AXC-nin Azərbaycan tarixində yeri və əhəmiyyəti. Azərbaycan Xalq Cümhuriyyəti bəşər tarixində yaranan 114-cü türk dövləti olmaqla yanaşı, həm də Şərq dünyasında ilk respublika kimi tarixə düşdü. 23 ay mövcud olsa da, qısa müddətdə tarixi əhəmiyyətə malik işlər görə bildi. Stalinin “bu bir ilyarımlıq hakimiyyətimiz ərzində xalqa nə verə bildiniz?” sualının cavabında M.Ə.Rəsulzadə demişdi: “Çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq”. Azərbaycanın istiqlaliyyəti Avropa ölkələri tərəfindən tanındı. Dünya dövlətləri və xalqları Azərbaycan adlı bir ölkənin mövcud olduğunu bildi. Dövlət orqanlarının ana dilinə keçməsi ilə yanaşı, ictimai həyatın milliləşdirilməsinə başlandı. Milli kadr çatışmazlığı problemini həll etmək üçün məktəblər və kurslar açıldı. Azərbaycan Ordusu və Hərbi Donanmasının yaradılması ən vacib işlərdən oldu.
Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində Azərbaycan hökuməti əzmlə mübarizə apardı. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 97.3 min kv.km. idi. Bundan başqa 16.6 min kv-lik Azərbaycan torpaqları (Borçalı, Qarayazı, Sığınax, Şərur-Dərələyəz, Yeni Bəyazid və s.) Gürcüstan və Ermənistanla mübahisəli ərazi sayılırdı və milli hökumət bu ərazilərin ana vətənə qovuşması uğrunda mübarizəni davam etdirdi. Ölkənin inzibati-ərazi quruluşu yeni şəraitə uyğun olaraq dəyişdirildi. Ölkənin maliyyəsini qaydaya salmaq və dağıdılmış iqtisadiyyatını bərpa etmək sahəsində xeyli işlər görüldü. 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı – Batum neft kəməri bərpa edildi. Azərbaycan Dövlət Bankı yaradıldı.
Xalq maarifinin milliləşdirilməsi və inkişafı üçün nəşriyyat – tərcümə komissiyası yaradıldı. Orta məktəblər üçün dərsliklər hazırlanaraq çap edildi, mövcud məktəblərin bir çoxu milliləşdirildi, həmçinin yeni məktəblər açıldı. Müəllim hazırlığı sahəsində islahatlar həyata keçirmək üçün ölkənin müxtəlif yerlərində 7 kişi və 1 qadın seminariyası təşkil edildi.Azərbaycanın ictimai fikir tarixində müstəsna əhəmiyyətə malik olan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazağa köçürüldü. Ölkədə müəllim çatışmazlığını aradan qaldırmaq üçün qardaş Türkiyədən 50 müəllim dəvət edildi, həmçinin yeni yaradılan kitabxanalar üçün xeyli sayda kitablar alındı. 1919-cu ildə Bakı Dövlət Universiteti təsis edildi. Noyabrın 15-də Universitetdə dərslər başlandı. Dörd fakültənin təşkili nəzərdə tutulurdu. Universitetin ilk fəaliyyəti iki fakültə – Tarix-filologiya və Tibb fakültələri ilə başladı. Universitetdə 877 tələbə təhsil alırdı. Bundan əlavə 217 nəfər azad dinləyici vardı.Bakıda Politexnik İnstitutunun və Gəncədə Kənd Təsərrüfatı İnstitutunun təşkili üzrə layihələr hazırlandı.
AXC-nin mövcudluğu dövründə Azərbaycan xalqı bir sıra nailiyyətlər qazandı. Azərbaycanın dövlət müstəqilliyi bərpa etdildi, milli dili, mədəniyyət və iqtisadiyyatın dirçəlməsi üçün sərait yarandı, müstəqil xarici siyasət yeridildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yaradıldı və bu parlament ümumən 140-a qədər iclas keçirmişdir. 315 qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş, qalanları muzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət əmanət kassalarının nizamnaməsi, mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı bir sənəd və müqavilə parlamentin təsdiqindən sonra qüvvəyə minirdi.
Azərbaycan Xalq Cümhuriyyəti XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC-nin ildönümünü hər il təntənə ilə bayram edir. Azərbaycan Respublikasinin prezdenti H.Əliyev AXC-nin yaranmasının 80 illiyinin keçirilməsi haqqında 1998-ci il yanvarın 30-da sərəncam imzaladı və AXC-nin 80-illiyi təntənə ilə qeyd olundu. 2007-ci ildə Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldıldı.Prezident İlham Əliyev 15 fevral 2008-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi ilə bağlı tədbirlər haqqında fərman imzaladı və AXC-nin 90 illiyi bütün Azərbaycan xalqı tərəfindən geniş şəkildə bayram edildi.
Son illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı kitablar yazılmış, ikicildlik ensiklopediya nəşr edilmişdir. Tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ də xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.
Dostları ilə paylaş: |