Yeni çıxışlar. Nadir şahın öldürülməsi. Şirvan və Şəkidə baş verən üsyanlardan sonra xalqın vəziyyəti daha da ağırlaşdı. Nadir şah yeni-yeni vergilər üçün fərmanlar verdi, keçən ildən qalmış vergi borclarının ödənilməsini tələb etdi. Üsyan dalğası yenidən gücləndi. 1747-ci ildə Ərdəbildə və Təbrizdə üsyan başladı. Təbriz üsyanına III Sam Mirzə başçılıq edirdi. Üsyançılar Novruz bayramı günü şəhəri ələ keçirdilər və şahın adamlarını qırdılar. Onlar İrəvana hücum etdilər, müqavimətə rast gəlib Təbrizə qayıtdılar. Bu üsyan da məğlubiyyətlə başa çatdı, III Sam Mirzə qətlə yetirildi.
Xalqların azadlıq mübarizəsi, aramsız müharibələr, iqtisadi vəziyyət, iri feodal qrupları arasındakı mübarizə - bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza tədbirlərinə başlayır. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də yan keçmədi. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişirdi. 1747-ci ilin iyununda gecə Nadir şah öz çadırında qətlə yetirildi.
Dostları ilə paylaş: |