İrəvan xanlığı. Xanlıq 1747-ci ildə Mirmehdi xan (1747-1764) tərəfindən yaradılmışdır. Paytaxtı İrəvan şəhəri olmuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı əraziləri əhatə edirdi. Demək olar ki, bütün əhalisi Azərbaycan türklərindən ibarət idi. 1764-1783-cü illərdə xanlığı Hüseynəli xan idarə etmişdir.Onun dövründə (1756-1769-cu illər) İrəvan xanlığı gürcülərin hücumlarına məruz qaldı. 1779-cu ildə gürcü çarı II İrakli yenə İrəvana yürüş təşkil etdi. Gürcülər güclü müqavimətlə qarşılaşdılar və II İrakli 1780-ci ildə Hüseynəli xanla müqavilə bağlamağa məcbur oldu. Bu müqaviləyə əsasən, Hüseynəli xan ildə müəyyən məbləğdə pul ödəməyi vəd edirdi. Hüseynəli xan digər xanlıqlarla əlaqə yaradaraq xərac ödəməkdən imtina etdi. 1783-cü ildə Georgiyevsk traktatından Rusiyanın dəstəyini alan II İrakli İrəvan xanlığına təzyiqləri artırdı. O, Hüseynəli xanı onun qardaşı Məhəmmədhəsən xanla əvəz etmək üçün iki qardaş arasında ixtilaf saldı. 1783-cü ildən İrəvan əhli iki qardaşın mübarizəsindən cana gələrək ikisini də öldürdülər. Hakimiyyətə Hüseynəli xanın oğlu Qulaməli xan gəldi (1783-1785). 1785-ci ildə II İrakli İrəvanda saray çevrilişi təşkil etdi və Qulaməli öldürüldü. Hakimiyyətə Məhəmməd xan gətirildi. Bundan sonra 1785-1786-cı illərdə İrəvan xanlığına avar xanı Ümmə xan, 1795-ci ildə isə Ağa Məhəmməd xan Qacar hücum etmişdir. İrəvan xanı Məhəmməd xan Qacarın hakimiyyətini qəbul etdi. Lakin bu onu xilas etmədi. Qacar onu həbs etdirib xanlıqda taxta Əliqulu xanı çıxartdı. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra (1797) İran şahı Fətəli şah Məhəmməd xanı azad etdirib yenə İrəvan xanı təyin etdi. 1827-ci ilin oktyabrın 1-də İrəvan xanlığı Rusiya tərəfindən işğal edildi və ərazisində rus çarı I Aleksandrın 1828-ci il 21 mart tarixli fərmanı ilə “Erməni vilayəti” yaradıldı.