İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Şimali Azərbaycanda milli-siyasi partiyalar və təşkilatlar. Azərbaycanlı deputatların Dövlət Dumasında fəaliyyəti



Yüklə 0,94 Mb.
səhifə277/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   273   274   275   276   277   278   279   280   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

17.2. Şimali Azərbaycanda milli-siyasi partiyalar və təşkilatlar. Azərbaycanlı deputatların Dövlət Dumasında fəaliyyəti.
Birinci rus inqilabının yüksəlişindən qorxuya düşən çar II Nikolay 1905-ci il dekabrın 11-də Dumaya seçkilər keçirilməsi haqqında fərman imzaladı. Həmin fərmana uyğun olaraq 1906-cı il mayın 31-də Azərbaycanda I Dumaya seçkilər keçirildi. Görkəmli ictimai-siyasi xadimlər olan Əlimərdan bəy Topçu­başov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, Əbdürrəhim bəy Haqverdiyev Dumaya deputat seçildilər. Rusiya müsəlmanlarından seçilən 46 deputat Dumada Müsəlman fraksiyasında birləşdi. Ə.M.Top­çubaşov fraksiyanın sədri seçildi. Müsəlman fraksiyası Dumada Kadet partiyasının mövqeyində dayanmışdı. Lakin çar hökuməti I Dumanı 1906-cı il iyulun 7-də buraxdı.1906-cı ilin sonu - 1907-ci ilin əvvəl­lərində Azərbaycanda II Dumaya seçkilər keçirildi. Mülkədar və burjua ziyalılarının ləyaqətli nümayəndələri Fətəli xan Xoyski, Məmmədağa Şahtaxtinski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov və Zeynal Zeynalov II Dumaya deputat seçildilər. II Duma 1907-ci il fevralın 20-də ilk iclasına başladı. Müsəlman deputatlar yenə də öz fraksiyalarını yaratdılar.Fraksiyanın hazırladığı on bir bölmədən ibarət proqramda türk xalqlarının bütün social-iqtisadi, siyasi və mədəni problemləri öz əksini tapmışdı. Lakin II Dumanın da fəaliyyəti çar hökumətini razı salmadı. 1907-ci il iyunun 3-də II Duma buraxıldı və III Dumaya seçkilər keçirilməsi haqqında çarın fərmanı verildi.

Yeni seçki qanunu son dərəcə mürtəce və müstəmləkəçi xarakterə malik idi. Qafqaz, Mərkəzi Asiya və Sibir xalqları siyasi cəhətdən qeyri-yetkin xalqlar hesab edilərək seçki hüququndan məhrum edildilər. Cənubi Qafqaz müsəlmanlarından III Dumaya cəmi bir nəfər – Xəlil bəy Xasməmmədov seçildi. Dumada tək olmasına baxmayaraq X.Xasməm­mədov öz üzərinə düşən vəzifələri çox böyük məsuliyyət və ləyaqətlə yerinə yeti­rirdi.1912-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda IV Dövlət Dumasına deputat seçkiləri keçirildi. Bütün Cənubi Qafqaz müsəlmanlarından yeganə deputat hüquqşunas Məmmədyusif Cəfərov seçildi. O da öz sələflərinin yolunu ləyaqətlə davam etdirdi.

XX əsrin əvvəllərində Rusiyada baş verən siyasi hadisələr (rus-yapon müharibəsi, 1905-1907-ci illər inqilabi, erməni-azərbaycanlı münaqişəsi və s.) Azərbaycan xalqının milli mənlik şüurunun oyanma­sına, milli özünüdərkin və milli təfəkkürün inkişafına mühüm təsir göstərirdi.Bu dövrdə milli hərəkatın başlanmasına iki əsas amil təsir göstərirdi: 1) milli burjuaziyanın dəstəyi ilə müxtəlif təhsil ocaqlarında təhsil alaraq vətənə qayıdan Azərbaycan gəncləri milli demokratik hərəkatın yaranması və inkişafında böyük rol oynamağa başladılar. İxtisasa yiyələnməklə bərabər qabaqçıl Avropa ideologiyası ilə də tanış olan Azərbaycan ziyalıları milli özünüdərketmə, mənəvi dəyərlər, xalqın tarixi, etnik mənşəyi ilə bağlı məsələlərin araşdırılmasının zəruriliyini anladı; 2) çarizmin türk-müsəlman xalqlarına qarşı yönələn milli müstəmləkə siyasəti nəticəsində milli hərəkatda “Milliyət və hürriyət”, “Məşrutə və müsavat” ideyaları geniş vüsət aldı. M.Ə.Rəsulzadənin dediyi kimi, “Millət inanmağa başladı ki, istiqlal xaricində onun üçün əlavə Azərbaycan yoxdur”.O dövrdə yaşamış milli ziyalılarımızın qabaqçıl nümayəndələrindən H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Nəri­manov, C.Məmmədquluzadə, H.Cavid, Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.M.Topçubaşov, F.Köçərli, M.Ə.Rəsulzadə və b. milli mətbuatda çıxış edərək xalqın milli təfəkkürünün formalaşmasında mühüm rol oynadılar. Bu işdə H.Zərdabinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin millətçilik, dövlət­çilik, demokratizm və azərbaycançılıq ideyaları misil­siz rol oynadı. Türk dünyasının görkəmli ideoloqları İ.Qaspı­ralı, Ə.Hü­seyn­zadə, Y.Akçura oğlu, Ə.Ağaoğlunun türkçülüyə dair fikir­lərində obyektiv olaraq Azərbaycanın milli müstəqilliyinin ümumtürk azadlığı­nın tərkib hissəsi olduğu ideyası öz əksini tapdı.

Azərbaycanın qabaqçıl ziyalıları imperiyanın müstəmləkə əsarə­tindən azad olmaq məqsədilə ilk gizli siyasi təşkilatların yaradılmasını vacib bilirdilər. 1902-ci ildə Bakıda M.Ə.Rəsulza­dənin rəhbərliyi ilə “Müsəlman gənclik təşkilatı” yaradıldı. Az sonra həmin təşkilat “Müsəl­man demokratik “Musavat” cəmiyyəti”nə çevrildi. Azərbaycanlı fəhlələr arasında milli demokratik ideyaları yaymaq məqsədilə M.Ə.Rəsulzadə, M.H. Mövsümov, M.H.Hacınskinin təşəbbüsü ilə 1904-cü ilin oktyabr ayında “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradıldı. “Hümmət” təşkilatı RSDFP Bakı Komi­tə­sinin nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci illərdə “Hüm­mət” təşkilatının eyni adlı qəzeti nəşr etdirildi. 1906-1907-ci illərdə təşkilatın “Təkamül” və “Yoldaş” qəzetləri nəşr edilmişdi. Təşkilatın işində N.Nəri­manov, M.Əzizbəyov, Ə.Axundov və b. fəal iştirak edirdilər.

1905-1906-cı illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri milli qırğınlar geniş vüzət aldığı üçün milli demokratik fikirli ziyalılar siyasi partiyalar və müdafiə cəmiyyətləri yaratmağa başladılar. Bu məqsədlə Əhməd bəy Ağaoğlu 1906-cı ildə “Difai” (“Müdafiə”) partiyasını yaratdı. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Partiyanın Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Naxçıvanda, Qarsda, Vladiqafqazda və başqa yerlərdə şöbələri yara­dılmışdı. Partiyanın “Qarabağ birlik məclisi” adlı şöbəsi Şüşada yer­lə­şirdi. Kərim bəy Mehmandarovun sədrlik etdiyi şöbənin 400 nəfərlik suvaridən ibarət döyüş drujinası var idi. “Difai” partiyasının Gəncə şöbəsinin sədri Ələkbər bəy Rəfibəyli öz qüvvələrini qacaq Dəli Alının dəstəsi ilə birləşdirərək Gəncəbasarda erməni daşnaklarına divan tuturdu. Çar hakim dairələri “Difai” təşkilatından qorxur, onu “Müsəl­man döyüş partiyası” adlandırırdılar.

1906-cı ilin avqust ayında Yeliza­vetpol şəhərində “Qeyrət” təşkilatı yaradılmışdı. Ş.Rüstəmbəyov tərəfindən əsası qoyulan “Qeyrət” təşkilatı öz qarşısına erməni təcavüzünə qarşı mübarizə aparmaq, Azərbaycan xalqının namusunu, qeyrətini, milli mənafeyini qorumaq məqsədini qoymuşdu. “Qeyrət” təşkilatının üzvləri hər həftə Yeliza­vetpol şəhərinin baş məscidində iclaslar keçirir, xalq arasında tədbiğat aparır, onların müdafiəsinin möhkəmləndirilməsinə çalışır və bu məqsədlə imkanlı adamlardan ianə toplayırdılar.

1907-ci ilin may ayında daha bir müsəlman partiyası olan “Müda­fiə” təşkilatı yaradıldı. “Müdafiə” partiyasının rəhbəri korpus topoqrafı, podpolkovnik İbrahim ağa Vəkilov olmuşdur. Yelizavetpol quberniya­sının qərb hissəsində və Tiflisə yaxın qəzalarda, əsasən Borcalıda fəaliy­yət göstərən “Müdafiə” partiyası Azərbaycan milli hərəkatının inkişa­fında mühüm rol oynamışdır. Partiyanın amalı Qafqaz müsəlman­larının ümumi düşmənə qarşı mübarizə birliyi, Azərbaycan xalqının azadlığı, maarif və mədəniyyətin inkişafı, nadanlığa, cəhalətə və geriliyə qarşı mübarizə motivlərinə söykənirdi. “Difai”, “Qeyrət” və “Müdafiə” təşki­lat­larının başlıca məqsədi Azərbaycan xalqının erməni daş­nakları və millətçiləri tərəfindən soyqırımının qarşısını almaq, tökülən günahsız qanların dayandırılması olmuşdur. Bu təşkilatların fəaliyyəti nəticəsində azğın erməni millətçilərinin quduz hərəkətlərinin qarşısı bir qədər alınmış, milli qırğın müəyyən dərəcədə dayandırıl­mışdır.

1905-1907-ci illər inqilabı türk xalqlarının milli mübarizəsinin yüksəlişinə yeni təkan verdi. Rusiya müsəl­manlarının birgə fəaliyyət istiqamətində mübarizəsi geniş­lənməkdə idi. Bunun nəticəsi olaraq 1905-ci il avqustun 15-də Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının birinci qurultayı keçirildi. Qurultay “İttifaqül­müslü­min” adlı Ümum­rusiya müsəlman ittifaqını yaratmağı qərara aldı. Rusiya müsəlmanlarının ikinci qurultayı 1906-cı il yanvarın 13-dən 23-dək Peterburq şəhərində qeyri-leqal şəraitdə keçirildi. Qurultayda “Müsəl­man İttifaqı”nın Nizamnaməsi və Proqramı müzakirə edilərək qəbul edildi. Proqramda Ümumrüsiya türklərini birləşdirmək və çarizmə qarşı vahid cəbhədə mübarizə aparmaq vəzifəsi irəli sürüldü.

1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda Ümum­rusiya müsəl­­man­larının üçüncü qurultayı keçirildi. Qurultay “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı şəhəri olmaqla 15 nəfərdən ibarət Mərkəzi Komitə yaratmağı qərara aldı. MK-nin nəzdində üç nəfərlik büro yaradıldı. Onun tərkibinə Ə.M.Topçubaşov (sədr), A.Apo­nayev (xəzinədar) və Ə.İbrahimov daxil edildilər.

1905-ci ilin 17 Oktyabr Manifesti çar II Nikolay tərəfindən elan edildikdən sonra bir qrup Bakı liberalı kadetlərin Bakı şöbəsi ilə sıx əlaqədə olan Konstitusiyalı Müsəlman Partiyası yaratdı. Partiyanın Proqramında Cənubi Qafqazın öz məclisi (Seymi) və milli idarəçilik qurumları olan müstəqil bir bölgəyə çevrilməsi öz əksini tapmışdı.

Azərbaycan xalqının milli-azadlıq mübarizəsində mühüm rol oynamış “Müsavat” (“Bərabərlik”) partiyası 1911-ci ilin oktyabr ayında əvvəllər M.Ə.Rəsulzadə ilə “Hummət” qrupunda çalışmış Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağı oğlu tərəfindən yaradılmışdır. Partiyanın adı müsəl­manların ruslarla bərabər hüquqlara malik olmaq, bütün islam dünyasında müstəqilliyə qovuşmaq arzusunu özündə əks etdirirdi.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasi­bətilə çar hökumətinin verdiyi əhv-ümumidən istifadə edən M.Ə.Rəsulzadə Azərbaycana qayıtdı və “Müsavat” partiya­sına daxil olaraq onun lideri oldu. Yarandığı ilk dövrlərdə “Müsavat” partiyası qeyri-leqal fəaliyyət göstərməyə məcbur olmuşdu. Üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə partiya üzvləri üç nəfərlik dərnəklərdə birləşmişdilər. “Müsavat”ın 1912-ci ildə qəbul etdiyi birinci Proqramı islami mahiy­yətdə idi. Burada müsəlman xalqlarının birliyi, dövlət müstəqilliyi və dövlət­çiliyinin bərpasına maddi və mənəvi yardım göstərmək, müsəl­manların birliyi və tərəqqisinə çalışan partiyalarla əlaqə yaratmaq vəzifələri irəli sürülmüşdü. M.Ə.Rəsulzadə öz əsərlərində partiyanın ideologiyasına ciddi təsir göstərdi, onun ideya istiqamətini “hümmət­çilikdən millətçiliyə”, “islamçılıqdan türkçülüyə” doğru yeniləşdirməyə nail oldu. O, Əli bəy Hüseyn­zadənin “türkləşmək, islamlaşmaq, müasir­ləş­mək” ideyasını başlıca istiqamət kimi irəli sürdü.

M.Ə.Rəsulzadə 1915-ci il oktyabrın 2-də “Müsavat” partiyasının oqranı olan “Açıq söz” qəzetini nəşr etdirməyə başladı. M.Ə.Rəsulzadə və partiya üzvlərinin çap etdirdikləri məqalələr azərbaycanlılar arasında türkçülük və millətçilik ideyalarının yayılmasında mühüm rol oynadı. “Müsavat” partiya­sının yaranması ilə Azərbaycan milli hərəkatı özü­nün yeni inkişaf mərhələsinə qədəm qoydu. Milli-azadlıq hərəkatının yüksə­lişində, xalqımızın milli - mədəni bir varlıq olaraq dünya millətlərinə tanıdılmasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılma­sında “Müsa­vat” partiyasının müstəsna xidmətləri olmuşdur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin