I Şah Abbas aşağıdakı islahatları keçirdi: qızılbaşların təkbaşına silah gəzdirmək hüququ ləğv edildi. İranlılara qoşunda qızılbaşlarla bərabər xidmət etmək hüququ verildi. Tayfa başçılığında irsilik ləğv edildi. Qoşunun təşkilində tayfa müxtəlifliyi prinsipi əsas götürüldü. Hərbi islahat nəticəsində aşağıda adı çəkilən müxtəlif dərəcəli qoşun növlərindən ibarət yeni tipli ordu yaradıldı:
1) Qızılbaşlar. Əsasən, süvarilərdən ibarət olmaqla bütün XVII əsr boyu Səfəvi qoşununda üstünlük təşkil edirdi. Şah türk - qızılbaşlardan əlavə kürd, lur, çağatay və başqa tayfalardan olanları da hərbi qulluğa cəlb etdi; 2) Qulamlar. Xüsusi qvardiya kimi əsasən xristian-gürcü, çərkəz, erməni və sair ailələrin nümayəndələrindən təşkil edilən. Onların sayı təribən 15 min nəfər təşkil edirdi; 3) Tüfəngçilər. Bu döyüşçülər xüsusi siyahı ilə ölkənin müxtəlif yerlərindən və əhalinin aşağı təbəqə təbəqəsindən toplanırdı. Onların arasında Azərbaycan türkləri çoxluq təşkil edirdi və sayları 12 min nəfər idi; 4) Artilleriya – topçular dəstəsi. I Şah Abbasın yenidən təşkil etdiyi ordunun 500 səhra topu var idi.
1598-ci ildə paytaxt Qəzvindən İsfahana köçürüldü. Bunun nəticəsində sarayda fars ünsürləri gücləndi. Azərbaycan türklərinin I Şah Abbasdan narazı olmasına baxmayaraq, Qaradağ və Qəzvindən İsfahana köçürülən çoxlu Azərbaycan türkləri orada şahın şərəfinə salınmış “Abbasabad” məhəlləsində yerləşdirildilər. I Şah Abbas İsfahanda tacir və əsnafları bir sıra vergilərdən azad etdi.
Şah dövlətin maliyyə vəziyyətini nizama salmaq üçün yüksək vəzifəyə təyin etdiyi şəxslərdən xəzinəyə müəyyən miqdarda “peşkəş” verilməsini tələb etdi. Etimad-üd-dövlə (baş vəzir) təyin edilən Hatəm bəy Ordubadi dövlətin mədaxil və məxaric dəftərlərini tərtib etmişdi. Şah ruhanilərə və oturaq əhaliyə vergilərdə müəyyən güzəştlər etdi. Bu islahatdan sonra da qızılbaşlar dövlət idarəçiliyində mühim yer tuturdular.
Beləliklə, I Şah Abbas mərkəzi hakimiyyəti möhkəmlətməkdə marağı olan feodal qruplarına, tacir və sənətkarlara arxalanaraq hərbi köçəri əyanların müqavimətini qırdı. 44 min nəfərdən ibarət güclü nizamlı ordu yaratdı. Azərbaycan türklərindən ibarət qızılbaş süvari ordusunun şöhrətini bərpa etdi. Eyni zamanda I Şah Abbasın islahatlarının Azərbaycan dövlətçiliyi üçün ağır nəticələri də oldu. XVI əsrdə Səfəvilər dövlətinin özəyini Azərbaycan türkləri təşkil etdiyi halda, I Şah Abbasın islahatları nəticəsində XVII əsrdən tədricən dövlət idarəçiliyinə irandilli tayfalardan çıxmış və sair qeyri-türk mənşəli məmurlar da cəlb edildi, rəsmi dövlət dili kimi Azərbaycan türkcəsi ilə yanaşı fars dili də işlədilməyə başladı. Bununla yanaşı, I Şah Abbas Azərbaycan türkcəsinə də önəm verirdi və sarayda Azərbaycan türk dilində danışmaq məcburi və zəruri idi. I Şah Abbasın qəbulunda olmuş italiyan səyyahı Pietro Della Valle may 1618-ci il tarixli məktubunda yazır: “Şah mənim Türk dilini bilib bilmədiyimi soruşdu və sonra mənə, "Xoş gəldi, səfa gəldi" dedi. Əyləşmək üçün şahın iznini aldıqdan sonra türk dilində səyahətimin səbəbləri və digər məsələlər haqqında məni sorğu-sual etdi. Mən qısa olaraq vəziyyətimlə bağlı məlumat verdim”.
I Şah Abbas Səfəvilər dövlətinin əvvəlki qüdrətini bərpa etdi. İngiltərə, İspaniya, Roma papası və Rusiya ilə əlaqələri genişləndirdi .
Dostları ilə paylaş: |