2.3.İskit (Skif) padşahlığının yaranması.
Bizim eradan əvvəl VII əsrin birinci rübündən başlayaraq Kimmer, İskit və Sak tayfaları Azərbaycanda və Ön Asiyada məskunlaşmağa başladılar.
Kimmerlər e.ə. VIII əsrdə indiki Şimali Qafqazın qərb hissəsində (indiki Krasnodar diyarı və Rostov vilayətinin dəniz sahili əraziləri) və Krım yarımadasında yaşayırdılar. E.ə. VII əsrdə Mərkəzi Asiyadan şərq istiqamətində skif (iskit) tayfalarının axını başladı. Onlar qərbə iki yolla hərəkət edirdilər. Birinci yol vasitəsi ilə Xəzər dənizinin şimalından keçərək Qara dəniz sahillərinə yetişdilər. İkinci yolla isə iskitlər Xəzər dənizinin cənubundan, İran dağ silsilələrindən keçərək yenə də Qafqaza, Ön Asiyaya və Qara dənizin cənub sahillərinə gəldilər. Tarixi ədəbiyyatda iskitlərin adları işquz, skif, sak və massasget ( “böyük sak” mənasını verir) kimi də tanınmışdır. Beləliklə, e.ə. VII əsrdə iskitlər kimmerləri doğma torpaqlarından sıxışdıraraq cənuba – Azərbaycan ərazilərinə, Ön Asiyaya köçməyə məcbur etdilər. Kimmerləri təqib edən iskitlər özləri də e.ə. VII əsrdə Azərbaycanın Urmiya gölündən qərb və şimal ərazilərində məskunlaşdılar. Şimali Azərbaycanda məskunlaşan iskitlər isə tarixi ədəbiyyatda sak, sakasin (saka bənzər) və yaxud massaget adlandırılmışlar.
Beləliklə, e.ə. VII əsrdə Şimali Azərbaycan ərazilərində kimmerlər, saklar (massagetlər), Cənubi Azərbaycanın Urmiya gölündən qərb və şimal ərazilərdə isə iskit tayfaları məskunlaşdılar.Kimmerlərin bir qismi iskitlərin qonşuluğunda, indiki Şərqi Anadoluda məskunlaşdılar.Bütün bu adı çəkilən tayfaların – kimmerlərin, iskitlərin sakların, massagetlərin türk mənşəli olması antik mənbələrə əsasən sübuta yetirilmişdir. E.ə. VII əsrə aid adı çəkilən bu tayfalar Azərbaycan ərazilərində iki dövlət yaratdılar: bunlardan biri Urmiya gölündən şimal və qərb torpaqlarda yaranan İskit padşahlığı, o biri isə Arazdan şimalda yaranan Massaget padşahlığı idi.
İskit padşahlığının e.ə. VII əsrin I rubündə (e.ə. 700- e.ə. 675-ci illər) yaranması şübhəsizdir.Belə ki, Tövratda, e.ə. 693-cü ilə aid hadisələrlə bağlı ilk dəfə İskit padşahlığının adı çəkilir. İskit padşahlığı Urmiya gölündən şimal və qərb ərazilərdə, Manna ilə Urartu arasındakı ərazilərdə yerləşirdi. Əhalisi əsasən mənşəcə türk olan kimmer, iskit, sak və kuti tayfalarından ibarət olmuşdur.
Məhz bu dövlətə arxalanan Manna e.ə. 650-ci ildə Aşşurun asılılığından xilas olmağa cəhd etmiş, lakin uğursuzluğa düçar olmuşdu. İskit padşahlığı e.ə. VII əsrin 60-50-ci illərində hökmdar Tuqdammenin dövründə yüksək inkişaf səviyyəsinə çatmışdı.Yerli kuti və sak tayfalarını da asılılıqda saxlayan Tuqdamme həmçinin, kuti və sak hökmdarı rütbəsini də daşıyırdı. Bu dövlət hətta Midiyanı 28 il, yəni e.ə. 653-625-ci illər ərzində öz hakimiyyəti altında saxlamışdı. İskit dövləti Aşşur və Urartuya qarşı mübarizədə Mannanın müttəfiqi olmuşdur.
İskit dövləti getdikcə zəifləyir və güclənən Midiya ilə rəqabətdə mövqelərini itirirdi. E.ə 605-ci ildə İskit padşahlığının ən yaxın müttəfiqi Aşşur dövləti ləğv edildi və bundan sonra padşahlığın tənəzzülü başladı. E.ə 593-cü ildə Midiya çarı Kiaksar İskit padşahlığını ələ keçirdi. Padşahlıq ləğv edildi, əhalisinin bir qismi yerli tayfalarla qaynayıb qarışdı, bir qismi isə Dərbənd keçidi vasitəsilə şimala yollandı və Şimali Qafqazda, Qara dəniz sahillərində məskunlaşdılar.
Araz çayından şimalda mövcud olmuş Massaget padşahlığı isə e.ə. IV əsrin sonunadək mövcud olmuşdur. Azərbaycan türklərinin yaranışında kimmerlər, iskit, sak, massaget tayfalarının böyük təsiri olmuşdur. Azərbaycan dilinin formalaşmasında adı çəkilən türk mənşəli tayfaların ləhcələrinin əhəmiyyətli təsiri olmuşdur. Bu gün də Azərbaycan ərazisində bir çox yer adları burada yaşayan kimmerlərlə, iskitlərlə, saklarla bağlılığını saxlayır. Məsələn, indiki Zaqatalanın (“sak talası”), Zaqatala rayonunda Sakandərə adlı yerin , Şəki şəhərinin (Saki və yaxud Şaki), indiki Dağlıq Qarabağın (Arsak və yaxud Ərsak), Albaniyanın Sakasena (“saka bənzər”) və Balasakan (“sak düzü”, “sak çölü”) vilayətlərinin adları saklarla bağlıdır İndiki Azərbaycanda Qımır, Qımırlı, Kəmərli, Qəmərli kimi yer adları isə “kimmer” tayfasının adından qalmışdır.
Arxeoloji qazıntılar zamanı istər Cənubi Azərbaycanda, istərsə də Şimali Azərbaycanda kimmerlərə, iskitlərə, saklara aid silah nümunələri (ox, nizə ucluqları), tunc güzgü tapılmışdır. Hərb sənətini sevən, hərbi nizam-intizamı ilə seçilən iskitlərin qonşu dövlətlərdə hərb sənətinin inkişafına əhəmiyyətli təsiri olmuşdur.
İskitlərin dini inanclarında çoxtanrıçılıq mövcud olmuşdur, onlar torpağı, suyu müqəddəs sayırdılar.
Dostları ilə paylaş: |