Şirvansah Məzyədilər dövlətinin tarixi-coğrafiyası. Şirvan dövləti hələ VI əsrin birinci yarısında Sasanilər tərəfindən yaradılmışdır. Ərəb istilası nəticəsində müstəqilliyini itirən Şirvanşahlar dövləti növbəti dəfə 861-ci ildə yenidən müstəqilliyə nail oldu. Bu dəfə dövlətin yaradıcısı Heysəm İbn Xalid, Yezid İbn Məzyədin nəslindən olduğundan bu dövlət tarixdə Şirvanşah Məzyədilər dövləti adlanır. 861-ci ildə təşəkkül tapan bu dövlət 1027-ci ilədək mövcud olmuşdur.
Şirvanşahlar məzyədilər dövlətinin ilk paytaxtı Şirvan şəhəri olmuşdur bu şəhər Azərbaycanın şimalında,Xəzər dənizinin sahilində yerləşmişdir. 918-ci ildə Əbu Tahir paytaxtı Yəzidiyyəyə, yəni, indiki Şamaxı şəhərinə köçürmüşdür. Dövlətin ərazilərinin özəyini Şirvan vilayəti təşkil edirdi. Şirvan vilayəti təqribən Beşbarmaqdan cənubda Kürə qədər, qərbdə Girdiman çayına qədər əraziləri əhatə edirdi. 917-ci ildə Lahicanşahlıq (Girdiman çayı ilə Göyçay arasındakı ərazilər), 982-ci ildə Qəbələ, Bərdə, Şabran, 988-ci ildə Dərbənd əmirliyi Şirvanşahlar dövlətinə birləşdirilmişdir. X əsrin sonu - XI əsrin əvvəllərində Xursan, Tabasaran da ələ keçirildi. Ayrı-ayrı vaxtlarda Məsqət, Şəki, Sənariyə (indiki Qanıx və Qabırrı çayları arasındakı ərazilər), Muğaniyə, Beyləqan Şirvanşahlardan asılı olmuşdur. Bu dövlətin ərazi quruluşunda stabillik olmamışdır.
Şirvanşahlar dövləti əlverişli coğrafi strateji mövqeyə malik olmaqla yanaşı, həm iqliminə, həm də təbii sərvətlərinə görə Azərbaycanın dilbər guşələrindən biri idi. Qədim əkinçilik və maldarlıq məskəni olan Şirvan şimal və cənub ölkələrinin ticarət yolunun üzərində yerləşirdi. Bu səbəbdən Şirvansah Məzyədilər dövləti tez-tez qonşu dövlətlərin və tayfaların hücum hədəfinə çevrilirdi. Uzun müddət Şirvansahlar Azərbaycanın cənubunda yaranan Sacilər və Salarilər dövlətlərindən asılı vəziyyətdə olmuş, onlara xərac ödəməyə məcbur olmuşdur. Şirvanşahların siyasi asılılığının səbəblərindən biri tez-tez baş verən daxili çəkişmələr, hakimiyyət uğrunda gedən mübarizə idi ki, bu da dövlətin zəifləməsinə, ondan asılı olan ərazilərdə separatizmin güclənməsinə gətirirdi. Bu baxımdan Şəki və Dərbənd əmirləri daha çox fəallıq göstərirdilər və hətta bəzən Şirvanşahlardan ayrılmağa nail olurdular.
1027-ci ildə Şirvanda Məzyədilər sülaləsinin hakimiyyətinə son qoyuldu və hakimiyyətə onlara qohum olan Kəsranilər sülaləsi gəldi.
Dostları ilə paylaş: |