XVI əsrin sonunda Osmanlı – Səfəvi ziddiyətlərinin davam etməsi. 1580-ci ilın avqustun 15-də Səfəvi elçiləri III Muradla görüşdü və şahın məktubunu ona verdilər. Məktubda Osmanlı tərəfinin hərəkətlərinə narazılıq bildirilir, sülhün bərpa olunmasına çağırış edilirdi. Osmanlılar tutduqları Şirvanı qaytarmaq istəmir, Səfəvilər isə onu israrla geri tələb edirdilər. 1580-ci ildə qızılbaşlar Şirvana hücum etdi. Bu zaman III Murad Osmanlı ordusunun komandanı Sinan paşanı Şirvan üzərinə göndərdi. Qışı Ərzurumda qalan Sinan paşa hədələyici məktubla Səfəvi sarayına elçi göndərdi. Lakin elçiyə çox sərt cavab verildi və bildirildi ki, 100 minlik qızılbaş ordusundan bir nəfər qalana kimi mübarizəni davam etdirəcəklər.
1580-ci ildə Səfəvilər Şirvanı ələ keçirdilər. Bu zaman Krım xanının Azərbaycana dördüncü hücumu baş verdi və onların köməyi ilə Bakı osmanlılar tərəfindən tutuldu. Lakin osmanlılar qızılbaşların həmlələrinə tab gətirməyib Dərbəndə çəkildilər, Krım tatarları isə Azərbaycanı tərk etdilər. 1581 – ci ilin yazında Krım xanı Qazı Gəray və Osmanlı qoşunları Şirvana hücum etdi, lakin yeni qüvvə almış Peykər xan Şamaxı - Şabran arasında onları məğlub etdi, tatar xanı Qazı Gərayı əsir aldı və təcili Xorasana qayıtdı: Xorasanda şaha qarşı qiyam başlamışdı. Xorasana yürüş edən qızılbaşların geri qayıtmamasından istifadə edən osmanlılar 1582-ci ildə Şamaxını yenə ələ keçirdilər. 1583-cü ilin yazında Şamaxı yaxınlığında Osmanlı qoşunları məğlub oldu, lakin bir necə gün sonra Samur çayı yaxınlığında baş verən “Məşəl döyüşündə” Osmanlılar qələbə çaldılar. Qızılbaşların məğlubiyyəti ölkənin ağır daxili vəziyyəti ilə bağlı idi.
1583 – cü ildə Osmanlı – Səfəvi danışıqları başladı. III Sultan Murad Şirvanın Osmanlıya verilməsi şərtilə sülh təklif etdi. Qızılbaşlar Amasya sülhünə (1555) uyğun sülh istəyirdilər. Danışıqlar nəticəsiz qaldı və müharibə yenidən qızışdı.
Dostları ilə paylaş: |