İlahi ziyafət


Pak və təmiz qəlblər - gəncliyin böyük sərvəti



Yüklə 1,36 Mb.
səhifə21/23
tarix22.04.2017
ölçüsü1,36 Mb.
#15235
1   ...   15   16   17   18   19   20   21   22   23

Pak və təmiz qəlblər - gəncliyin böyük sərvəti

Siz gəncsiniz, ürəkləriniz pakdır, təmizdir. Siz indi bunun mənasını yaxşı anlamırsınız, çirkli ürəklərin problemindən xəbərsizsiniz. Siz gənc olduğunuza görə hələlik bunları dərk etmirsiniz. Bizim yaşlarımıza çatanda problemi anlayacaq və gənclik dövründə qəlbin təmizliyinin nə qədər qiymətli olduğunu biləcəksiniz, amma onda gec olacaq.

Siz bu gün bu sərvətə maliksiniz. Mənim sözüm budur: Bu pak və təmiz qəlbləri bacardığınız qədər əzəmət, həqiqət və gözəllik mənbəyi olan Allah-Taalanın müqəddəs zatı ilə birləşdirin, Ona yaxınlaşdırın. Əgər bunu bacarsanız, ömrünüzün sonuna qədər xoşbəxt həyata sahib olacaqsınız. Əgər indi bunu bacarmasanız, iyirmi ildən sonra çətin olacaq. Əgər iyirmi ildən sonra - 40-45 yaşınızda bacarmasanız, ondan iyirmi il sonra çox-çox müşkül olacaq. Yəni mənim indiki yaşımdan bir qədər az yaşlarda çox çətin olacaq; qeyri-mümkün yox, amma müşkül olacaq. İndidən qəlbinizi Allaha yönəldin. Müqəddəs şəriətdə bunun yolu açıqdır, sirli və mürəkkəb məsələ deyil. Siz aşağıdan dağın zirvəsinə baxıb orada kimlərisə görəndə onların oraya uçub getdiklərini düşünmürsünüz. Xeyr! Bunlar sizin önünüzdə olan yolla getmiş və oraya çatmışlar. Xəyalata qapılıb zirvələrə qeyri-adi yolla çatmağın mümkünlüyünü düşünməyək. Xeyr! Zirvələrdə gördüyünüz şəxslər bu yollarla getmişlər. Bu yollar hansılardır? Birinci növbədə günahı tərk etmək. Bunu demək asan, əməli isə çətin və mütləq lazımdır. Yalan danışmamaq, xəyanət etməmək, müxtəlif cinsi səhvlərdən, günahlardan çəkinmək - ən mühüm addım budur. Günahı tərk edəndən sonra vacibləri yerinə yetirmək və birinci növbədə namaz qılmaq lazımdır: "Bil ki, sənin hər bir əməlin namazına tabedir".1 İnsanın bütün işləri namaza tabedir. Namazı vaxtında, diqqətlə və qəlbin hüzuru ilə qılın. Qəlbin hüzuru odur ki, bir nəfərlə, bir tərəf-müqabillə danışdığınızı biləsiniz. Əgər özünüzdə bu halı və bu diqqəti yarada bilsəniz, ömrünüzün sonuna qədər sizinlə qalacaq. Qeyd etdiyim kimi, indi bacarmasanız, iyirmi ildən sonra çətin, daha iyirmi il sonra daha çətin, daha sonra isə çox-çox çətin olacaq. İndidən namaz qılarkən özünüzdə bu diqqəti yaratmağa çalışın. O zaman bu namaz sizi çirkin və bəyənilməz işlərdən çəkindirəcək.1 Onun çəkindirməsinin mənası bu deyil ki, önünüzdə bir maneə yaradacaq və siz günah edə bilməyəcəksiniz. Xeyr! Yəni daim sizə deyəcək ki, günah etmə. Əgər insanın daxilindən ona gündə bir neçə dəfə "günah etmə!" deyilsə, günah etməz. Namaz budur.

Ramazan ayının orucu çox faydalı fürsətdir, aclıq, susuzluq, istilik və çətinliklərlə mübarizədir. Bundan əlavə, Quranla, Nəhcül-bəlağə ilə, Səhifeyi-Səccadiyyə ilə, dua, nafilə, gecə namazı və bacardığınız hər bir müstəhəb işlə ünsiyyət qurun.

Sizdə olan bu nurlu və pak qəlbin qədrini bilin. Bunu sizin xoşunuza gəlməkdən ötrü demirəm. Xeyr! Dünyanın gəncləri yalnız siz deyilsiniz. Gəncliyin xüsusiyyəti belədir, qəlbiniz pakdır. İndi sizin müqayisə imkanınız olmadığından bunu hiss edə bilmirsiniz, zaman ötdükcə problemlər, toz-dumanlar və paslar qəlbi bürüyür. Hədisdə deyilir ki, bir günah etdiyinizdə qəlbinizdə bir qara nöqtə yaranır, – təbii ki, bu, məcazi mənadadır – ikinci günahı etdiyinizdə bu nöqtə iki dəfə çoxalır. Günah etdikcə bu nöqtələr daim artır və nəhayət bütün qəlbi qaraldır. İndi sizin hazırlıqlı qəlbiniz və ruhunuz vardır. Getdikcə günahlar baş verir, insanın həyatında çoxlu problemlər yaranır; siyasətdə, iqtisadiyyatda, bir tikə çörəkdə, həyat imkanları əldə etməkdə. Əgər insan indidən vərdiş etməsə, bunlar problemləri çoxaldıb qəlbi qaraldacaq. Deməli, bizim birinci və əsas sözümüz budur. Siz mənim övladlarım kimisiniz. Əgər mən öz doğma övladlarıma ən yaxşı tövsiyələr etmək istəsəm, sizə dediklərimi deyərəm.

Diqqətli olun. Hamısını demirəm, amma müxtəlif sahələrdə insanların etdiyi əksər səhvlər bu əsas və mühüm məqama riayət etməməkdən yaranır. Hətta cihadda da belədir. Bildiyiniz kimi, Ühüd döyüşündə bir qrup müsəlman səhlənkarlıq etdi və faciə yarandı. Əgər Ühüd döyüşünün hadisələrini oxumamısınızsa, tarix kitablarında oxuyun. Mən burada şərh etmək istəmirəm. Quran onlar haqda buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi"1. Yəni Ühüd döyüşündə düşmənə arxa çevirən, faciənin yaranmasına, Seyyidüş-şühəda Həmzənin və digər böyük səhabələrin şəhidliyinə səbəb olan şəxsləri şeytan öncədən etdikləri günahlar səbəbindən buna vadar etdi. Quranda belə ayələr çoxdur. Günahdan çəkinməmək öz təsirini ölkə idarəçiliyində olsaq, orada, bir sahənin müdiriyyətində çalışsaq, həmin sahədə, döyüşdə olsaq, döyüşdə, maliyyə və iqtisadi sınaqlarda olsaq, uyğun yerlərdə göstərir. Odur ki, bizim əsas sözümüz budur. Qısaca deyirəm ki, gəncliyin qədrini bilin, pak qəlblərin qədrini bilin, Allahla daha çox ünsiyyət qurun. Bunun yolu günahı tərk etmək və namaza diqqət yetirməkdir. Vacib namazlardan və qeyd etdiyim diqqətdən sonra müstəhəb əməllərlə, dualarla və digər yaxşı işlərlə bacardığınız qədər məşğul olun. İnşallah Allah-Taala da yolları açar.

Ramazan ayının on birində tələbələrlə görüşdə çıxışından: 2010.

Ramazının gündüz və gecələrinin qədrini bilmək

Ramazan ayının son günləridir. Bizim xalqımızın, o cümlədən sizin qəlbiniz və ruhunuz pakdır, ibadət və zikr halındadır. Bu gündüz və gecələrin dualarında oxudunuz ki, İlahi, ramazan ayının gecələri ötdü, gündüzləri keçdi və biz bu gecə-gündüzlərdə Sənin rəhmət və lütfünü nə qədər cəlb etdiyimizi bilmirik. İlahi, əgər bu ana qədər Sənin razılığını qazana bilməmişiksə, bu an Öz razılığını bizə şamil et!

Mənəvi paklıq hamı üçün mühüm, lazım və hamının həyatında təsirlidir. Amma mənim fikrimcə, universitet müəllimləri və alimlər üçün daha mühüm və daha faydalıdır. Əvvəla ona görə ki, siz müəllimsiniz, tələbə və gənclərin şəxsiyyətinin formalaşmasına sizin sözünüzdən çox rəftarınız təsir edir. Əksərən belədir. Əgər sizin sözünüz onu bir istiqamətə sövq etsə, amma rəftarınız həmin istiqamətdə olmasa, bu rəftar sizin tərəf-müqabilinizə, şagirdinizə və gənc tələbənizə təsir edəcək. Bu, mənəvi saflığın əhəmiyyətinin bir cəhətidir. Əgər bizim universitet müəllimimiz mənəviyyatlı və pak olsa, sinfi və şagirdinin qəlbini nura boyayar. Bizim buna ehtiyacımız var. Bundan əlavə, siz alimsiniz. Əgər elm mənəviyyatla yanaşı olsa, istiqaməti düzgün olar.

Siz dostlar bəzi mətləblər söylədiniz, müxtəlif sahələrdə müşahidə olunan maneələri, problem və iradları xatırlatdınız. Bunların çoxu ona görədir ki, elm özünün düzgün ilahi istiqamətində hərəkət etməmişdir. Bu mənəvi saflıq, bu mənəviyyat elmi düzgün istiqamətinə yönəltməkdə və inkişaf etdirməkdə alimə kömək edir.

Bu günlərin və gecələrin qədrini bilək. Siz iyirmi gündən artıq oruc tutmusunuz. Allaha şükür olsun ki, bu səadət sizə nəsib oldu və şübhəsiz, bu gecə və gündüzlərin ruhani işığından bəhrələndiniz. Qarşıdakı bir neçə gecə və gündüzdə də öz vücudunuzu bizə doğru axan ilahi lütf və mərhəmət şəlaləsi ilə yumağa çalışın.

Universitet müəllimləri ilə görüşdə çıxışından: 2010.



Ramazanda ilahi rəhmət bacalarının açılması

Mübarək fitr bayramı münasibəti ilə bütün İslam ümmətini, əziz İran xalqını, namazda iştirak edən siz hörmətli insanları təbrik edir, hamını və özümü ilahi təqvaya, sözdə, əməldə və düşüncədə Allahın əmr və qadağalarına riyaət etməyə çağırıram.

Allah-Taalaya şükür edirik ki, fürsət və ömür verdi, biz daha bir ramazan ayını, daha bir fitr bayramını gördük. İlahi ziyafət ayını dərk etmək böyük nemətdir. Bizim xalqımız bu aydan həqiqətən yaxşı istifadə etdi, bu şərafətli və əziz ayın qədrini bildi. Bu məclislər, Quran qiraətləri, zikrlər, dualar, daha çox gənclərin, pak və mənəviyyatlı insanların iştirak etdiyi müxtəlif mərasimlər ilahi rəhmət bacalarını xalqın üzünə açır. Bunun qədrini bilmək lazımdır.

Mənəviyyat ruhu və Allahın müqəddəs zatı ilə mənəvi əlaqəyə vurğunluq bizim xalqımızda oturuşmuş, dərinləşmiş və kök salmışdır. Bəzilərinin səhvlərə düçar olması, öz fərdi həyatlarında səhvlər etməsi mümkündür, amma ramazan ayı onlara Allaha-Taalaya doğru qayıtmaq, diqqət yetirmək və Onu yada salmaq imkanı verir. Bütün insanlarda mənəvi işlərə həvəs, eşq var. Bu eşq maddi eşq deyil, həvəsbaz eşq deyil, Allaha eşqdir, Müqəddəs Rəbbə eşqdir, varlığın mənbəyinə eşqdir. Bu bütün insanların fitrətində vardır: "Allahın fitri olaraq insanlara verdiyi din"1. Maddi amillər, maddi gözəlliklər çör-çöp kimi bu qiymətli gövhərin üzərini tutur, ramazan ayı isə bir yel kimi gəlib bu zibilləri təmizləyir, o gövhər özünü göstərir və Allah-Taalaya diqqət cana gəlir. Buna görə, keçmiş ramazan aylarının əksərində olduğu kimi, bu ramazan ayında da müxtəlif üsul, rəftar və görkəmlərə malik olan bütün xalqın xüsusən mübarək qədr gecələrində bu məclislərdə iştirak etdiyini, faydalandığını və göz yaşı tökdüyünü gördük.

Gözlərdən axan bu yaşlar əslində ayıq və pak ürəklərdən çağlayır. Bizim əziz xalqımız bunun qədrini bilsin. Bu mübarək ayda topladığınız azuqə və məhsulları qoruyun. Quranla qurduğunuz ünsiyyəti davam etdirin, onu qoruyun. İlk vaxtda, məsciddə və qəlbin hüzuru ilə namaz qılmağı il boyu özünüz üçün qoruyun, imkanınız həddində bu maddi amillərin, çör-çöp və küllərin bu qiymətli cəvahiratın üzərinə oturmasına imkan verməyin. Özündə bu xüsusiyyətləri, bu mənəvi yüksəlişi və kamilliyi qoruyan xalq bütün sahələrdə - maddi-mənəvi sahələrdə, nüfuzda, iqtidarda, milli sərvətlər yaratmaqda müvəffəq olacaq. İnşallah bu bizim xalqımız üçün baş verəcək.

Bu gün fitr bayramıdır; həm bayramdır, həm də xalqın bir yerə toplandığı gündür. Bu gün bütün İslam dünyasında müsəlmanlar bayram edirlər. Eyni vaxtda ürəklərin bir nöqtəyə yönəlməsi İslam ümməti üçün böyük fürsətdir. Hədisdə deyilir ki, bu gün bayram, toplantı, fitrə, zəkat, rəğbət və ibadət günüdür.1 Bu gün Allah-Taalaya rəğbət günü, Allah qarşısında kiçilmə günüdür. Bu bayram Allaha diqqət bayramı, mənəviyyat bayramıdır. Ümidvarıq ki, Allah-Taala bayram və mübarək cümə günü olan bugünkü gündə ilahi mərhəmətdən istifadə etmək səadətini hamımıza nəsib etsin!

Fitr bayramı namazının xütbələrindən: 2010.

İbadət və bəndəlik - mübarək fitr bayramının rəmzləri

Siz möhtərəm məclis iştirakçılarını, ölkə məmurlarını, İslam ölkələrinin möhtərəm səfirlərini, bütün İran xalqını və İslam ümmətini bu böyük və mübarək bayram münasibəti ilə təbrik edirəm. Ümidvarıq Allah-Taala mömin xalqın və müsəlman ümmətin ramazan ayı boyunca və bugünkü gündə Allahın dərgahına etdiyi ibadət və tövbəsi sayəsində Öz rəhmətini, lütfünü, yardımını və hidayətini bu böyük ümmətin hamısına şamil etsin!

Bu mübarək bayramın rəmzi bəndəlikdir, ibadətdir, namazın sıx sıralarıdır. Bu gün bütün İslam dünyasında insanlar camaat namazına durub Allaha sitayiş etdilər. Bu, müsəlman ümmət arasında mənəvi və səmimi bir rabitədir. Bu sıxlıq və birlik İslam ümməti və onun taleyi ilə əlaqədar olan mühüm beynəlxalq məsələlərdə də yaranmalıdır.

Əgər bu qəlblər bir olsa, İslam ümmətinin düşmənlər tərəfindən yaradılmış ixtilaflar həll olunsa, o zaman əllər, addımlar, güclər və düşüncələr də vahid istiqamətə yönələr, İslam və onun ümməti qarşısındakı böyük cəbhə ilə qarşıdurmada öz təsirini göstərər.

Fitr bayramında quruluşun məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə çıxışından: 2010.

İslam dünyasının çatışmazlıqlarını düzəltməkdə Quranı dərk etməyin və Quranla ünsiyyətin təsiri

Bu gün burada Quranın uca ayələrini gözəl səslə oxuyan və bizim qəlblərimizi ilahi kitabın şanlı ayələrinin nuru ilə işıqlandıran əziz qardaşlara çox təşəkkür edirik. Ümidvarıq Allah-Taala bizim xalqımızı, xüsusən də gənclərimizi Quranla daha çox tanış etsin!

Quranla ünsiyyət bizim qəlblərimizi Quran təlimləri ilə daha yaxından tanış edir. İslam dünyasında nə qədər çatışmazlıq varsa, ilahi təlimlərdən uzaq olduğuna görədir. Quran hikmət kitabıdır, elm kitabıdır, həyat kitabıdır. Ümmətlərin və xalqların həyatı Quran təlimləri ilə tanışlıqda, bu təlimlərə və Quran hökmlərinə əməl etməkdədir. İnsanlar ədalət istəyirlərsə, zülmdən bezmişlərsə, zülmlə mübarizə yolunu Qurandan öyrənməlidirlər. İnsanlar elm istəyirlərsə, elm və ayıqlıq vasitəsi ilə həyatı rövnəqləndirmək, özləri üçün rahatlıq və rifahı təmin etmək istəyirlərsə, yolu Quranda göstərilmişdir. Əgər insanlar Allah-Taala ilə əlaqəni, mənəvi və ruhi paklığı, ilahi məqamla tanışlığı istəyirlərsə, yolu Qurandır.

Biz müsəlman ümmətin zəifliyi, geriliyi, yanlış rəftarları, əxlaqi məsələlərdə və həyatda problemləri - bunların hamısı Qurandan uzaq düşdüyümüzə görədir. Zalım və tağutların hakimiyyəti səbəbindən - Quran öz oxucularını tağutlardan çox çəkindirmişdir - müsəlman xalqların qanı soruldu; yalnız iqtisadi qanlar yox, yalnız həyati sərvətləri, yeraltı mədənləri, neftləri və bu kimi sərvətləri yox, hətta müqavimət ruhları, iqtidar və izzət istəkləri də onlardan alındı. Müsəlman xalqlar öz mədəniyyətlərinə arxa çevirib, materialist mədəniyyətləri qəbul etdilər. Biz dilimizdə "la ilahi illəllah" desək və müsəlman olsaq da, Qərb mədəniyyəti və Qərb təlimləri təsir göstərib bizi həqiqətlərdən uzaqlaşdırdı. Bu zaman yalnız iqtisadiyyatımızı və dünyəvi iqtidarımızı yox, hətta əxlaqımızı, mənəvi təlimlərimizi də əldən verdik. Biz əgər tənbəllik ediriksə, zəiflik göstəririksə, bir deyiliksə, bizim aramızda bədxahlıq varsa, bunlar qeyri-dini və antiislam mədəniyyətin təlqin olunmasının təsirlərindəndir.

Quranın rolu bizi maddiyyat və mənəviyyat baxımından ucaltmaqdır. Quran bu işi görür. Tarixlə tanış olanlar bunun nümunələrini görmüşlər. Bu dövrün biz insanları öz dövrümüzdə nümunələrini müşahidə etməkdəyik. Bir nümunə siz əziz İran xalqısınız. Siz elə bilməyin ki, tağut rejimlər - istər Pəhləvi, istərsə də ondan öncəki Qacar rejimi dövründə İran xalqının beynəlxalq aləmdə zərrə qədər etibarı vardı. Yox idi. Bizim xalqımızda olan bu güclü istedad unudulmuş, xarabalıqda basdırılmış bir xəzinə kimi yaddan çıxmışdı. Yalnız təsadüfi formada bir nəfər özünü göstərə bilərdi və bu da baş vermirdi. Siz bu gün görürsünüz ki, bu qədər fəal, həvəskar, yaradıcı və ölkənin inkişafına maraqlı gənc müxtəlif sahələrdə uğur və nailiyyət əldə edir, xalqlarına şan-şöhrət gətirirlər. Gənclər o zaman da var idilər, amma tağut hökmranlığı səbəbindən bu işlər görülmürdü.

Biz Qurana və Quran təlimlərinə doğru bir addım atan kimi - biz Qurana doğru həqiqətən yalnız bircə addım atmışıq - Allah-Taala bizə başucalığı verdi, həyat verdi, ayıqlıq, qüvvə və qüdrət bağışladı. Bizim xalqımız bu gün ən fəal və ən güclü xalqlardandır. Bu gün ölkəmizdə güclü və parlaq istedadlar, müxtəlif sahələrdə inkişaf qabiliyyəti və ardıcıl inkişaflar müşahidə olunur. Başqa xalqlar da bizim xalqımızı alqışlayırlar.

Bu gün xoşbəxtlikdən, İslam ümməti arasında xalqları hərəkətə gətirən İslam şüarları müşahidə olunur. Siz görür və xəbərlərini eşidirsiniz. Bu hərəkətlər İslam şüarının, İslam tələbinin və İslam istəyinin olduğu yerlərdə daha rövnəqli, daha təravətli, daha təsirli və daha nüfuzludur, düşmənlərdən, münafiqlərdən, müxalif və hiyləgərlərdən daha az təsirlənir. Bu, Quran təlimlərinin xüsusiyyətidir. Quranla tanış olmaq lazımdır.

Əlbəttə, bu gün keçmişlə müqayisəolunası deyil. Keçmişdə bu qədər Quran oxuyan, bu qədər Quran hafizi, Quranın mətni ilə bu qədər tanış olan, Quran qiraətinə bu qədər həvəs göstərən və eşq bəsləyən yox idi. Halbuki eyni ölkə və eyni xalq idi. Mənim yadımdadır, məşhur Misir qiraətçilərindən olan mərhum Əbüleyneyn Şueyşə Məşhədə gəlib Gövhərşad məscidində çox gözəl Quran oxuyurdu. Mən onun qiraətini dinləməyi çox istəsəm də, məclis ozamankı tağut qurumları tərəfindən təşkil olunduğuna görə oraya gedib otura bilmirdim, uzaqdan baxır və səsini eşidirdim. Həmin məclisdə zənnimcə 50-60 nəfər iştirak edirdi. Bir qrupu dövlət məmurları idi, bir qrupu da Məşhədin məşhur qiraətçiləri.

Bu gün hər yerdə mövcud olan bu Quran həvəsini artırmaq, günbəgün çoxaltmaq lazımdır. Bu yaxşı qiraət, yaxşı səs, yaxşı məclislər - Allahın lütfü ilə görürəm ki, bizim bu qiraətçilərimiz Quran məclisləri üçün tədricən mahirləşmişlər - dəyərli məsələlərdir. Faydası budur ki, bizi Quranla, Quran təlimləri və Quranın mənaları ilə tanış edir.
Quran əzbərləməyin onu dərk etməyə təsiri

Bizə Quran təfəkkürünü bəxş edən amillərdən biri Quranı əzbərləməkdir. Bizdə Quran hafizi azdır. Mən əvvəllər demişdim ki, ölkəmizdə ən azı bir milyon Quran hafizi olmalıdır. Bir milyon bizim əhaliyə nisbətən kiçik rəqəmdir. İndi Allahın lütfü ilə dostlar hazırlıq işlərini gördüklərindən və Quran əzbərləməyə dair proqramlar hazırladıqlarından bizim də ümidimiz çoxalmışdır və deyirik ki, bizdə on milyon Quran hafizi olmalıdır.

Əlbəttə, yaddan çıxarmayın ki, Quranı əzbərləmək birinci addımdır. Əvvəla bunu qorumaq lazımdır. Buna görə Quranı əzbərləyən şəxs onu daim oxumalıdır ki, yadından çıxmasın. Sonra bu əzəbərləmək təfəkkür məsələsinə kömək etməlidir. Bu belədir. Hifz həqiqətən təfəkkürə kömək edir. Quranı əzbər bilən şəxs onu təkrarlayıb oxuduqda Quran ayələri üzərində dərindən düşünmək imkanı qazanır.

Təbii ki, ayənin məqsədini izah edən təfsirlərlə tanışlıq da çox lazımdır. Əzbərləmək, təfsirlə tanışlıq və təfəkkür olduqda bizim cəmiyyətimizdə gözlənilən hal, yəni Quran çiçəklənməsi baş verəcək. Təsəvvür edin, ölkəmizdə Quran təlimləri ilə tanış olan on milyon, on beş milyon insan olsa, görün nə qədər dəyərli olar! Onlar Quranın təlimlərini, dərslərini, nəsihətlərini, təhdid və müjdələrini yadda saxlasınlar, xatırlasınlar və öz qəlblərinə oxusunlar. Bu zaman polad kimi möhkəm bir xalq yaranar. Xoşbəxtlikdən, buna əlverişli şərait vardır. Bu gün də bizim xalqımızın iradəsi polad kimidir, amma cəmiyyətin sözügedən Quran forması o zaman baş verəcək. Biz ümidvarıq ki, buna müvəffəq olacağıq. Quranla ünsiyyət quran, Quran adamı olan, Quran oxuyan, gözəl səslə Quran qiraətinə müştəri, yaxud özləri həmin qiraətçilərdən olan siz gənclər öz qədrinizi bilin. Allah-Taala sizə böyük qarşılıq verəcək. Siz həqiqətən cəmiyyətin bu ümumi hərəkətinin ön sıralarındasınız. Çətinliyi kimi, bunun Allah yanında əcri və savabı da çoxdur.

İlahi! Bizi bütün ömrümüz boyu Quranla birgə et! İlahi! Bizi dünya və axirətdə Qurandan ayırma! İlahi! Bizi qiyamətdə Quranın sayəsində saxla! İlahi! Bizə Quran həyatı, ilahi həyat və İslamın ideal həyatını bəxş et! İlahi! Məhəmməd (s) və Ali-Məhəmməd (ə) hörmətinə, dövrün imamının müqəddəs qəlbini bizdən razı et! Bizi Quran və Əhli-beytdən (ə) ayırma!

Quran qiraətçiləri, hafizləri və müəllimləri ilə görüşdə çıxışından: 2011.



Oruc - möminlərə ilahi hədiyyə

Məşhur arif və və böyük fəqih olan mərhum Hacı Mirzə Cavad Ağa Məliki Təbrizi şərafətli əl-Müraqibat kitabında buyurur ki, oruc Allah-Taalanın öz bəndələrinə və möminlərə hədiyyə verdiyi bir nemətdir. O yazır ki, oruca vacib tapşırıq gözü ilə yox, bir şərəf kimi baxın və Allahın bəndələrinə hörmət əlaməti olan oruc əməlinə diqqətin özü üçün şükür edin. O, möminlərin ramazan ayında çəkdikləri aclıq və susuzluq üçün hədislərdən və bu böyük insanın nurlu qəlbindən götürülmüş çoxlu faydalar sadalayır. O, bir xüsusiyyət üzərində dayanıb hamısından mühüm olduğunu vurğulayır. Deyir ki, bu aclıq və susuzluq insana təfəkkür etmək üçün əlverişli şərait yaradan mənəvi paklıq bəxş edir. "Bir saat təfəkkür etmək bir il ibadətdən üstündür".1 İnsanın daxilinə, ruhuna və qəlbinə müraciət növündən olan bu təfəkkür həqiqətləri aydınlaşdırır və ona hikmət qapısını açır. Bundan istifadə etmək lazımdır.

Ömür haqda fikirləşək. Ömür hər bir insanın əsas sərvətidir. Bütün xeyirlər ömrün – bu ötən saatların vasitəsi ilə əldə olunur. İnsana əbədi səadət və xoşbəxtlik gətirən amil bu sərvətdir. Bu ömür barədə fikirləşək, onun ötməsini görək, həyatın saatlarının, ömrün gündüz və gecələrinin tez-tez dəyişdiyini hiss edək, zamanın ötməsinə diqqət yetirək. Bu sərvət anbaan azalır. Halbuki axirət xoşbəxtliyini qazanmaq üçün bu bizim hər şeyimizdir. Biz onu necə və harada sərf edir, hansı yolda xərcləyirik?

Ölüm haqda, bu dünyadan köçmək, ruhun bədəndən çıxdığı an və ölüm mələyi ilə görüş barədə fikirləşək. Bu an bizim hamımız üçün yaranacaq: "Hər bir kəs (canlı) ölümü dadacaqdır"2. Hamımız bunu dadacağıq. O anda bizim vəziyyətimiz necə olacaq? O anda bizim ruhumuz hansı halda olacaq? Bunlar diqqətəlayiq məsələlərdir. Bunlar haqda fikirləşmək lazım, vacib və zəruri işlərdəndir.


Məsumlardan nəql olunan dualarda ilahi təlim və həqiqətlər

Təfəkkür etmək üçün başqa bir məsələ bu dualardır. Məsumlardan nəql olunan duaların məzmunu möhtəşəmdir. O, həmin əl-Müraqibat kitabında buyurur ki, tövhid mövzusu istisna olmaqla, məsumlardan nəql olunan bütün hədis və xütbələrdə onlardan nəql olunan dualarda mövcud olan həqiqət və bilgilərin onda biri yoxdur. Bu dualar çox əhəmiyyətlidir.

Mən indi bir neçə dəqiqə ərzində bir duanın bəzi cümələlərini oxumaq istəyirəm ki, eşidənlər üçün təkrar, eşitməyənlər üçün nəsihət olsun. Bu dua Səhifeyi-Səccadiyyənin iyirminci duası olan şərafətli "Məkarim əl-əxlaq" duasıdır.
"Məkarim əl-əxlaq" duasına bir baxış

Duanın əvvəlində Peyğəmbərə (s) və onun ailəsinə salam göndərib deyir ki, mənə saleh bəndələrinin zinətini əta et və məni təqvalıların libasına bürü!1 Yəni məni saleh və təqvalı bəndələrindən et! Sonra təqvalıların xüsusiyyətlərini qeyd edərək onların zinətinin nədən ibarət olduğunu deyir. Biz hansı işlərdə təqvalıların zinəti ilə bəzənməliyik? Adətən təqvadan söhbət düşəndə fərdi günahlardan çəkinmək və ibadətləri yerinə yetirmək yada düşür. Şübhəsiz ki, bunlar var, bunda şübhə yoxdur. Amma burada İmam Səccad (ə) 22-23 məsələni qeyd edib bizim diqqətimizi təqvanın məna və məfhumunun yeni cəhətlərinə yönəldir.

Birincisi budur ki, məni ədaləti bərqərar etməkdə təqvalılardan et. Cəmiyyətdə ədaləti bərqərar edək - məhkəmə ədalətini, ölkənin həyati sərvət və imkanlarını xalq arasında bölməkdə ədaləti. Biz məmurlardan gözlənilən bu təqvadır.

İkinci məsələ qəzəbi udmaqdır. Biri var ki, siz adi bir adamsınız və bir din qardaşınıza, bir ailə üzvünüzə, bir işçinizə qəzəbiniz tutub. Qəzəbi udmağın çox fəziləti var: "qəzəblərini udar, insanların günahlarından keçərlər"2. Biri də var ki, siz bir ictimai məmursunuz, mövqeyiniz var, hərəkətiniz, təsdiq və inkarınız, söz və əməliniz cəmiyyətə təsir göstərir. Belə bir şəraitdə sizin qəzəbiniz daha adi bir fərdin qəzəbi kimi deyil. Bəzi şəxslərin, bəzi fikirlərin əleyhinə qəzəblənirik, danışırıq. Belə bir qəzəbin təsirləri adi qəzəbin təsirləri ilə çox fərqlənir. Bu duada deyilir ki, qəzəbinizi udun, qəzəblə iş görməyin. Siz bir şəxslə, bir fikirlə, bir təşkilatla razı olmaya bilərsiniz. Burada dəlil və məntiq hakim olmalıdır. Əgər bu dəlil və məntiq qəzəblə qarışsa, iş korlanacaq, hədd aşılacaq və israf baş verəcək; "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!"1

Bizim təqvamız üçün zəruri işlərdən başqa birisi alovu söndürməkdir. Burada məqsəd qrup və qurumlar arasındakı ixtilaf alovlarıdır. Bu alovun şölələnməsi yandırıcı alov kimidir və hamı onu söndürməyə çalışmalıdır. Alov üzərinə benzin tökməyin, alovu gücləndirməyin. Biz məhz buna görə dostlara, məmurlara, tribuna sahiblərinə, sözləri ya ümumi şəkildə, ya da ölkənin bir hissəsində işıqlandırılan şəxslərə tez-tez tövsiyə edirik ki, sözlərinə, dillərinə, fikirlərinə nəzarət etsinlər. Bəzən bir söz nəinki alovu söndürmür, hətta daha da gücləndirir.

Növbəti məsələ müsəlman camaatdan, xalqdan uzaqlaşan şəxsləri yaxınlaşdırıb cəlb etməyə çalışmaqdır. Yarıyolda qalanları mənzilə çatıdırın. Yarımçıq imanı olanların bizim əməlimiz, fikrimiz və rəftarımızla imanla tam üzülüşmələrinə, quruluşla yarımçıq əlaqəsi olanların quruluşdan ayrılmalarına bais olmayaq. Əksinə, yarıyolda olanları cəzb edək. Təqvanın nümunələri bunlardır.

Növbəti məsələ aralarında ixtilaf olan şəxslərin münasibətlərini yaxşılaşdırmaqdır. İnsanlar haqda müsbət və yaxşı cəhətləri yaymaq lazımdır. Bir şəxsdən, bir məmurdan yaxşı iş görmüsünüzsə, deyin, onda mənfi bir cəhət tanıyırsınızsa, ifşa etməyin. İfşa etməməyin mənası bu deyil ki, pis işdən çəkindirməyəsiniz. İşində nöqsanı olan şəxsə irad bildirmək lazımdır, amma bu məsələləri ifşa etmək məsləhət deyil.

Bu barədə söz çoxdur. Bu, həmin duanın bir hissəsidir. Onda iyirmi iki-iyirmi üç məsələ qeyd olunmuşdur. Mən indi altı-yeddisini qısa şəkildə dedim. Ürəklərimizi bu səmtə yönəldək, Allahdan istəyək ki, bizi təqvalıların zinətinə bürüsün. Hər halda, bundan başqa çıxış yolu yoxdur. Oruc da Quranda təqva üçün buyurulmuş, bizim təqvalı olmamızdan ötrü vacib edilmişdir. Təqvanın yerləri bunlardır.

İran İslam Respublikası quruluşunun məmurları ilə görüşdə çıxışından: 2011.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin