İlahi ziyafət


Təqvanın tərifi və şərtləri



Yüklə 1,36 Mb.
səhifə5/23
tarix22.04.2017
ölçüsü1,36 Mb.
#15235
1   2   3   4   5   6   7   8   9   ...   23

Təqvanın tərifi və şərtləri

Təqva bir insanın hər bir şeyi, bir xalqın dünya və axirəti və bəşərin getməyə məcbur olduğu bu uzun yolun əsl azuqəsidir. Əmirəlmömininin (ə) sözünün əvvəli və sonu təqvadır. Buyurur ki, mənim oğullarım, özünüzdən ehtiyatlı olun; Allah yolunda və ilahi meyarla. Allah təqvası bu deməkdir, Allahdan qorxmaq deyil. Bəzi adamlar təqvanı Allahdan qorxmaq kimi tərcümə edirlər. Allahdan qorxmaq da bir dəyərdir, amma təqva başqa bir şeydir. Təqva odur ki, ehtiyatlı olub, etdiyiniz hər bir əməlin Allah-Taalanın sizin üçün nəzərdə tutduğu məsləhətə uyğun olub-olmamasına diqqət yetirəsiniz. Təqva elə bir şey deyil ki, insan onu bir an tərk edə bilsin. Yol sürüşkən və uçurum dərindir. Əgər tərk etsək, sürüşüb uçurumdan yuvarlanacağıq. Gərək əlimiz bir daşa, ağaca, kola ilişsin və özümüzü yuxarı darta bilək.

"İlahi təqvası olanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünər və dərhal (özlərinə gəlib həqiqəti) görərlər".2 Təqvalı insan şeytanın təmasını duyan kimi tez özünə gəlir və diqqətini toplayır; çünki şeytan bizdən uzaqlaşmır. Deməli, birinci tövsiyə təqvadır.
Təriflənmiş dünya və məzəmmət olunmuş dünya

Təqvanın ardınca başqa bir məsələ gəlir. Buyurur ki, dünya sizin arxanızca gəlsə də, siz dünyanın ardınca qaçmayın. Bu da ikinci məsələ və təqvanın şərtlərindən biridir. Əlbəttə, bütün yaxşı işlər təqvanın şərtlərindəndir, o cümlədən dünyanın ardınca qaçmamaq. Demir ki, dünyanı tərk edin, deyir ki, onun ardınca hərəkət etməyin, dünyanı istəməyin. Dünya nədir? Yəni Yer üzünü abadlaşdırmaq? Yəni ilahi sərvətləri dirçəltmək? Arzulanmayan dünyanın mənası budur? Xeyr! Dünya sizin özünüz üçün, öz istifadəniz və ləzzətiniz üçün istədiklərinizdir. Buna dünya deyirlər. Yer üzünü abadlaşdırmaq isə əgər yaxşı niyyətlə və bəşəriyyətin xeyrinə görülürsə, eynilə axirət işi kimidir. Bu, yaxşı dünyadır. Məzəmmət olunan və arxasınca getməyimiz yasaqlanan dünya bizim qüvvəmizi, səyimizi və iradəmizi özünə yönəldən, bizi yoldan saxlayan dünyadır. Bizim xudpəsəndliyimiz, eqoistliyimiz, sərvəti və ləzzəti özümüz üçün istəməyimiz məzəmmət olunmuş dünyadır.

Belə dünyanın haram növü də var, halal növü də. Özü üçün istəməyin bütün növləri haram deyil, onun hallaları da var. Lakin halalının da ardınca getməməyimizi tapşırıblar. Əgər dünya bu mənada olsa, onun halalı da yaxşı deyil. Maddi həyatın təzahürlərini bacardığınız qədər ilahi istiqamətə yönəldə bilsəniz, qazanmış və udmuşsunuz. Axirətin mənası budur. Ticarət də xalqın məişətini rövnəqləndirmək üçün olsa, özünə sərvət toplamaq üçün olmasa, axirətin özü olur. Dünyanın bütün işləri belədir. Deməli, ikinci məsələ budur ki, dünyanın ardınca qaçmayın və onun üçün hərəkət etməyin.

Əmirəlmömininin (ə) özü bu vəsiyyətnamədə buyurduqlarının canlı təcəssümü olmuşdur. O həzrətin həyatı onun qısa vəsiyyətnaməsində yer alan cümlələrin xülasəsidir.

Ardınca buyurur ki, əgər məzəmmət olunmuş bu dünyadan sizin əlinizə bir şey çatmasa, təəssüflənməyin; filan sərvətə, filan vəzifəyə və filan maddi imkana malik olmadığınıza görə heyfsilənməyin. Bu da üçüncü cümlədir.

Sonrakı cümlə budur ki, haqqı deyin, onu gizlətməyin. Həqiqət olduğunu düşündüyünüzü lazım olan yerdə bəyan edin, haqqı saxlamayın. Danışa bilənlər bəzən haqqı gizlədib nahaqı aşkarlayanda, yaxud nahaqı haqqın yerinə qoyanda haqqı görənlər və bilənlər onu desələr, haqq məzlum və qərib olmaz, batil tərəfdarları haqqı məhv etməyə tamah salmazlar.

Sonra buyurur ki, ilahi və həqiqi mükafat üçün işləyin. Ey insan, əbəs işləmə! Sənin bu işin, bu ömrün, bu nəfəs çəkmən sənin yeganə əsas sərmayəndir; bunu əbəs yerə xərcləmə. Əgər bir ömür yaşayırsansa, bir əməl edirsənsə, bir nəfəs çəkirsənsə, bir enerji sərf edirsənsə, bunların hamısını mükafat üçün et. Mükafat nədir? İnsanın mükafatı bir qədər puldur? Mənim sərf etdiyim ömrün mükafatı budur? Kiminsə xoşuna gəlməsi və tərifləməsi bir insanın mükafatıdır? İmam Səccad (ə) buyurur ki, sizin ömrünüzə münasib muzd və qarşılıq yalnız cənnətdir. Nə qədər az alsanız, aldanmısınız. Deməli, axirət mükafatı və savabı üçün işləmək lazımdır.

Sonra İmam Əli (ə) buyurur: "Zalıma xəsm (iddialı düşmən) və məzluma kömək olun". Burada işlənmiş "xəsm" sözünün mənası düşmən deyil. Zalımın düşməni olmaq odur ki, insanın zalımdan acığı gəlsin və onu düşmən bilsin. Ancaq bu kifayət etmir. "Xəsm" sözünün mənası iddialı düşməndir. Yəni zalımın yaxasını tutan, onu buraxmayan düşməndir. Bəşəriyyət Əmirəlmömininin (ə) şəhadətindən bu günə qədər zalımların yaxasını tutmamasına görə bədbəxt olmuşdur. Əgər imanlı əllər zalımların yaxasını tutsaydılar, zülm dünyada bu qədər yayılmazdı, bəlkə də onun kökü kəsilərdi. Əmirəlmöminin (ə) bunu buyurur: "Zalıma iddialı düşmən olun". Dünyada harada zülm və zalım varsa, sən özünü ona iddialı düşmən bilməlisən. Demirik ki, indi yola düş və dünyanın bu başından o başına gedib zalımın yaxasını tut; deyirik ki, mütləq öz düşmənliyini göstər. Nə zaman və harada fürsət yaransa, ona düşmən olduğunu bildir və yaxasını tut. Bir zaman insan zalıma yaxınlaşıb düşmən olduğunu göstərə bilmir, odur ki, uzaqdan düşmənlik edir. Görün bu gün Əmirəlmömininin (ə) vəsiyyətinin bu bir kəlməsinə əməl etməməyə görə dünyada necə fəlakətlər yaranmış və bəşəriyyət hansı bədbəxtliklərə düşmüşdür. Görün xalqlar, xüsusən də müsəlmanlar necə məzlumdurlar! Əgər Əmirəlmömininin (ə) bu bir vəsiyyətinə əməl olunsaydı, bu gün zülmlərin və onlardan yaranan fəlakətlərin çoxu olmazdı.

"Və məzluma kömək olun". Harada məzlum varsa, ona kömək ol. Demir ki, məzlumun tərəfdarı ol, xeyr, gərək bacardığın qədər kömək edəsən.

Buraya qədər imamın vəsiyyəti İmam Həsənə (ə) və İmam Hüseynə (ə) müraciətdir. Təbii ki, bu sözlər yalnız onlara aid deyil. Onlara müraciətdir, amma hamıya aiddir.


Əmirəlmömininin (ə) bütün dövrlərdə bütün nəsillərə vəsiyyəti

Vəsiyyətin sonrakı cümlələrini Əmirəlmöminin (ə) ümumi şəkildə buyurur: "Siz iki oğluma, bütün övladlarıma, ailəmə və bu vəsiyyətnamənin çatdığı hər bir kəsə vəsiyyət edirəm".

Buna əsasən, burada əyləşən sizlər və bu vəsiyyətnaməni oxuyan mən də Əmirəlmömininin (ə) müraciət tərəfi sayılırıq. Buyurur ki, sizin hamınıza vəsiyyət edirəm. Nəyi? Yenə Allah təqvasını - yenə təqva! Əmirəlmömininin (ə) birinci və axırıncı sözü təqvadır. Onun ardınca buyurur: "Və işinizdə nizam-intizamlı olmağı vəsiyyət edirəm". Bu nə deməkdir? Yəni həyatda gördüyünüz bütün işlər nizam-intizamlı olsun? Mənası budur? Bu da ola bilər, amma buyurmadı ki, "işlərinizi" nizam-intizama salasınız, buyurdu ki, "işinizi". Yəni nizam-intizama salınmalı məsələ bir şeydir. Bunu cəm formasında deməmişdir. İnsan anlayır ki, bu iş hamı üçün müştərək bir məsələdir. Mənim fikrimcə, burada məqsəd İslam quruluşu, İslam hakimiyyətidir. Yəni hökumət və quruluş məsələsində nizam-intizamlı və planlı rəftar edin.

İslam dünyası həmin nizamsızlıqlara və xudpəsəndliklərə görə bu vəziyyətə düşdü. Əgər Əmirəlmöminin (ə) İslam dünyasının rəhbəri seçiləndə, bütün İslam ümməti ona beyət edəndə həmin beyətə sadiq qalsaydılar, bu fəlakət və bədbəxtliklər baş verməzdi. Peyğəmbər (s) buyurub ki, əgər bir şəxs imam olsa, xalq onu qəbul etsə və bu işdə Allahın razılığı olsa, heç kimin ona qarşı çıxmağa haqqı yoxdur. Əgər Peyğəmbərin (s) bu cümləsinə əməl olunsaydı, o döyüşlər baş verməzdi; nə Cəməl döyüşü, nə Siffeyn döyüşü, nə Nəhrəvan döyüşü. Bəzi adamların öz istəklərinə görə xalqı sarsıtmaları, o tərəf-bu tərəfə çəkmələri, hakim sistemi və ölkənin ümumi nizam-intizamını pozmaları böyük fəlakətdir. Əmirəlmöminin (ə) vəsiyyətnamənin bu hissəsində onu qadağan edir və əksini tapşırır.

Vəsiyyətin ikinci hissəsində buyurulan üçüncü qayda mehriban yaşamaqdır; yəni bir-birinizlə mehriban olun, ürəklər bir olsun, söz birliyiniz olsun, aranızda ixtilaf və ayrılıq olmasın. O, bu cümləni buyurarkən Peyğəmbərin (s) sözündən bir məsəl də çəkir. Bəlli olur ki, bu məsələ üzərində xüsusi təkidi var və ondan qorxur. Bu o demək deyil ki, insanların mehribanlığı işin nizam-intizamlı olmasından daha əhəmiyyətlidir, əslində bu cəhətdən təhdidin daha güclü olduğuna görədir. Ona görə Peyğəmbərdən (s) belə bir sitat gətirir: "Sizin babanızdan belə bir söz eşitmişəm: "İnsanlar arasında mehribanlıq hər bir namaz və orucdan yaxşıdır". Demir ki, bütün namaz və oruclardan yaxşıdır; buyurur ki, hər bir namaz və orucdan yaxşıdır. Siz öz namaz və orucunuzla məşğul olmaq istəyirsiniz, amma fəziləti bunların hər ikisindən çox olan bir iş var. O nədir? O, insanlar arasında mehribanlıq yaratmaqdır. Əgər İslam ümməti arasında ixtilaf və ayrılığın olduğunu görsəniz, gedib onu düzəldin. Bu, namaz və orucdan daha dəyərlidir.
Əmirəlmömininin (ə) vəsiyyətində yetimə nəvazişin əhəmiyyəti

Bu cümlədən sonra qısa, dərin və yanıqlı sözlərlə buyurdu ki, yetimlərin qayğısına qalın, onları heç zaman unutmayın. Bu çox mühüm məsələdir. Görün bu insanşünas, allahşünas, psixoloq və xeyirxah insan necə xırdalıqları görür! Bəli, yetimlərin qayğısına qalmaq yalnız fərdi və adi duyğusal mərhəmət deyil. Həyatın ən zəruri ehtiyaclarından biri olan atasını əldən vermiş uşağın uyğun ehtiyacını hansısa bir yolla təmin etməlisiniz. Bunu təmin etmək mümkün olmasa da, atasını itirmiş gəncin, yeniyetmənin və uşağın əldən çıxmasına imkan verməməlisiniz. "Yetimlərin qayğısına qalın, onları ac qoymayın!" Yəni belə olmasın ki, onlar hərdən yeməyə bir şey tapsınlar, hərdən yox. Onların məişət məsələsi ilə maraqlanın. "Siz ola-ola onlar tələf olmasınlar", yaddan çıxmasınlar. Əgər siz olmasanız, xəbərsiz olsanız, heç, amma siz ola-ola heç bir yetim diqqətdən kənarda qalmasın. Məbada hər kəs öz işinin ardınca getsin və yetim uşaq yalqız qalsın.


Qonşuların hüququ

Sonra buyurur ki, qonşularınızın qayğısına qalın, bu məsələni kiçik saymayın. Bu, çox mühüm məsələdir, böyük bir ictimai rabitədir. İslam dini insanların fitrətinə uyğun olan bu məsələyə böyük diqqət ayırmışdır. İnsan fitrətindən uzaq olan sivilizasiyalarda isə bu dəyərlər itmişdir. Biri bir neçə il bir evdə yaşayır, amma qonşusunun kim olduğunu və necə yaşadığını bilmir. Problem və müsibətlər zamanı insanların ehtiyacları ilə kim maraqlanmalıdır?!

Qonşularınızla maraqlanın. Burada məqsəd yalnız iqtisadi və maddi cəhət deyil. Sözsüz ki, bu da mühüm məsələdir, amma məqsəd bütün insani cəhətlərdir. O zaman cəmiyyətdə necə ülfətin yarandığını və çarəsiz dərdlərin necə sağaldığını görəcəksiniz. Sonra buyurur: "Bu, peyğəmbərinizin (s) vəsiyyətidir. O, qonşuları o qədər tapşırırdı ki, biz qonşu üçün də irsin təyin olunacağını düşünürdük".
Quranı dərk və ona əməl etmək

Sonra buyurdu ki, Quranı sizə tapşırıram; digərləri, Qurana etiqadı olmayanlar ona əməl etməkdə sizdən önə keçməsinlər və siz ona etiqadlı olduğunuz halda əməl etməyib geridə qalmayın. Bu hal indi yaranmışdır. Dünyada öndə gedənlər yorulmazlıqla, müntəzəm fəaliyyətlə, yaxşı çalışmaqla və Allah-Taalanın sevdiyi digər xüsusiyyətlərlə önə keçdilər, fəsadları, şərabları və zülmləri ilə yox.

Mən dəfələrlə demişəm: Əgər dünyada elmi inkişaf etdirən bu Qərb ölkələrində bəzi yaxşı xüsusiyyətlər olmasaydı, bu inkişaflara nail olmazdılar və başqalarına etdikləri zülm onları məhv edərdi. Yaxşı xüsusiyyətlər onların qalıb inkişaf etmələrinə bais oldu. Biz o xüsusiyyətləri tərk etmişik. Onlar işlərdə davamlıdırlar, vaxta qiymət verirlər, istehsal etdikləri məhsula əhəmiyyətli yanaşırlar. Əgər bizim fəhləmiz, tələbəmiz, müəllimimiz, ruhanimiz, tacirimiz, əkinçimiz və digər təbəqələrimiz bu müsbət və yaxşı xüsusiyyətlərə yiyələnsələr, ölkə birdən-birə gülüstana çevrilər. Biz yaxşı və müsbət xüsusiyyətlərə yiyələnməliyik və bu, Qurana əməl etmək deməkdir. Buyurur: "Digərləri Qurana əməl etməkdə sizdən önə keçməsinlər". Bu o demək deyil ki, Əmirəlmöminin (ə) kiminsə Qurana əməl etməsini istəmir. Əgər bütün dünya Qurana əməl etsə, o həzrət daha çox sevinər. Deyir məbada Qurana etiqadı olmayanlar ona əməl edərək sizə hakim olsunlar, önə keçsinlər, siz isə geridə qalasınız. Davamında buyurur: "Namazdan ehtiyatlı olun. Həqiqətən o, dininizin sütunudur. Allahın evindən ehtiyatlı olun. Nə qədər ki, varsınız, onun boşalmasına qoymayın. Əgər o boşalsa, sizə möhlət verilməyəcək (yaxud yaşamaq imkanınız əldən çıxacaq".
Allah yolunda malla, canla və dillə cihad etmək

"Allah yolunda malla, canla və dillə cihad etməyi sizə vəsiyyət edirəm". Bu işi tərk etməyin. Bu həmin cihaddır ki, İslam ümməti onu etdiyi zaman dünyanın nümunəvi xalqı idi, əldən verəndən sonra isə xar oldu. Məsihi yazıçılar İncil kitablarında Məsihin dilindən belə yazmışlar: "Əgər bir üzünə sillə vursalar, o birini gətir"; "Biz əsla müharibə tərəfdarı deyilik, mütləq şəkildə barış və mehribanlıq tərəfdarıyıq". Bu onların şüarıdır. Hələ də deyirlər. Hələ də utanmadan müsəlmanları məzəmmət edirlər ki, siz cihad, müharibə və xəncər tərəfdarısınız. Bunu o qədər dedilər ki, axırda müsəlmanlar utandılar; müsəlman yazıçı və alimlər dedilər ki, bizdə cihad yoxdur, bizim cihadımız əslində müdafiədir. Allah-Taala deyir ki, cihad et, müsəlman alim isə deyir ki, cihad müdafiədir. Allah buyurur: "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!"1 Onlara arxa çevrməyin, onlarla vuruşun: "Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun!"2 Müsəlman yazıçı deyir ki, Allah yolunda cihad əslində cihad deyil, hücum deyil, müdafiədir. Bütün bunlar məsihilərin təbliğatının təsiridir. Sülh və barışdan o qədər danışdılar, o qədər "Müharibə pisdir, döyüş pisdir, heç kimə hücum etməyin" – dedilər ki, cihad tərəfdarı olan və cihadla izzətlənmiş müsəlmanları təcrid etdilər. Lakin sülh tərəfdarı olan o cənabların özləri harada imkan tapdılarsa, müsəlmanların günlərini qara etdilər. Bu gün Bosniya-Herseqovinada və işğal olunmuş Fələstinin Xəlil ər-Rəhman məscidində müsəlmanları qırmaqda olanlar Amerika və Avropadan gələnlərdir. Həmin avropalılar, amerikalılar və qərblilər bir ömür müsəlmanlara dedilər ki, siz cihad tərəfdarısınız və cihad pisdir. Eyni zamanda xaç yürüşlərindən bu yana məsihilər bir formada, o birilər də başqa formada bacardıqları qədər müsəlmanlara qarşı mübarizə apardılar, vuruşdular və öldürdülər.

Bu hadisələri biz burada deməli deyilik. Xülasə, qəribə hadisələrdir. Tarixi oxuyan və bilən şəxs belə hadisələrdən ötrü qan ağlayar; həm edilən zülmlərə görə, həm də ikiüzlülüklərə görə. Sülhdən bu qədər dəm vururlar, eyni zamanda bu qədər gizli və aşkar xəncərləri var.

Sözsüz ki, müəyyən həddi-hüdudu olan İslam cihadı isə zülm deyil. Cihadda insanların hüquqlarına zülm və təcavüz yoxdur. Cihadda yeri gəldi-gəlmədi onu-bunu öldürmək yoxdur. Cihadda müsəlman olmayan hər bir kəsi öldürmək yoxdur. Cihad – Allahın çox möhtəşəm bir hökmüdür. Əgər cihad olsa, xalqlar başıuca olarlar.

Sonra buyurur ki, bir-birinizlə əlaqəniz olsun, bir-birinizə kömək edin, əl tutun, bir-birinizə arxa çevirməyin, əlaqələrinizi kəsməyin. Buyurur ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək əməlini heç vaxt tərk etməyin. Əgər tərk etsəniz, yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirən olmasa, pislər iş başına gələr, hakim olarlar. Əgər insanlar pisləri və pislikləri məzəmmət etməyə adət etməsələr, pislər hakimiyyətə gələrlər. Sonra siz yaxşılar "İlahi! Bizi bu pislərin şərindən qoru!" – deyə dua edərsiniz, amma duanız qəbul olunmaz.

Əmirəlmöminin (ə) bu vəsiyyətində təxminən iyirmi ən mühüm mövzunu bəyan etmişdir. Sonra da əsaslı və həssas bi məsələyə toxunur. O əsas məsələ nədir? İntiqam almaq məsələsidir. Buyurdu ki, ey Əbdülmüttəlib övladları! Ey özlərini qisas sahibi bilən qohumlarım! Məndən sonra onun-bunun canına düşməyin, möminlərin əmiri öldürülüb deyə, kiminlə haqq-hesabınız varsa, ortaya atıb insanları məhv etməyə çalışmayın. Əgər ölsəm, məndən sonra yalnız qatilimi öldürün. Əgər bu yaradan dünyamı dəyişsəm, ona yalnız bir zərbə vurub qisas alın; bir zərbəyə qarşı yalnız bir zərbə.

Bədbəxt və xəbis İbn Mülcəmin üstünə düşüb, onu tikə-tikə etmək qorxusu vardı. Buna görə allahşünas, Allahı axtaran və diqqətli insan olan Əmirəlmöminin (ə) camaatın qəzəb və qisas hissi ilə düşməni parçalamasından ehtiyatlanıb buyurdu: "Onun bədən üzvlərini kəsməyin. Mən Allah Rəsulunun belə dediyini eşitmişəm: "Hətta quduz iti də parçalamayın!"

Bu, Əmirəlmömininin (ə) son vəsiyyətidir və onun müraciət tərəfi bizik. Biz bu vəsiyyətə əməl etməliyik.

Tehranın cümə namazı xütbələrindən: 1994.

Fitr bayramı – saleh insanların Allahdan mükafat aldıqları gün

Fitr bayramı münasibəti ilə namazda iştirak edən siz əzizlərin hamısını, böyük İran xalqını və bütün dünya müsəlmanlarını təbrik edirəm. Bu, çox əzəmətli gündüz və gecələrdən sonra gələn böyük bir gündür. Əmirəlmöminin (ə) fitr bayramı namazının xütbələrinin birində belə buyurdu: "Ey insanlar! Bu gün saleh adamların Allahdan mükafat aldıqları gündür". Bu gün saleh insanlar Allah-Taaladan ramazan ayının orucunun, ibadətlərinin, imsaklarının və nəfsə qarşı müqavimətlərinin mükafatını alır, yanlış əməlli insanlar isə pis işlərinin zərərini görürlər. Bu gün cəza günüdür. "Bu gün qiyamət gününə ən çox bənzəyən gündür. Bayram namazı qılmaq üçün evinizdən çıxdığınızda Rəbbinizə sarı getmək üçün qəbirlərdən çıxacağınız günü yada salın; namazda ayaq üstə durduğunuzda (qiyamət günü) Rəbbinizin önündə duruşunuzu yada salın; (namazdan sonra) evinizə qayıdarkən (qiyamət günü) cənnətdəki mənzillərinizə qayıtmanızı yada salın".

Sonra buyurdu ki, ey Allahın bəndələri! Ramazan ayının sonunda Allah-Taalanın oruc tutanlara verəcəyi ən az mükafat budur: "Ramazan ayının son günündə bir mələk onları çağırıb deyir: "Müjdə! Ey Allahın bəndələri! Allah sizin günahlarınızı bağışlamışdır".

Bu, Ramazan ayının mükafatıdır. Əziz Ramazan ayının son saat və dəqiqələrində bir düzgün oruca, bir dərin məzmunlu əmələ və bir ixlaslı ibadətə belə mükafat verilir: "Allah sizin günahlarınızı bağışlamışdır". Günahların bağışlanması kiçik mükafat deyil. "Görün bu gündən başlayan yeni dönəmə necə başlayırsınız!" Məbada fikirləşib öz-özünüzə deyəsiniz ki, günah edək, gələn ramazan ayında yenə bağışlanarıq. Heç kim gələn ramazan ayına qədər sağ qalacağını deyə bilməz. Ötən il bu yerdə və bu bayram namazında olanların bəzisi bu il burada deyillər. Gələn il də bizim hansımızın olub-olmayacağı məlum deyil. Bundan əlavə, cəsarətlə və qəsdən edilən günah insanın qəlbini qaraldır. Belə bir insan daha asanlıqla ixlaslı ibadət eləyə bilməz ki, onun hesabına günahları da bağışlansın. Günahlardan çəkinməyə və saleh işlər görməyə çalışın və çalışaq. İnsanı xoşbəxt edən budur.

Fitr bayramı namazının xütbələrindən: 1994.

İmam Səccadın (ə) istəkləri

Bu gün fitr bayramı münasibəti ilə və Əmirəlmömininin (ə) nurlu kəlamlarından sonra bir əxlaqi məsələ haqda qısaca danışmaq istəyirəm. İmam Səccad (ə) Səhifeyi-Səccadiyyənin sübh namazı ilə onun nafiləsi arasında oxunan duanın sonunda Allah-Taaladan altı istək diləyir. Deyir ki, İlahi, mənə kamil ağıl, güclü iradə, dərin məzmun – mən bu üçüncü istək üzərində dayanacağam – təmiz qəlb, çoxlu elm, gözəl və parlaq ədəb-ərkan bəxş et.

Üçüncü istək dərin məzmundur. Bunun mənası odur ki, işimin məğzi və məzmunu onun zahirindən və formasından çox olsun. Görün İmam Səccad (ə) Allahdan nə istəyir! Mən siz möminlərə, böyük İran xalqına, qəlbləri iman nuru ilə işıqlanmış, öz sözləri və əməlləri ilə bir dünyanı işıqlandırmış insanlara bunu təkrarlamaq istəyirəm: dərin məzmun!

İnsanlar iki qisimdir: Bir qisim insanların nəyi varsa, zahirindədir; zahiri gözəl, gözoxşayan və bəzən heyranedici, daxili isə boş və puçdur, içində heç bir şey yoxdur. Bu, böyük işlər görmək istəyən ən pis insan qismidir. Bundan Allaha sığınırıq! Başqa bir qisim isə daxili zahirindən üstün olandır; zahiri necədirsə, daxili daha yaxşı və daha dərindir. İmam Səccad (ə) bizə öyrədir ki, Allahdan belə insan olmağı istəyək.

Bilirik ki, dualar yalnız Allahdan istəmək deyil, onlarda bizim üçün dərslər də vardır. Riyakarlıq, puçluq və məzmunsuzluq birinci qisim insanlara məxsusdur. Belə bir insan nə müharibədə işə yarayır, nə çətinlikdə köməyi toxunur, nə ağır vəzifələri qəbul edə bilir. Nəyi varsa, yalnız zahirindədir. İslam tərbiyəsi isə belə deyil. İslam tərbiyəsi deyir ki, zahirini qorumalısan, amma daxilin zahirindən yaxşı olmalıdır. Kimsə düşünməsin ki, zahir necə olur-olsun, əsas daxildir. Bəli, əsas daxildir, amma zahir daxilin göstəricisi olmalıdır: "Zahir daxilin sərlövhəsidir". Zahiri də düzəltmək lazımdır. Heç kəs zahirdə yanlış işlərə təmayül nümayiş etdirməməlidir. Bir insanın zahirində və simasında Allaha ibadət əlamətləri görünsə, çox yaxşı təsir buraxar. Lakin eyni zamanda daxil zahirdən daha yaxşı və daha ağır olmalıdır.

Fitr bayramı namazının xütbələrindən: 1994.



Səadət və mənəviyyat qazanmaqda ramazan ayının dəyəri

Hikmətli Allah Öz kitabında buyurmuşdur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir".1

Namazda iştirak edən bütün əziz qardaş və bacıları bu gündən və bu aydan istifadə etməyə çağırıram. Biz bu bərəkətli günlərə, faydalı saatlara, gündüzlərə, gecələrə və dəqiqələrə həqiqətən açıq gözlə və işıqlı qəlblə baxsaq, öz səadətimiz, mənəviyyatımız, gələcəyimiz və dünyamız üçün onların dəyərini biləcəyik. Çünki bu günlərə və saatlara hər şeyin sahibi və bütün məxluqların yaradanı olan Allah şərafət və dəyər bəxş etmiş, bu saatlardan, gündüz və gecələrdən istifadə etməmizə icazə verməsi və hidayəti ilə bizə şərəf vermişdir.

Bu dəyərli saatlarda toplanan ən yaxşı ehtiyat Allah-Taala ilə ünsiyyət, Ona üz tutmaq, könül vermək, Ondan istəmək və Onunla danışmaqdır. Bu günlərdə və bu ayda Allahdan istədiyiniz ən əziz şey təqva olsun: "İlahi! Məni təqvanla xoşbəxt et, günahla bədbəxt etmə!" Səadət təqvadadır; dünya təqvadadır; axirət təqvadadır; zəfər və qələbə təqvadadır; bütün işlərin uğuru və ilahi qurtuluş təqvadadır. Onda Allahdan bizə təqvalı qəlb verməsini istəyək. Yəni bizim qəlbimizin nəfsin istəklərinə cəzb olunmasının, dünyəvi, maddi və şəxsi maraqların bizi özünə sarı çəkməsinin yerinə Allahın iradəsi bizi cəzb etsin, Onun məhəbbəti bizi özünə çəksin və bu, bizim bütün işlərimizə nur saçsın!


Ramazan İmam Səccadın (ə) baxışında

Ramazan ayı haqda Səhifeyi-Səccadiyyənin həmin aya aid olan qırx dördüncü duasından bir neçə cümlə seçmişəm. İndi həmin cümlələri sizə tərcümə edəcəyəm. Amma öncə xahiş edirəm mənim əzizlərim, xüsusən də gənclər Səhifeyi-Səccadiyyə ilə ünsiyyət qursunlar. Çünki zahirən duaya aid olan bu kitabda əslində hər şey vardır. İmam Səccad (ə) Səhifeyi-Səccadiyyənin digər duaları kimi bu duada da Allahla danışır və Ondan diləyir, amma danışması sanki məntiqi bir formul, iddia və dəlilin, nəticə və səbəbin ardıcıl düzülüşüdür. Mənim diqqət yetirdiyim qədərincə, Səhifeyi-Səccadiyyənin əksər duaları belədir; hər şey sıra ilə düzülmüşdür. Sanki bir nəfər bir dinləyici önündə oturub məntiqlə danışır. Səhifeyi-Səccadiyyədə mövcud olan aşiqanə nalələr də eynilə belədir.

Burada da elədir. İmam sözügedən duanın əvvəlində deyir: "Allaha şükür olsun ki... bizi şükür edənlərdən etdi". Biz Allahın nemətlərini unutmur və Ona şükür edirik. O, şükrünə çatmaq üçün bizim önümüzdə yollar açmış və bizi bu yollarla getməyə vadar etmişdir.
Ramazan – Allah ayı

Sonra belə deyir: "Allaha şükür olsun ki, Öz ayı olan ramazan ayını bu yollardan biri etmişdir".1 Allaha şükür olsun ki, bizi Ona, kamilliyə və əzəmət mənbəyinə qarşı ayıqlığa qovuşduran yollardan biri bu ramazan ayıdır. İmam burada "Öz ayı" sözünü işlətmişdir. Allah ayını bu yollardan biri etmişdir. Bu çox mənalıdır. Bəllidir ki, bütün aylar Allah ayı və Allaha məxsusdur. Lakin bütün varlıq aləminin sahibi onun bir hissəsini ayırıb Özünə aid etdikdə, bu hissəyə xüsusi əhəmiyyət göstərdiyi bəlli olur. Bu hissələrdən biri bu Allah ayıdır. Ramazan ayının fəziləti üçün bu nisbətin özü yetər. "Ramazan ayı – oruc ayı, İslam ayıdır".2 Bu ayın orucu mənəvi paklıq üçün çox təsirli vasitələrdən biridir. Çünki onda aclıq, nəfslə və istəklərlə mübarizə var.


Ramazan – İslam ayı

İslam ayı – Allah qarşısında təslimçilik ayı deməkdir. Gənc bir insan oruc tutanda acır, susayır, bütün instinktləri onu bir istəyə sarı çağırır, o isə bütün bunların qarşısında dayanır. Nə üçün? Allahın əmrini yerinə yetirməkdən ötrü. Bu, Allah qarşısında təslimçilikdir. Bir müsəlman ilin digər günlərində heç vaxt adi formada Allah qarşısında bu qədər təslimçilik göstərmir. Deməli, İslam ayı təslimçilik ayı deməkdir.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin