Xanlıqların yaranmasının sosial-iqtisadi və siyasi şərtləri. XVIII əsrin ortalarında Nadir şahın yaratdığı dövlət dağıldıqdan sonra Azərbaycanda bir sıra müstəqil dövlətlər - xanlıqlar meydana gəldi. Nadir şahın ölümündən sonra xanlıqların meydana gəlməsinin səbəbləri bunlar idi: 1) natural təsərrüfat, ayrı-ayrı vilayətlər arasında iqtisadi əlaqələrin zəifliyi; 2) Səfəvilər dövləti və Nadirin yaratdığı Əfşarlar dövlətinin sabit mərkəzi aparata malik olmaması.Belə ki, əyalətlərin idarə edilməsi irsi hakimiyyətə malik olan nüfuzlu tayfa başçılarına tapşırılırdı. Bu isə mərkəzi hakimiyyət zəifliyəndə onların müstəqilliyə can atmasına imkan yaratdı; 3) xalqların mərkəzi hakimiyyətə qarşı azadlıq mübarizəsi; 4) xanlıqların yaranması, həmşinin beynəlxalq şəraitlə əlaqəli idi - Qərbi Avropa dövlətləri, qonşu Rusiya və Gürcüstan Azərbaycanda mərkəzləşmiş dövlətin yaranmasında maraqlı deyildilər; 5) böyük coğrafi kəşflərdən sonra Azərbaycan beynəlxalq ticarət yollarından kənarda qaldı və onun vahid dövlət kimi mövcudluğuna maraq azaldı.
XVIII əsrin ortalarında Azərbaycan müstəqil və yarımmüstəqil xanlıqlara, sultanlıqlara və məlikliklərə parçalandı. Azərbaycanın cənubunda Urmiya, Təbriz, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Maku, Marağa, şimalında isə Şəki, Qarabağ, Quba, Dərbənd, Bakı, Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Lənkəran, Salyan və Cavad xanlıqları meydana çıxdı.
Urmiya xanlığı. XVIII əsrin ortalarında Urmiya gölünün cənubi-qərbində Urmiya xanlığı meydana gəldi. Onun əsası Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. O, Təbrizi ələ keçirib paytaxtı bura köçürtdü və Nadir şahın görkəmli sərkərdələrindən biri Azad xanı öz tərəfinə çəkdi. Xoy hakimi Şahbaz xanla ittifaqa girdi. Qaradağ, Marağa və Sərab xanlıqlarını hərbi yolla özündən asılı vəziyyətə saldı. O, 1751-ci il də İrəvan üzərinə hücum etdi, lakin müvəffəqiyyət qazanmadı.
XVIII əsrin 50-ci illərində İranda taxt-tac uğrunda mübarizədə zənd tayfasından olan Kərim xan Zənd daha fəal idi. O, 1752-ci ildə Cənubi Azərbaycana yürüş etdi. Lakin Fətəli xan Əfşar tərəfindən məğlub edildi, döyüşdə qardaşı İsgəndər öldürüldü, özü isə Farsa qaçdı. 1755 - 1756-cı illərdə Məhəmmədhəsən xan Qacar Kərim xan Zənd üzərində qələbə çaldıqdan sonra, Qarabağı, Təbrizi və Urmiyanı ələ keçirdi. Lakin 1759-cu ildə Məhəmmədhəsən xan Qacarın ölümündən sonra Fətəli xan Əfşar Təbrizə qayıdıb hakimiyyətini möhkəmləndirdi. 1759 - cu ildə Qarabağa hücum etdi və Pənahəli xanı özündən asılı vəziyyətə saldı. O, Pənahəli xanın oğlu İbrahimxəlil xanı girov apardı. Lakin bu zaman İranda hakimiyyətini möhkəmləndirən Kərim xan Zənd yenidən Cənubi Azərbaycana hücum etdi. 1761-ci ilin yayında Qaraçəməndə baş verən döyüşdə Fətəli xan Əfşar qələbə çaldı, arxayınlaşdı. Kərim xan Zənd qüvvələrini cəmləyib Fətəli xan Əfşarı Urmiya qalasına sıxışdırdı, buranı 9 ay mühasirədə saxladı. Kərim xan Zənd digər Azərbaycan hakimlərini, o cümlədən qarabağlı Pənahəli xan da öz tərəfinə çəkdi. Urmiya qalası təslim oldu və Fətəli xan Əfşar əsir düşdü. Kərim xan Zənd Fətəli xan Əfşarı qardaşı İsgəndər öldürüldüyü yerdə öldürdü. Ona kömək edən xanları qonaqlıq adı ilə Şiraza apardı. Onlar arasında Pənahəli xan, Xoylu Şahbaz xan və başqaları da var idi. O, bu yolla xanları öz vətənlərindən uzaqlaşdırdı. Bu hadisə tarixdə “Şiraz qonaqlığı” adlanır. Xanların bir çoxu, o cümlədən Pənahəli xan orada öldü, bəziləri isə müxtəlif yolla qaçıb canını qurtara bildi.
Dostları ilə paylaş: |