Sacilər dövlətinin tarixi-coğrafiyası. Sacilər dövləti 879-941-ci illərdə fəaliyyət göstərmişdir. Dövlətin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri olmuşdur. Sacilər dövlətinin əraziləri qərbdə Ani və Dvin (Dəbil) şəhərlərindən (indiki Gürcüstan və Ermənistanın Türkiyə ilə sərhəd zolagı), şərqdə Xəzər dənizi sahillərinə qədər uzanırdı. Şimalda Kür çayından tutmuş cənubda Zəncana qədər ərazilər Sacilər dövlətinin tərkibinə daxil idi. 893 – cü ildən başlayaraq Məhəmmədin hərbi qələbələri sayəsində dövlətin əraziləri daha da genişləndirildi. İndiki Şərqi Gürcüstan və Ermənistan əraziləri Sacilər dövlətinin təsirinə düşdü. Yusif Sacoğlunun dövründə (901-927-ci illər) bütün Şirvan, Dərbənd, Şəki, Xaçın, Sünik, Tiflis əmirliyi və sair ərazilər Sacilər dövlətinə qatıldı və beləliklə, dövlətin şimal hüdudları Dərbəndə qədər genişləndirildi. Paytaxt Ərdəbildən savayı, Marağa, Təbriz, Urmiya, Xoy, Salmas, Mərənd, Beyləqan, Bərdə, Şəki, Naxçıvan, Şamaxı, Şabran, Dərbənd və başqa şəhərlər Sacilər dövründə böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edirdi.
Sacilər dövləti Dərbənddən Zəncanadək, Xəzərdən Göycəyə, Tiflisədək bütün tarixi Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirən ilk Azərbaycan dövləti olaraq tarixə düşdü. Bu fakt Azərbaycanın sonrakı taleyinə müsbət təsir göstərdi. Tarixi Adərbayqan, Albaniya torpaqları bir dövlətdə birləşdirildi, bu ərazilərdə yaşayan çoxsaylı türk mənşəli tayfaların etnik, iqtisadi, mədəni birliyi daha da möhkəmləndi, onlar arasında dialektik fərqlərin silinməsini, vahid Azərbaycan türk dilinin inkişafı prosesini sürətləndirdi.
Dostları ilə paylaş: |