4.5. III – VII əsrlərdə Azərbaycan mədəniyyəti. III-VII əsrlərdə Azərbaycanın cənubunun və bir müddət şimalının Sasani imperiyasının tərkibində olması onun etnik, siyasi, iqtisadi və mədəni birliyinə müəyyən qədər müsbət təsir göstərmişdi.
Alban bütləri.1982-ci ildən başlayaraq Qarabağ ərazisində daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələrin Qarabağın həm dağlıq, həm də düzənlik hissələrində aşkar edilməsi onu göstərir ki, hələ qədim zamanlardan Qarabağ bütövlükdə əcdadlarımızın yaşadığı vahid etno-mədəni məkan olmuşdur. Alban tarixçisi M.Kalankatlı "Alban tarixi" əsərində yazır ki, Albaniya hökmdarı III Mömin Vaçaqan xristianlığın mövqeyini möhkəmləndirmək üçün bütpərəstliyə qarşı mübarizə aparmış və "öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir". Arsak bütləri dedikdə müəllif Qarabağ daş heykəllərini nəzərdə tutmuşdur. Əlamətlərinə görə demək olar ki, Qarabağın daş heykəlləri Mərkəzi Asiyadan Rumıniyayadək yayılmış qədim türk daş heykəlləri ilə eynilik təşkil edir.
Bu gün Dağlıq Qarabağ ərazisi ermənilər tərəfindən işğal edildiyindən alban daş heykəllərinin taleyi hələ də qaranlıq olaraq qalmaqdadır.