Azərbaycan Makedoniyalı İskəndərin şərq yürüşləri dövründə. Atası II Filippin ölümündən sonra e.ə. 336-cı ildə Makedoniya taxt-tacına onun 20 yaşlı oğlu İskəndər gəldi. O dövrdə Yunanıstanı da öz tərkibinə qatan Makedoniyanın əsas rəqibi şərqdə Kiçik Asiyada yunan şəhərlərini də əsarətdə saxlayan Əhəmənilər imperiyası idi. Çar II Filipp Əhəmənilərə qarşı yürüşə hazırlaşsa da, ölüm buna imkan vermədi və bu məsələnin həll edilməsi onun oğlu İsgəndərə qismət oldu.
E.ə 334-cü ildən İsgəndər Əhəmənilərə qarşı hərbi yürüşə başladı. Makedoniyalı İskəndərlə Əhəmənilər arasında həlledici döyüş e.ə. 331-ci ilin oktyabrında Qavqamel düzənliyində baş verdi. III Daranın 100 minlik ordusunun əhəmiyyətli hissəsini farslar deyil, başqa tayfalardan ibarət hərbi dəstələr təşkil edirdilər. Tarixi mənbələrdə Əhəməni ordusunda baktriyalıların, hindlilərin, iskitlərin, parfların, soqdiyananıların, hirkanların və sair tayfaların iştirak etdiyi göstərilir. Əhəməni ordusunda vuruşanlar arasında, həmçinin Azərbaycan ərazisində yaşayan tayfaların da adları çəkilir. Kursu Rufun yazdığına görə III Daranın qoşunlarında kaspilər, mardlar, skitlər, midiyalılar, kadusilər və Qafqaz tayfalarından ibarət dəstələr iştirak edirdilər.
Beləliklə, antik yazılı mənbələrdən görünür ki, Əhəməni ordusunun əhəmiyyətli hissəsi Azərbaycan ərazisində yaşayan tayfalardan – albanlardan, sakasenlərdən, saklardan, iskitlərdən, kaspilərdən, kadusilərdən, mardlardan, o cümlədən başqa qafqazlı adı daşıyan tayfalardan ibarət hərbi dəstələr təşkil edirdi.
Eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə III Daranın qoşunları məğlub oldu və bu məğlubiyyət Əhəmənilər imperiyasının süqutunu tezləşdirdi. Qavqameldən sonra, İskəndər Babil və Elamın Suz şəhərini, Əhəməni sülaləsinin vətəni Persidanı ələ keçirdi. Yunanlar Persepol və Pasaqard şəhərlərini xarabalığa çevirdilər. Güman edilir ki, Persepolun yandırılması zamanı 12 min dana gönü üzərində yazılmış müqəddəs “Avesta” kitabı da da həmin yanğın zamanı məhv olmuşdur.
E.ə. 330-cu ildə Persepolu məhv etdikdən sonra İskəndər Midiyanın qədim paytaxtı Ekbatana gəlir. Qavqamel döyüşündə yaralanan III Dara da bu şəhərdə gizlənmişdi. O, İskəndərin gəlişini eşidib ölkənin şərqinə qaçdı və Orta Asiyaya gedən zaman e.ə. 330-cu ildə öz sərkərdəsi Bess tərəfindən öldürüldü. Beləliklə, Əhəmənilər imperiyasına son qoyuldu və İskəndər III Daranın qızı ilə evlənərək özünü Əhəmənilərin varisi elan etdi.
Dostları ilə paylaş: |