İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT...................................511
ÖN SÖZ
Azərbaycanda yetişməkdə olan gənc nəslin tarixi yaddaşının möhkəmlənməsində, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsində, onların təkcə hərtərəfli inkişaf etmiş ixtisasçı kimi deyil, həmçinin Azərbaycanı sevən, onu hər an müdafiə etməyə hazır olan bir vətəndaş kimi formalaşmasında “Azərbaycan tarixi” fənninin rolu əvəzsizdir. Mövcud maddi və mənəvi mənbələr sübut edir ki, Azərbaycan xalqı qədim və zəngin tarixə malikdir. Dünyanın ilk sivilizasiyalarının yarandığı məkanlardan biri olan Azərbaycanın böyük tarixilə fəxr etməyə hər bir azərbaycanlının mənəvi haqqı vardır.
“Azərbaycan tarixi” kursunun mövzusu çox genişdir, çünki o ölkəmizin ən qədim dövrlərindən bu günümüzədək mövcud olan sosial-iqtisadi, siyasi, etnik, mədəni tarixini əks etdirir. Sovet dövründə elmi ədəbiyyatda Azərbaycan tarixinin müxtəlif dövrləri və problemləri eyni səviyyədə araşdırılmamış, Azərbaycan xalqının etnogenezi və təşəkkülü, Azərbaycanın tarixi-coğrafiyası və sair mühüm məsələlər barəsində elmi cəhətdən əsaslandırılmayan, qərəzli fikirlər söylənilmiş, uzun illər Azərbaycan xalqının tarixi ondan gizlədilmiş, Azərbaycan xalqına türkçülüyü, onun əsl etnik mənşəyini unutdurmağa çalışmışlar.
Müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin müdrik rəhbərliyi ilə gənc Azərbaycan Respublikası inamla gələcəyini qurmağa başladı. Sosial-iqtisadi, siyasi, mədəni sahələrdə, o cümlədən elm sahəsində xalqımızın fəaliyyəti üçün geniş imkanlar açıldı. Bu gün Respublikamızda ictimai-siyasi, iqtisadi həyatın bütün sahələrində olduğu kimi elm və xüsusən də, tarix elminin inkişafı istiqamətində də mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycanın tarixçi-alimlərinin son illərdə apardığı elmi araşdırmalar nəticəsində Azərbaycan tarixinin “qaranlıq” qalan səhifələri işıqlandırılmış, xalqımızın həqiqi tarixinin ölkə ictimaiyyətinə və beynəlxalq aləmə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.Tarixçilərimizin əldə etdikləri son elmi nəticələr təqdim olunan “Azərbaycan tarixi” kursunda öz əksini tapmışdır.
Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan tarixinin elmin son nailiyyətləri əsasında tam obyektiv şəkildə yenidən yazılmasını və öyrənilməsini vacib bir vəzifə kimi qarşıya qoymuşdur. Bu gün Azərbaycanın iqtisadi-siyasi, mədəni təsir diapazonunun daha da genişləndiyi bir şəraitdə ölkəmizin tarixinin tədrisinin daha da təkmilləşdirilməsi və milli-mənəvi dəyərlərimizin gənc nəslə daha dərindən aşılanması tələb olunur. Təqdim olunan “Azərbaycan tarixi” adlı dərslik bu vəzifənin yerinə yetirilməsində öz töhfəsini verəcəkdir.
Son illərdə Azərbaycan tarixinə aid bir sıra dərsliklər və dərs vəsaitləri nəşr olunmuşdur. Təqdim olunan dərslik özünəməxsus xüsusiyyətlərə malikdir. Burada “Azərbaycan tarixi” kursunun materialı Ali məktəblərdə tədris olunan “Azərbaycan tarixi” fənninin proqramına uyğun olaraq tərtib olunmuşdur.
Dərslikdə Azərbaycan tarixi 22 mövzuya bölunmuşdür və mövzular Ali məktəblərdə “Azərbaycan tarixi” fənninə Dövlət tərəfindən qoyulan standarta uyğun olaraq formalaşdırılmışdır.
Dərslikdə A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Y.M.Mahmudovun rəhbərliyi və redaktəsi ilə işlənilmiş Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid 20-dən artıq tarixi xəritələr yer alır.
“Azərbaycan tarixi” adlı dərslik hər şeydən öncə ali məktəb müəllimləri, bakalavr və magistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün, o cümlədən Azərbaycan tarixini öyrənən və maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.
Dərslikdən həm tarix, həm də mövzulara ayrılan vaxt azaldılmaqla Ali məktəblərdə qeyri-tarix ixtisas qrupları üzrə “Azərbaycan tarixi” fənninin tədrisində istifadə oluna bilər.
Dostları ilə paylaş: |