idi. Cənubi Azərbaycanda hərəkat təkcə demokratik deyil, eyni zamanda milli-azadlıq məzmunu daşıyırdı.

1941-1946-cı illərdə baş verən Cənubi Azərbaycan demokratik və milli-azadlıq hərəkatı 3 mərhələyə bölünür: birinci mərhələ 1941-ci ilin payızından 1945-ci ilin yayınadək, ikinci mərhələ 1945-ci ilin yayından 1945-ci ilin dekabrın 12-dək və üçüncü mərhələ 1945-ci ilin 12 dekabrdan 1946-cı ilin 12 dekabrınadək davam etmişdir.

Hərəkatın birinci mərhələsində Cənubi Azərbaycanda onlarla ictimai-siyasi, mədəni-maarif klubları, birlik və cəmiyyətlər, yeni həmkarlar təşkilatları, antifaşist cəmiyyət və birliklər yaradıldı. Onlar­dan ən öndə olanları “Azərbaycan cəmiyyəti”, “ Demo­kratiya tərəfdarları mərkəzi” , “ Azərbaycan zəhmətkeşlər təşkilatı” idi. 1941-1945 ci illərdə Şimali Azərbaycandan yüzlərlə elm, mədəniyyət xadimləri, alimlər, şairlər, yazı­çılar, aktyor truppaları, müğənnilər, aşıqlar və s. Cənubi Azərbaycana göndərildilər. Onlar Cənubi Azərbaycanda Azərbaycan milli mədəniyyətinin dirçəlməsində, Milli şüurun oyanışında böyük rol oynadılar. Bu dövrdə Cənubi Azərbay­canda Azərbaycan türk di­lin­də onlarla qəzet və jurnallar çap olunmağa başladı. İrana yeridilən Sovet qoşun hissələrinin əsgər və zabitlərinin əhəmiyyətli hissəsini azərbaycanlılar təşkil edirdi və onlar üçün Təbrizdə “Vətən yolunda” adlı çap olunan qəzet təkcə Şimali Azərbay­candan gəlmiş hərbçilərin deyil, yerli Cənubi Azərbaycan türklərinin milli yaddaşının, milli özü­nü­dərkin güclənməsində mühüm rol oynamışdı.

Ümumən, birinci mərhələdə Cənubi Azərbaycan türklərinin milli şüuru misilsiz dərəcədə inkişaf etdi, xalq azad şəkildə öz ana dilində-Azərbaycan türkcəsində danış­mağa, yazıb oxumağa başladı. Ana dilində klublar, mədəniyət evləri, məktəblər, dərnəklər fəaliyyətə başladı, kitablar, qəzetlər və jurnallar nəşr olundu.

1945-ci ilin mayın 9-da SSRİ faşist Almaniyası üzərində qələbə çaldı, faşist təhlükəsi aradan qaldırıldı. Belə olan halda 1942-ci il yanvar müqaviləsinə görə xarici qoşunlar , o cümlədən Sovet qoşunları İranı tərk etməli idi. Bunu Sovet rəhbərliyi də başa düşürdü.

Beynəlxalq aləmdə baş verən bu dəyişiklik SSRİ-nin, Böyük Britaniyanın, ABŞ-ın İranda siyasətinə təsir etdi. Böyük Britaniya, ABŞ, SSRİ-nin İranda müharibədən sonra da qalacağından narahat olduqlarından xarici qoşunların İrandan çıxarılması məsələsini gündəmə gətirir, İran şah rejimi ilə əmakdaşlıq qurur, ona maddi yardım göstərirdilər. 1945-ci ilin yayından başlayaraq, Cənubi Azərbaycanda şah rejiminin tərəfdarları – iri torpaq sahibləri, ticarət burjuaziyası, bürokratik məmurlar hər vasitə ilə demokratik və milli-azadlıq hərəkatına qarşı hücuma keçdilər. Onlar bilərəkdən Cənubi Azərbay­canda etnik toqquşmalar yaradır, silahlı dəstələrlə kəndlərə, şəhərlərə basqınlar edir, terror akt­ları törədir, ölkəni vətəndaş müharibəsinə sürükləmək istəyirdilər. Cənubi Azərbaycan əhalisi bu cür hərəkətlərin qarşısını almaq üçün öz silahlı qüvvələrini – fədai dəstələrini yaratmağa başladı. 1941-ci ilin iyun-sentyabr ayları ərzində minlərlə Cənubi Azərbaycan gənci fədai dəstələrinə daxil oldu. Bu dəstələr mürtəce qüvvələrə qarşı uğurla mübarizə aparırdılar.

Yaranmış vəziyyət Cənubi Azərbaycan demokratik qüvvələrin təşkilatlanmasını tələb edirdi. 1945-ci ilin sentyabrın 3-də başda Seyid Cəfər Pişəvəri olmaqla bir qrup Cənubi Azərbaycan ziyalısı Azərbay­can Demokrat Firqəsini (ADF) yaratdılar. Partiyanın proqramı qəbul olundu. Programın əsas vəzifəsi - İranın tərkibində Cənubi Azərbaycana inzibati-təsərrüfat və mədəni muxtariyyət verilməsinə nail olmaq göstərilmişdir. Bundan savayı, proqramda dövlət idarələ­rində, məktəblərdə ana dili – Azərbaycan türk dilinin işlədilməsi, Cənubi Azərbaycanda əyalət və şəhər əncümənlərinin (şuralarının) yaradıl­­ması, dövlət və mülkədar torpaqlarının kəndlilərə verilməsi , 8 saaatlıq iş günü, mütərəqqi əmək qanunlarının qəbul edilməsi və s. əks olunmuşdu. 1941-ci ilin sentyabrın 5-də ADF-nin orqanı “Azərbaycan” qəzetinin nəşri başladı və partiyanın programında əks olunan əsas müddəalar müraciət formasında qəzetdə dərc olundu. Cənubi Azərbay­canda möhkəmlənməyi planlaşdıran SSRİ rəhbərliyi Cənubi Azər­baycanda milli-azadlıq hərə­katının genişlənməsində və dərinləş­məsində maraqlı idi və burada baş verənlərlə bağlı mütə­madi olaraq Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov şəxsən SSRİ döv­lət başcısı İ.V.Stalinə məlumat verirdi. Hətta vəziyyəti yerində öyrənmək üçün M.C. Bağırov məxfi olaraq bir-necə dəfə Cənubi Azərbaycana gəlmişdi.

1945-ci il 13 sentyabrda ADF ilk konfrasını keçirdi. Konfransda 11 nəfərdən iba­rət müvəqqəti komitə seçildi. Tezliklə ADF-nin birinci qurultayının çağırılması qərara alındı. Qısa müddətdə xalqın rəğbətini qazanan ADF-nin sıralarına minlərlə kəndlilər, fəhlələr, ziyalılar, tacir­lər və milli düşüncəli mülkədarlar daxil oldular.

1945-ci il oktyabrın 24-də ADF-nin birinci qurultayı baş tutdu. Qurultay ADF-nin yaradılması, onun proqram və nizamnaməsini təsdiqlədi. Qurultayda başda S.C.Pişəvəri olmaqla ADF-nin Mərkəzi Komitəsi seçildi.

Cənubi Azərbaycanda baş verənləri İran hökuməti qısqanclıqla izləyirdi. 1945-ci ilin oktyabrından İran hökumətinin dəstəklədiyi silahlı dəstələr Cənubi Azərbaycan əhali­sinə qarşı hücuma keçdilər. Əhalini talanlardan qorumaq üçün fədai dəstələrinin sayı artırıldı. Oktyabrın əvvəllərində Təbriz tam şəkildə fədai dəstələrinin nəzarətinə keçdi və burada ADF hakimiyyəti ələ aldı. Noyabr ayı ərzində Marağada, Makuda və s. şəhər­lərdə də hakimiyyət ADF-nin nəzarətinə keçdi. Yeni hökumət orqanları yaradıldı, onu tanımayanlardan Cənubi Azərbaycanı tərk etmək tələb olundu.

21 noyabr 1945-ci il tarixdə Təbrizdə Azərbaycan Xalq Konqresi çağırıldı. Konq­ress özünü Müəssisələr Məclisi adlandırdı və tezliklə Milli Məclisə seçkilərin keçirilməsi və Milli hökumətin yaradılması vəzifələri irəli sürüldü .

1945-ci il noyabrın 27-dən dekabrın 1-dək Cənubi Azərbaycanın hər yerində Milli Məclisə seçkilər keçirildi. Dekabrın 12-də Milli Məclis Milli hökumət yaratdı. Höku­mətin başçısı Seyid Cəfər Pişəvəri təyin olundu. Hökumət 10 nazirlik, Ali Məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu hökumət İran təqvimi ilə Azər ayının 21-də (yəni , 12 dekabrda) yarandığından tarixə “21 Azər” hərəkatı kimi düşdü.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin