1920-ci ilin əvvəllərində AXC-nin vəziyyəti. Beşinci hökumətin əsas uğurlarından biri 11 yanvar 1920-ci il tarixdə AXC-nin Antanta Ali Şurası tərəfindən tanınması idi. “Antanta” ölkələri Azərbaycana silah və hərbi sursatla yardım etmək qərarına gəldilər. Ancaq Azərbaycanın istiqlaliyyətinin Antanta ölkələri tərəfindən tanınması baş verəcək təhlükəni sovuşdurmadı.
Azərbaycanın ictimai-siyasi həyatı çox mürəkkəb idi. Ölkə iqtisadi, siyasi və sosial böhran içində boğulurdu.Türkiyə və Sovet Rusiyası arasındakı münasibətlərin istiləşməsi Azərbaycan-Türkiyə münasibətlərinin soyuqlaşmasına gətirdi. Bundan istifadə edən Sovet Rusiyası Azərbaycana təzyiqlərini artırdı.
Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin öz müqəddəratını təyin etmək hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.
1920-ci ilin yanvarın əvvəllərində Sovet Rusiyası AXC-yə nota verib Denikinə qarşı vuruşmağı tələb etdi. AXC hökuməti Rusiyanın daxili işlərinə qarışmaq istəmədiyini bildirdi.1920-ci il 23 yanvar tarixdə Rusiya Azərbaycana 2-ci notasını göndərdi. Bu nota daha təcavüzkar xarakter daşıyırdı.
1920-ci ilin yanvar – fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı. Sovet Rusiyası AXC daxilində çevriliş edə biləcək qüvvələr formalaşdırırdı. Bu zaman «Müstəqil Sovet Azərbaycanı» şüarı və Müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını Kommunist Partiyası halında birləşdirmək lazım idi. 1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Azərbaycan Kommunist Partiyası adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət Mərkəzi Komitə seçildi. RK(b)P-nın bölməsi kimi yaranan Azərbaycan Kommunist Partiyasının I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.
Ölkə daxilində partiyalar və fraksiyalararası çəkişmələr gücləndi. Xüsusən “Müsavat” və “İttihad” partiyaları arasında kəskin qarşıdurma var idi. “İttihad” partiyası Sovet Rusiyası ilə hərbi ittifaq yaratmağı təklif edirdi. Parlamentdə sosialist fraksiyasının pozuculuq siyasəti nəticəsində 1920-ci ilin martın 30-da AXC-nin 5-ci hökuməti istefa verdi. 6-cı hökumətin formalaşdırılması M.H.Hacinskiyə tapşırıldı. Lakin kommunistlərin sabotajı nəticəsində AXC-nin süqutuna qədər 6-cı hökuməti təşkil etmək mümkün olmadı. 1920-ci ilin aprelində AXC-də böhran son həddə çatdı.
Sovet Rusiyası AXC-yə qarşı milli dövləti devirmək istəyən yerli bolşeviklərdən və Azərbaycan ərazilərini tutmağa çalışan ermənilərdən istifadə etdi.
Dostları ilə paylaş: |