İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Ərəb xilafəti dövründə Azər­bay­can mədəniyyəti



Yüklə 0,94 Mb.
səhifə102/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   98   99   100   101   102   103   104   105   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

6.4.Ərəb xilafəti dövründə Azər­bay­can mədəniyyəti.
VII-IX əsrlərdə Azərbaycanın cənubunun və şimalının bir müddət Ərəb xilafətinin tərkibində olması onun etnik, siyasi, iqtisadi və mədəni birliyinə müəyyən qədər müsbət təsir göstərmişdi. Xilafətdə islam və ya müsəlman mədəniyyətinin yaradılmasında Azərbaycan xalqının nüma­yəndələri də yaxından iştirak etmişlər.

Xilafətdə bütün kargüzarliq işləri ərəb dilində aparılırdi. Təhsil də ərəb dilində aparılırdı və əsas təhsil müəssisələri şəhərlərdəki məscid­lərin yanında olan mədrəsələr idi. Burada Quranın, dini elmlərin tədrisi ilə yanaşı, tarix, coğrafiya, dil, fəlsəfə kimi dünyəvi elmlər də tədris edilirdi. Yerli mədrəsələri bitirən imkanlı azərbaycanlı gənclər Bağdad, İsfahan, Rey və başqa şəhərlərə gedərək ali təsil alırdılar. Azərbaycanda islam dini və hüquq üzrə alimlər Əhməd əl-Bərdəyi, Yaqub ibn Musa əl-Ərdəbili, Cəfər ibn Məhəmməd əl-Marağai, Musa ibn İmran əs-Səlmasi və başqaları yetişmişdi. VII –IX əsrlərdə ərəb dilində yazıb yaradan Musa Şəhavət, İsmayıl ibn Yasir, onun oğlu Məhəmməd kimi Azər­baycan şairləri yaşamışlar.

Azərbaycanda şəhər salma və memarliq inkişaf etmişdir. Azər­baycan ərazi­sində Şəki, Dərbənd, Qəbələ, Təbriz, Şiz, Ərdəbil, Marağa, Naxçıvan kimi şəhərlər vardı.

VII əsrin sonu - VIII əsrin əvvəllərində yaşamış, mənşəcə Qafqaz alban­larından olan tarixçi Musa Kalankatlı “Albaniya tarixi” əsəsrinin birinci və ikinci kitablarını yazmışdı. Kalankatlı bu əsəri böyük alban hökmdarı Cavanşirin sifarişi ilə yazmışdır. Musa Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Albaniyanın siyasi və mədəni dirçəlişi dövrü sayılır. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbən­dədək olan ərazidə bərpa edən, müstəqil daxili və xarici siyasət yeridən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz, xüsusi yazılı abidədə öz dövrünün inikasını görmək arzusu ilə Musa Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur.

Əsər strukturuna görə üç hissədən ibarətdir: Əsərin birinci kitabı Bibliya tarixindən VI əsrə qədərki dövrə həsr olunmuşdur. Qaynaqda albanların adı yazısı olan 15 xalqın sırasında çəkilir. Ölkənin tarixi coğrafiyası - coğrafi təsvir, təbii sərvətlərin xarakterizə edilməsi, ölkə hüdudlarının dəqiq göstərilməsi ilə təqdim edilmişdir. Birinci kitabın IV fəslindən Albaniyanın real tarixinin şərhinə başlanır. Yerli hakim olan Aran ölkənin ilk hökmdarı adlandırılır, ondan sonra söhbət Arşakilər sülaləsindən olan alban hökmdarları haqqında gedir. Birinci kitabda xristianlığın yayılma tarixi görkəmli yer tutur. V əsr Aquen kilsə məcli­sinin kilsə qanunları haqqında məlumat verilir. Birinci kitab hunların ölkəyə hücumunun təsviri ilə başa çatır.

İkinci kitab 552-ci ildən başlayır və 711-ci il hadisələri ilə tamam­lanır. Burada Sasani-Bizans, Sasani-Ərəb müharibələri təsvir edilir,alban hökmdarı Cavanşirin bu müharibələrdə iştirakı qələmə alınır. Mehrani­lərin tarixi, xüsusilə Cavanşirin və Varaz Tridatın hakimiyyəti əks etdirilir, alban katolikosu Vironun fəaliyyəti göstərilir.

VIII əsrdən X əsrin sonuna qədər olan dövrdə baş vermiş hadisələri əks etdirən üçüncü kitab isə Musa Kalankatlının davamçıları tərəfindən X əsrin sonunda yazılmış və onun əsərinə əlavə edilmişdir.Üçüncü kitabda ərəblərin tarix səhnəsinə çıxmaları, onların 698-ci ildən 877-ci ilə qədər Albaniyaya, İberi­yaya hücumlarına həsr olunub. Daxildə baş verən hadisələrdən Varaz Tri­datın hakimiyyətinin son illəri, hunlarla qarşılıqlı münasi­bətlər, alban katolikosu Nerses Bakurun fəaliyyəti əks olunub. Kitab X əsr hadisələri, alban hökmdarları və katoli­koslarının siyahısı ilə başa çatır.

Beləliklə, "Alban tarixi" müəllifinin məqsədi Alban məm­ləkətinin, onun xalqının, ərazisinin, siyasi və mənəvi həyatının yaranma və inkişaf tarixini əks etmək, onun Arşakilər və Mehranilər sülalələrinə mənsub hökmdarlarının, xüsusilə Cavanşirin dövrünü təsvir etmək, hakimiyyətin arasıkəsilmədən irsən keçdiyini göstərmək, apostol patriarxlığı ilə başlamış avtokefal (müstəqil) Alban kilsəsinin yaranma tarixini izləmək olmuşdur.

Kitabi Dədə Qorqud” dastanı. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastan­ların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun VII əsrdə, Məhəmməd Peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yaz­mışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəm­­məd Peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Dastanların formalaşması prosesi əsasən VII-IX əsrlərdə başa çatmışdır. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, XII-XIV əsrlərdə də dastan­lara yeni boylar əlavə edilmişdir. Bu gün əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.

Xilafət dövründə incəsənət və memarlıqda da yeni çalarlar üzə çıxmışdı. Memarlıqda günbəzli tikililər VIII əsrə qədər yayılmışdı. Tərtərçay üzərində körpü, Qazaxda Əskipara kəndi yaxinlığındakı monastr kompleksi də bu dövrdə tikilmişdi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin