Car-Balakən üsyanı. Azərbaycanın bütün əyalətlərində komendant idarə üsulu yaradılmış, lakin Car-Balakən camaatının daxili muxtariyyəti saxlanılmışdı. Bu isə Rusiyanın müstəmləkəçilik siyasətinə uyğun gəlmirdi. Car hökuməti əvvəlcə camaatlığın muxtariyyətini ləğv etmək, sonra isə buradan Dağlıstana qarşı hərbi istinadgah kimi istifadə etmək istəyirdi. Əvvəlcə əhaliyə bəyannamə ilə müraciət edildi. Orada göstərilirdi ki, vilayət yeni “Qaydalar“la idarə ediləcəkdir. “Qaydalar”da qeyd edilirdi ki, vilayəti idarə etmək üçün 9 nəfərdən ibarət “Müvəqqəti idarə“ təşkil edilir. “Müvəqqəti idarə”yə onun rəisi, baş hakimin təyin etdiyi iki məmur, camaat tərəfindən seçilmiş 6 nəfər nümayəndə daxil idi. Əslində isə bütün hakimiyyət rəis və iki məmurun əlində cəmləşmişdi. Yerli nümayəndələr məşvərətçi səsə malik idilər.Adı çəkilən “Qaydalar “ İlisu sultanlığına da aid edildi.
Yeni idarə üsulu Car-Balakəndə həyəcana səbəb oldu və “Qaydalar“da göstərilənləri tətbiq etmək üçün 1830-cu ilin fevralında rus qoşunları hücuma keçərək əsas yaşayış məntəqələrini ələ keçirdilər. Çar generalı hücumu qış aylarına salmışdı ki, dağıstanlılar carlıların köməyinə gələ bilməsin. Camaatlığın rus qoşunları tərəfindən tutulması, yeni idarə üsulunun tətbiqi, vergilərin artırılması, camaatlığın siyasi hüquqlarının məhdudlaşdırılması carlıların narazılığını artırdı. Dağlıların azadlıq mübarizəsi də buna öz təsirini göstərdi. Mübarizənin liderlərindən biri Şeyx Şaban əhaliyə müraciət etdi və onları mübarizəyə çağırdı. Onun müəyyən etdiyi vaxtda - 1830-cu ilin iyunun 12-də üsyan başladı. İyunun 21-də Zaqatala qalası yaxınlığında baş verən döyüşdə üsyançılar məğlub oldular. Lakin carlılar dağlıların başçısı Həmzət bəylə əlaqə yaratdılar. Həmzət bəy iki min döyüşçü ilə onların köməyinə gəldi. Oktyabrın 15-də baş verən döyüşdə rus ordusu məğlub oldu. Üsyançılar Car vilayətinə yiyələndilər. Lakin çar generalı Şeyx Şaban və Həmzət bəyi ələ aldı və onlar buranı tərk etdilər. Noyabrın 14-də Car rus qoşunları tərəfindən tutuldu. Üsyançılardan 32 nəfər edam edildi. Həmin ilin dekabrında baş verən Balakən üsyanı da amansızlıqla yatırıldı.
Dostları ilə paylaş: |