Xürrəmilər hərəkatı. Babək. VIII əsrin ikinci yarısından Azərbaycanda Xilafətə qarşı xalq hərəkatı gücləndi və bu hərəkatın iştirakçıları xürrəmilik bayrağı altında çıxış edirdilər. 60 il Xilafəti lərzəyə salan bu hərəkatın adı nə ilə bağlı idi və onun ideoloji əsası nədən ibarət idi? Bu məsələlər haqqında çox tarixçilər fikirlər söyləmişlər və onların mövqeyi məzmunca müxtəlifdir. Ərəb tarixçiləri “xürrəm” sözünü “əhlikef”, “əxlaqsız” çalarında işlədərək xürrəmilər hərəkatını aşağılamağa çalışmışlar. Görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəverdiyə görə, “xürrə” sözü “mənəvi ilahi işıq” mənasını bildirir.
Tarixi baxımdan xürrəmilik məzdəkilik və odpərəstlik təlimlərinə yaxın olmuşdur. İndiki Horadiz, Horovlu kimi yer adları dolayısı ilə bunu göstərir. Çünki, Güney Azərbaycanda Qarasu çayının Araz çayına töküldüyü yerlər xürrəmilər hərəkatının başlıca özəyi olmaqla, Bəzz qalasına çox yaxın idi. Arazın bu tayında Bəzzə çox yaxın olan Horadiz yaşayış yerinin adı Horlar qalası, yəni “oda tapınanlar” yurdu deməkdir. Horovlu da bu kökdəndir. Ərəb müəllifi Yaquti “xürrəm” sözünü Ərdəbil yaxınlığındakı Xürrəm kəndi ilə bağlamışdır. Xürrəmilərin mərkəzi Bəzz və ya Bəzzeyn vilayətindəki Bəzz qalası idi. Yeni araşdırmalar nəticəsində şəhərin Ərdəbil yaxınlığında deyil, Araz vadisində yerləşdiyi aydın edilmişdir. Xürrəmilərin başçısı Babək qarşısına ərəbləri Azərbaycandan qovmaq, öz vətənini azadlığa qovuşdurmaq məqsədini qoymuşdur.
Hərəkatın ideoloji, sosial gücü bərabərlik tələbləri ilə bağlı idi. Onun əsas iştirakçıları kəndlilər, sənətkarlar, şəhər yoxsulları olmuşdur. Xürrəmilər kəndliləri feodal asılılığından, vergilərdən və mükəlləfiyyətlərdən azad etməyə, ümumi bərabərlik yaratmağa çalışır, ərəb əsarətinə qarşı mübarizə aparırdılar.
Beləliklə, xürrəmilər hərakatının yaranmasında iki səbəbin - feodal asılılığının və ərəb zülmünün əsas olduğu görünür. Onların sosial bərabərlik uğrunda mübarizəsinin məqsədi maddi nemətləri insanlar arasında bölmək idi. Bu cəhətdən xürrəmiliyin məzdəkizmə oxşadığını görürük. Təsadüfi deyil ki, bəzi müəlliflər xürrəmilər hərəkatının adının Məzdəkin qızı Xürrəmin adından alındığını göstərmişlər. Ziya Bünyadov isə bu sözün “xor” sözündən alındığını və “gözə görünməyən od” mənası verdiyini yazmışdır.
Xürrəmilər xalq kütlələrinin geniş sosial hərəkatı olsa da, bu hərəkat dini baxışları da bütünlüklə rədd etmirdi və edə də bilməzdi. Çünki hərəkatın başlıca məqsədi ərəb işğalçılarını Azərbaycandan qovmaq, xalqın siyasi azadlığına nail olmaqdan ibarət idi. Bu səbəbdən istər - istəməz xürrəmilərin Xilafətə qarşı mübarizəsi ərəblərin gətirdiyi yeni dinə - İslama qarşı davranış xarakteri almışdı və xürrəmilər atəşpərəstliyi, o cümlədən yerli dini ehkamları İslam ehkamlarına qarşı qoyurdular.
Xürrəmilər hərəkatının tarixini 3 mərhələyə bölmək olar: I mərhələ 778-ci ildən 808-ci ilə qədər; II mərhələ 809-cu ildən 816-cı ilə qədər; III mərhələ 816-cı ildən 838-ci ilədək davam etmişdir.
I mərhələdə hərəkat hələ dağınıq xarakter daşıyırdı.Bu mərhələdə xürrəmilər iki dəfə -778 və 808-ci illərdə Xilafətə qarşı silahlı savaşa qalxdılar. 778-ci il üsyanı xəlifə Mehdi tərəfindən amansızlıqla yatırıldı. 808-ci il üsyanında 100 min xürrəmi iştirak etmişdi və bu üsyan Harun Ər-Rəşid tərəfindən amansızcasına yatırılmış, 10 min xürrəmi qul kimi satılmışdı. II mərhələ xürrəmilərin daxili toqquşmaları ilə səciyyələnirdi. Üsyanın məğlubiyyətləri onun rəhbərləri Cavidan və Əbu İmran arasında fikir ayrılığına səbəb olmuş, onların tərəfdarları arasında çəkişmələr başlamış, hətta qanlı toqquşmalar baş vermişdi. Nəhayət, 816-cı ildə döyüşdə üz-üzə gələn Cavidan və Əbu İmran bir-birini öldürmüş, bundan sonra xürrəmilərə başçılıq Babəkə keçmişdi.
816-cı ildən Xürrəmilər hərəkatının III mərhələsi başladı. III mərhələdə yeni başçı Babək bütün xürrəmiləri birləşdirməyə nail oldu və bütün qüvvələri Xilafətə qarşı yönəltdi.
Babək 798-ci ildə Cənubi Azərbaycanın Bilalabad kəndində anadan olmuşdur. Atası Abdulla kişi zeytun yağı satışı ilə məşğul olurdu. Onun öldürülməsindən sonra Babək anası Bəruməndin himayəsində qalmış, bir müddət dəvə karvanında sarvan işləmişdi. Yeniyetmə çağında Təbrizdə usta yanında şagird dayanan Babək Cavidanla tanış olmuş və Xürrəmilər hərəkatına qoşulmuşdu. Bu vaxt onun 18 yaşı var idi.
Babəkin rəhbərliyi ilə Xürrəmilər hərəkatı ümumxalq hərəkatına çevrildi. Hərəkatda kəndlilər,sənətkarlar, tacirlərlə yanaşı, ərəb ağalığını qəbul etməyən ərəb dövründə öz mal-dövlətini itirmiş əyanlar da iştirak edirdilər.Bir neçə il ərzində Babəkin yaratdığı orduda təkcə süvarilərin sayı 20 minə çatırdı.Babəkin ən məşhur sərkərdələri Tərxan, Adin (Aydın), Rüstəm, İsma əl-Kürdi, Babəkin qardaşları Müaviyyə, Abdulla və başqaları idi. Hərəkat bütün Azərbaycanı, İranı, Mərkəzi Asiyanı bürüsə də, onun ideoloji, siyasi, hərbi mərkəzi Azərbaycan idi.
819-cu ilədək Xəlifə ordusunun xürrəmilərlə elə bir ciddi toqquşması olmadı. Xilafət ilk illər xürrəmiləri saymırdı.Ancaq, üsyançıların ilk uğurları, onların bir bölgəni o birinin ardınca azad etməsi xəlifə əl-Məmunu (813-833) onlara qarşı nizami ordu göndərməyə məcbur etdi. 819-cu ildə ilk dəfə xəlifə xürrəmilərə qarşı nizami ordu göndərdi və bu ordu üsyançılar tərəfindən darmadağın edildi. Bu döyüşdən sonrakı 10 il ərzində xürrəmilər bir neçə parlaq qələbələr qazandılar. 822-ci ildə İsa ibn Məhəmmədin, 823-824-cü illərdə Əhməd ibn Cüneydin, 828-ci ildə Məhəmməd ibn ət Həmid Tusinin komandanlıq etdiyi ərəb qoşunları Babəkin ordusu tərəfindən məğlub edildi. 829-cu ildə Babəkə qarşı sayca 5-ci ordu göndərildi. Sərkərdə Məhəmməd ibn Hümeyd əl-Tusinin başçılıq etdiyi 150 minlik ordu qarşısında Bəzz qalasını tutmaq, xürrəmi hərəkatını məhv etmək məqsədi qoyulmuşdu. 829-cu il iyunun 3-də ərəb ordusu ilə xürrəmilər arasında Həştadsər dağında birinci Həşdadsər döyüşü baş verdi. 30 min ərəb əsgəri məhv oldu, sərkərdə əl-Tusi öldürüldü.
Demək olar ki, bütün Azərbaycan ərəblərdən təmizləndi. Babəkin ən böyük qələbəsi 830-cu ildə baş vermiş birinci Həmədan döyüşü oldu. Xürrəmilər hücümla şəhəri tutdular. Bağdadı Orta Asiya və Qafqaz ilə birləşdirən çox dəyərli strateji ticarət yolu üsyançıların əlinə keçdi. Üsyançıların gücü xalqın geniş dəstəyində idi. Üsyanda 30 minə yaxın adam iştirak edirdi. Üsyan Azərbaycanın azad edilməsindən sonra qonşu ölkə və vilayətlərə də keçdi. Xorasan, Ər-Cibəl, Təbəristan, Gürgan, Deyləm, Həmədan və İsfahan kimi vilayətləri həyəcan bürüdü. Xürrəmilər hərəkatı böyük şöhrət qazandı, hətta xilafətin hakim və əmirlərindən bu üsyana qoşulanlar oldu.
Xəlifə Məmun iyirmi illik hökmranlığı dövründə xürrəmilərə qarşı savaşda üstünlük qazana bilmədi. 833-cü ilin avqustunda ölüm ayağında o, öz qardaşı Əl-Mötəsimin vəliəhd qoyulduğunu buyuraraq, sonuncu üçün geniş bir vəsiyyət yazdı. Vəsiyyətdə o, Xilafətin bütün gücünü xürrəmilərə qarşı savaşa yönəltməyi tələb edirdi. Əl-Mötəsim taxta çıxıb yubanmadan hazırlıq görməyə başladı.O,qardaşının buyruğunu ardıcıl yerinə yetirərək,böyük xərc və güc hesabına müharibənin gedişində dönüş yaratdı. 833-cü ilin dekabrında Həmədan yaxınlığında baş verən ikinci Həmədan döyüşündə xürrəmi qoşunlarını əzdi. Xürrəmilər böyük itkilər verdilər. Ərəb komandanlığı təşəbbüsü ələ keçirdi.
Xürrəmilərlə müharibədə təşəbbüsün Xilafətin tərəfinə keçməsi təsadüfi deyildi. Əvvəlla, 20 il idi ki, Azərbaycan əhalisi geniş əraziləri özündə birləşdirən Xilafətə qarşı vuruşurdu. Tərəflərin istər hərbi, istər demoqrafik, istərsə də iqtisadi potensialı bərabər deyildi. Xürrəmilərin sıraları ilbəil seyrəldikcə, Xilafət ordusu getdikcə güclənirdi. Bundan savayı, xürrəmilər hərəkatının daxilində baş verən parçalanmanı da nəzərə almamaq olmaz. Yerli əyanlardan azadlıq savaşına qatılanların bir çoxu öz imtiyazlarını geri qaytarmağa, torpaq mülklərini böyütməyə çalışırdı. Torpağın kənd icmasına verilməsi şüarı onların ürəyincə deyildi.Əyanlar başa düşürdülər ki, Xilafətlə müharibə uğurla başa çatarsa, onlar öz üstünlüklərini birdəfəlik itirəcəklər.
Xəlifənin casusları Babəkdən narazı əyanları müxtəlif vədlərlə öz tərəflərinə çəkirdilər. Bunun nəticəsidir ki, hərəkatın ən fəal iştirakçıları olmuş ibn Bəis, Səhl İbn Sumbat kimi feodallar, İsmət adlı sərkərdə ərəb komandanlığı ilə əlaqəyə girərək xürrəmilərə xəyanət yolunu tutdular. Sərkərdə İsmət xürrəmilərin şəhərləri, qalalar, bu qalalara aparan gizli yollar barədə ərəblərə məlumat verdi. Xəlifə bundan sonra Bizansla müharibəni dayandırdı, 835-ci ildə Xilafətin görkəmli sərkərdəsi, türk mənşəli Heydər İbn Kavus Afşinin başçılığı altında bütün qüvvələrini Babəkə qarşı göndərdi. 836-cı ildə Həştadsər dağında ikinci Həşdadsər döyüşü baş verdi. Sərkərdə Buğanın 5 minlik qoşunu 2 minlik xürrəmi qoşunu tərəfindən darmadağın edildi. Xürrəmilər çoxlu qənimət ələ keçirdilər. Bu döyüş xürrəmilərin son qələbəsi oldu-xürrəmilərin gücü tükənməkdə idi. 837-ci ildə Afşin xəlifədən 2 ordu və 30 milyon dirhəm pul aldı. Afşin sülh təklif edib Babəki Xilafətin tərəfinə çəkmək istədi. O, belə hesab edirdi ki, xəlifə Babək kimi sərkərdəni öz tərəfinə çəkməklə onun qüvvəsindən Bizansa qarşı istifadə edə bilər. Babək təslim olmaq barədə bütün təklifləri rədd etdi, artq Afşinin əlində əsir olan oğlunun təslim çağırışına isə qəzəblə belə cavab göndərdi: ”Sən mənim oğlum deyilsən. Bir gün azad yaşamaq qırx il qul kimi yaşamaqdan yaxşıdır”. Babəklə danışıqların faydasızlığını və Babəkin öz ideallarına heç vaxt dönük çıxmayacağına əmin olan Afşin 21 avqust 837-ci il tarixində Bəzz qalasına hücuma başladı. Ərəblər od püskürən silahdan istifadə edərək qalaya soxuldular. Sərkərdə Adinin başçılıq etdiyi xürrəmi döyüşçüləri mərdliklə müdafiə olunurdular. Tarixin ən qanlı döyüşlərindən biri olan Bəzz qalası uğrunda döyüşdə ərəblər 100 min, xürrəmilər 80 min döyüşçü itirdilər. Döyüş ərəblərin qələbəsi ilə başa çatdı. Qalanı tərk edən Babək Araz çayını keçərək bir neçə döyüşçüsü, qardaşı, arvadı və anası ilə birlikdə Azərbaycanın indiki Zəngəzur ərazisində cəngəllikdə gizləndi. Ona sonuncu zərbəni keçmiş silahdaşlarından biri, yerli xristian feodal Səhl ibn Sumbat vurdu. Səhl ibn Sumbat aclıqdan əziyyət çəkən Babəki və onun silahdaşlarını hiylə ilə öz qalasına dəvət etdi və onu Afşinə təhvil verdi. Babəkin tutulmasına görə Səhl ibn Sumbat 2 milyon, oğlu isə 100 min dirhəm aldılar. Ərəb baş komandanı Afşin isə sözün əsl mənasında qızıla tutuldu. Xəlifə Mötəsim ona 20 milyon dirhəm bağışladı. 837-ci il sentyabrın 15-də Bəzz qalası ilə vidalaşan Babək Xilafətin paytaxtı Samirəyə yola salındı və 838 -ci il martın 14- də orada edam edildi.
Beləliklə, VIII əsrin ikinci yarısından başlayan Xürrəmilər hərəkatı məğlubiyyətlə başa çatdı. Üsyançıların məğlub olmasının əsas səbəbləri onunla izah olunur ki, onlar çox güclü, nizam-intizamlı qoşunu olan bir dövlətə qarşı mübarizə aparırdılar. Xürrəmilərin sayı ərəblərin sayından az olmaqla yanaşı, əsgərləri ilə müqayisədə həm də pis silahlanmışdılar. Üsyan kortəbii xarakter daşıyırdı, onun coğrafi arealı genişləndikcə idarə olunması da çətinləşirdi. Yerli feodalların və bəzi sərkədələrin xəyanəti də Xürrəmi hərakatının məğlub olması səbəblərindən idi. Bununla yanaşı, Azərbaycanda ərəb işğalına qarşı 60 il davam etmiş bu azadlıq mübarizəsinin tarixi əhəmiyyəti böyükdür. Bu savaş Xilafət əsarəti altında olan xalqların düşüncəsində dərin iz buraxdı.
Dostları ilə paylaş: |