11.4. Azərbaycan Səfəvi dövləti I Şah Abbasın dövründə
I Şah Abbasın hakimiyyətə gəlməsi. 1586-cı ildə Həmzə Mirzənin ölümündən sonra iki qızılbaş feodal qruplaşması arasında mübarizə kəskinləşdi. Məşhəd qruplaşması Herat qruplaşmasına qalib gəldi və Qızılbaş tayfalarının Xorasan qrupu 1587-ci ilin fevralında 16 yaşlı Abbas Mirzəni şah elan etdilər. Gənc şahın qəyyumu Mürşüdqulu xan oldu. Şah ölkənin daxili vəziyyətini nizama salmaq üçün Osmanlı dövlətinin irəli sürdüyü şərtlərlə sülh bağlanılmasına razılıq verdi. 1590-cı il İstanbul sülhü ilə Osmanlı-Səfəvi müharibələrinin II mərhələsi başa çatdı. Sülhə görə Qaradağ, Talış, Ərdəbildən savayı, indiki Ermənistan və Gürcüstan yerləşən ərazilər də daxil olmaqla bütün Azərbaycan, İranın qərb əraziləri Osmanlı imperiyasına qatıldı. Beləliklə, Azərbaycanın böyük bir hissəsi Osmanlıların əlinə keçdi. Osmanlılarla aparılan müharibələr, əyanların mərkəzi hakimiyyətə tabe olmamaları, ara müharibələri, kəndlilərin və sənətkarların üzərinə qoyulan vergilər XVI əsrin sonunda Səfəvilər dövlətinin zəifləməsinə səbəb oldu.
XVI əsrin sonunda beynəlxalq vəziyyət də Səfəvilər üçün əlverişli deyildi. Şərqdə Şeybanilər Xorasanı ələ keçirməyə çalışır, İran körfəzi və onun sahillərində portuqaliyalılar ağalıq edirdilər. Yalnız başı öz problemlərinə qarışmış Rusiya ilə münasibətlər normal idi. İstanbul müqaviləsi nəticəsində ölkənin daxili vəziyyəti nizama salındı. I Şah Abbas Səfəvilər dövlətinin sarsılmış qüdrətini bərpa etmək, itirilmiş torpaqları geri almaq üçün hərbi, inzibati və iqtisadi islahatlar keçirdi.
I Şah Abbas hakimiyyətə gəldiyi ilk gündən mərkəzi hakimiyyətə tabe olmayan feodallara divan tutdu. Hakimiyyətinin birinci ayı Mürşüdqulu xanı qəyyumluqdan kənar etməyi tələb edən Qorxmaz xanı və Mehdiqulu xanı, daha sonra isə qəyyumu Mürşüdqulu xanı və digər nüfuzlu şəxsləri edam etdirdi. Nəticədə, türk qızılbaş əyanlarının nüfuzu sarsıldı, fars ünsürləri gücləndi. I Şah Abbas iri torpaq sahiblərini sıxışdırmaq, edam edilmiş feodalların torpaqlarını ələ keçirmək yolu ilə şəxsi torpaqlarını xeyli genişləndirdi.
Dostları ilə paylaş: |