İmanın dörd şərti və təməli
Nəhcül-bəlağənin otuzuncu hikmətində qeyd olunur ki, həzrət Əlidən (ə) iman haqda danışmasını istədilər. Buyurdu ki, imanın dörd təməli var.1 Məqsəd odur ki, bunlar möhkəm olsa, iman qalar, zəifləsə, yaxud uçsa, iman da uçar. Tamamilə məhv olmaz, amma uyğun nisbətlə uçar. Həzrət bu dörd təməli bəyan edir: "dözüm, yəqin, ədalət və cihad". Birincisi budur ki, bütün işlərdə dözüm olmalıdır. Bir proqramı icra etmək istəyirsinizsə, sona qədər gedin. Bir işə başlamısınızsa, onu bitirin. Əgər bir bəla gəlmişsə, özünüzü itirməyin. Boynunuza vacib bir əməl düşdükdə onu yerinə yetirməyə dözümünüz olsun, hövsələdən çıxmayın, əldən düşməyin. Əgər bir günah təhlükəsinə düşmüsünüzsə, müqavimət göstərin və günaha təslim olmayın. Müqavimət hər yerdə bir formada təzahür olunur. Əlbəttə, müqavimətin mənası hər yerdə eynidir; bəlli insani qüvvə, möhkəmlik və davamlılıqdır, lakin bu hər yerdə özünü bir formada göstərir: itaət qarşısında dözümlülük, günah qarşısında dözümlülük, müsibət qarşısında dözümlülük.
İmanın digər təməli yəqindir. Qeyd etdiyimiz kimi, yəqin elə elmdir. Yəqin təməlini zəiflətmək, şəkk-şübhəni qarışqa kimi imanın canına salmaq olmaz. Yəqini güclü saxlamaq lazımdır. Əgər təbii şəkildə insanın zehnində bir sual yaransa, gedib onu öyrənməli, şəkk-şübhəni aradan qaldırmalıdır. Amma özü vəsvəsə etməməli, özündə, yaxud digərlərində yəqini sıradan çıxarmamalıdır. Yəqin olunan məsələlərdə tərəddüd yaranıb şəkkə çevrilməməlidir.
İmanın üçüncü təməli ədalətdir. Ədalət hər şeyi öz yerinə qoymaqdır. Ədalətin leksik mənası orta hədd deməkdir. Mötədillik bu sözdəndir; yəni ifrat və təfrit etmədən, sola və sağa yayınmadan öz yerində durmaq. Ədalətin hər şeyi öz yerinə qoymaqdan ibarət olduğunu da buna görə deyirlər. Yəni hər şey öz yerinə qoyulduqda təbiətdə ədalət və həqiqət əsasında bir mötədillik yaranır. İnsanın rəftarında ədalət vacib məsələdir. Hökmdara ədalət lazımdır, mövqe seçməkdə ədalət lazımdır, məhəbbət və nifrət bildirməkdə ədalət lazımdır. Quranda buyurulur: "Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin"1. Buna əsasən, ədalət də imanın təməllərindən biridir; əgər ədalət olmasa, iman qalmaz.
Sonuncu təməl cihaddır. Cihad mübarizə deməkdir, müharibə və döyüş demək deyil. Deyirsən mən mübarizə aparıram; elmi mübarizə aparıram, ictimai mübarizə aparıram, siyasi mübarizə aparıram, silahlı mübarizə aparıram - bunların hamısı mübarizədir. Mübarizə bir maneə, yaxud düşmən qarşısında güclü səy deməkdir. Əgər insanın qarşısında heç bir maneə olmasa, mübarizə də yoxdur. Asfalt yolda insan ayağını qazın üzərinə qoyub gedir. Buna mübarizə demirlər. Mübarizə insanın bir maneə ilə qarşılaşdığı yerdədir. Müharibədə bu maneə düşməndir, təbii yerlərdə təbii maneələrdir. Əgər insan bu maneələrlə üzləşsə və onları aradan qaldırmağa çalışsa, bu olur mübarizə. Ərəb dilində cihad sözünün mənası məhz budur, mübarizə deməkdir. Quran və hədislərdə işlənən cihad sözü də bu mənayadır, hər yerdə silahlı döyüş demək deyil; bəzi yerlərdə silahlı döyüşlə uyğun gəlir, bəzi yerlərdə isə qeyri-silahlı döyüşlə.
Sonra Əmirəlmöminin (ə) bu sözləri izah edir. Mən bu haqda danışmayacağam. O həzrət həm dözümlülüyü, həm yəqini, həm ədaləti, həm də cihadı şərh edir. Məsələn, deyir ki, cihadın dörd şaxəsi var: yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, doğru danışmaq və mövqedə sədaqətlilik; yəni insan siyasi və ictimai mövqelərdə sadiq olsun. Odur ki, mövqelərdə sadiqliyin özü də cihaddır. "Möminlərin arasında elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar"1 ayəsinin mənası da budur.
Cihadın şaxələrindən başqa birisi "fasiqlərə qarşı olan kin",2 yəni günah və küfr cərəyanından ayrılmaqdır. Bunu mən xüsusən sizə deyirəm. Hamı buna diqqət yetirsin. Siz bu cərəyandan uzaq durmalı, ona qarışmamalısınız. Siz məni tanıyırsınız, sizinlə təxminən səkkiz ildir, bəzilərinizlə isə daha çox vaxtdır işləyirik. Mən kafirlərlə əlaqənin kəsilməsini əsla düzgün saymıram. Xeyr! Lakin sizinlə kafirlər arasında sərhəd bəlli olmalıdır; sizinlə günahkarlar arasında sərhəd bəlli olmalıdır; sizinlə İslam Respublikasını qəbul etməyənlər arasında sərhəd bəlli olmalıdır. Bəzən insanın İslam Respublikasını qəbul etməyən bir şəxslə münasibətdə olması lazım gəlir, amma onun və sizin kimliyiniz bəlli olmalıdır. Bir-birinizə qarışmayın. Mən öz quruluşumuzda və təşkilatımızda bəzilərindən həmişə buna görə gileyli olmuşam. Onlar sərhədləri götürürlər. Bəzən bunlara deyirdim ki, sizin sərhədləri götürmənizin eybi budur: sərhədin olmadığına görə çoxları bu tərəfdən o tərəfə keçəcəklər, o tərəfdən bu tərəfə; daim get-gəl edəcəklər. Yəni sərhədlər unudulacaq. Bir ölkənin sərhədləri bəlli olmasa, ümumi kimlik və birlik olmaz. Qoyun sərhədlər müəyyən olsun, sizin harada durduğunuz və onların harada durduğu bəlli olsun.
Sabit və birovuz iman
İman Əli (ə) buyurur ki, iman iki növdür: sabit iman və birovuz iman. Birovuz iman da imandır. Onun sahibi münafiq deyil, amma imanı möhkəm deyil və tez məhv olur. Sabit iman isə qəlbə hopmuş, dəlili və dərin baxışı olan və saleh əməllə dəstəklənən imandır. İmanın başqa növü məntiqlə deyil, hisslərlə yaranan imandır. İnsan onun üçün saleh əməl etməyib, sadəcə iman şüarı verib. Bəzən çox sərt şüar verib, amma onun üçün öz nəfsi ilə mübarizə aparıb saleh əməl xərcləməyib. Yəni bu iman saleh əməllə suvarılmamışdır. Bu olur birovuz iman. Buyurur ki, bu iman müəyyən vaxta qədər qalır, sonra isə sinəsində gizlətdiyi bir sərçə kimi uçub gedir. Çünki bu iman onun vücudundan olmamışdır. Bu növ iman nə zaman məhv olur? İmtahan zamanı və nəfsin baş qaldırdığı anlarda. Məsələn, kimsə pulgirdirsə, pul və imandan ibarət olan iki yol arasında qaldıqda imanı uçub gedir. Bəziləri nəfsin həvəslərinə və cinsi ehtiraslara qarşı zəifdirlər, bəziləri vəzifəpərəstdirlər; hər kəs bir cürdür. Bizim hər birimiz üçün uçurum vardır. Bu uçurun gicgahımız kimidir. Allahdan istəyək ki, ona zərbə toxunmasın. Bunun yolu isə təqvadır. Mən bu məclisdə və digər məclislərdə həmişə təqvadan danışıram. Təqva özündən ehtiyatlı olmaq deməkdir. İnqilabın əvvəlindən indiyədək bəzi adamların 180 dərəcəli dönüşlərinin sirri bundadır. İnqilabın əvvəlindən iyirmi beş il ötür və indi siz bəzilərinin 180 dərəcə döndüyünü görürsünüz; yəni ixlaslı, sədaqətli, fəal və şüar verən bir mömindən inadkar müxalifə və bəhanə axtaran düşmənə çevrilmişlər. Bizim bir neçə növ düşmənimiz var: bəziləri düşməndirlər, amma daim inqilabın üzünü cırmaqlamaq istəmirlər, bəziləri isə yox, daim inqilabın və İslam quruluşunun üz-gözünü cırmaqlamaq istəyirlər. Baxanda görürsən ki, bunların bəzisi çox sərt və radikal idilər, çoxlarını qəbul etmirdilər, çır-çırpıdan qalxan şölə kimi idilər. Düzdür, bəzən möhkəm odundan da böyük şölə saçılır, amma heç bir şeyi olmayan çır-çırpıdan qalxan şölə tez sönür. Bizdə belələri də var. Bunların imanı sabit deyil, birovuz və zəifdir və güclü dəlillərə söykənmir. Qeyd etdiyim kimi, bu iman məhv olub gedəndə zəng vurub xəbər etmir; demir ki, mən getdim, bu saatdan sonra daha kafir oluram və namaz qılmayacağam. İnsan tədricən anlamır və bu imanın necə məhv olduğunu bilmir. Çox ehtiyatlı olmaq və Allaha sığınmaq lazımdır.
Əmirəlmöminin Əlinin (ə) Malik Əjdərə fərmanında olan çoxlu hikmətlər
Dördüncü və sonuncu cümlə həzrət Əlinin (ə) Malik Əjdərə fərmanına aiddir. Onun bu məktubu çox möhtəşəmdir. Bu məktubda olan hikmətlər doğrudan da saymaqla qurtaran deyil. İnsan bu məktubun dərin məzmununa baxanda onun hər bir cümləsində olan əzəmət qarşısında həqiqətən təzim hissi keçirir. Buyurur ki, Yerin məhvi Yer adamlarının yoxsulluğundan yaranır. Yəni camaat yoxsul olanda Yer məhv olur. Həzrət bunu fəlsəfi bir məsələ kimi demir, reallıq kimi bəyan edir. Burada Yer dedikdə məqsəd Malik Əjdərin getdiyi Misir məmləkətidir. Əlbəttə, o zaman Şam, İraq, İran, Mədinə və hər bir ölkə və ya vilayət Misirlə müqayisəolunası idi. Deyir ki, sən getdiyin yerdə xalqı varlandıra bilsən, ora abadlaşacaq. Əgər xalqı yoxsul saxlasan və ya yoxsul etsən, məmləkət də abad olmayacaq, xaraba qalacaq. Öz fəallıqları və bacarıqları ilə məmləkəti abadlaşdırmalı olan xalqın özüdür. Yerin hər tərəfini abadlaşdıran amil insanların yaradıcılığıdır. Sonra buyurur ki, xalqın yoxsulluğu hakimlərin təqsiridir.1 Xalqın yoxsulluğuna onlar bais olurlar. Çünki sərvət və mənafeyi özləri mənimsəyirlər və bu, xalqın yoxsulluğuna səbəb olur. Əlbəttə, bir zaman hakimlər qədim müstəbidlər kimi olurlar. Məsələn, Rza xan hər şeyi istəyirdi və heç bir şeylə doymurdu. Bir qrup da onun yanında istifadə edir və bacardıqlarını aparırdılar. Şahın payı birinci idi, sonra da tədricən şahın ətrafında duranların hər biri öz qədərincə aparırdı. Qədim avtoritarlar belə idilər. Əlbəttə, Pəhləvi hökuməti onun daha müasir forması idi, daha qədim formasını da kitablarda Qacarlardan, Nasirəddin şahdan və digərlərindən oxumuşuq. Bir forması da modern üsuldur - yəni zahirən demokratik, əslində isə avtoritar olan hökumətlərin üsulu. Bu gün bu hökumətləri iqtisadi kompaniyalar idarə edir. Onlar siyasi ideoloqlardır. Zahirdə heç kimdirlər, amma əslində parlamentə deputatı bunlar göndərirlər, prezidenti bunlar iş başına gətirirlər. Prezidentin köməkçiləri var, səfirlər var, nazirlər var, müxtəlif sahələrin başçıları var. İstibdadın icra növü də qabaqkı kimi deyil ki, desin hökm edirəm. Rza xan müstəbidlik edəndə Tehranda bəyanat verir və onda dörd-beş dəfə "hökm edirəm" sözünü işlədirdi. Bu gün hakim demir ki, hökm edirəm. O öz demokratik nəzakətini əldən vermir, əsla hökm etmir, amma mahiyyəti elə hökmdür. Yəni bu kompaniya üçün lazım olan qanun mütləq qəbul olunur. Bu kompaniyaların yaşaması üçün lazım olan işlər mütləq görülür; hətta İraq kimi bir ölkəyə hücum etməklə olsa belə.
Məgər İraqın abadlaşmasından və neftindən kimlər istifadə edirlər? Amerikanın, yaxud İngiltərənin hökumət başçıları dövlətin mənafeyi üçün çalışmırlar ki, kompaniya, neft və hər şey dövlətə məxsus olsun və onun istifadə etdiyini deyək. Xeyr! Hər bir yeni şeydən bu ölkələrə hakim olan maliyyə və iqtisadi qurumlar istifadə edir. Onlar öz aralarında rəqabət də aparırlar, bir-birinə düşmənlikləri də var, amma Orta Şərqin neftindən, Orta Şərqə hökmranlıqdan və Böyük Orta Şərq layihəsindən istifadə edənlər həmin maliyyə qurumlarıdır, sonda faydalanan onlardır. Hökumət, prezident, Xarici işlər naziri, Müdafiə naziri və digərləri də çox zaman ölkənin əsas maliyyə və sənaye müdirlərindən olurlar. Ön cəbhə və ön xətt onlardır, dəstəkləyir və dayaq olurlar.
Siz deyə bilərsiniz ki, məsələn, ABŞ-da, yaxud İngiltərədə bu ölkələrin əhalisinin nisbətinə görə yoxsul yoxdur. Bunu hesabalamaq lazım deyil. Baxmaq lazımdır ki, İngiltərə dövləti Hindistan yarımadasında nə qədər yoxsul yaratmışdır; yaxud Afrikanı və ya Latın Amerikasını müstəmləkəyə çevirən hansısa dövlət orada nə qədər yoxsul yaratmışdır; yaxud bu gün ABŞ bütün dünyada malik olduğu iqtisadi təsir gücü ilə dünyada nə qədər yoxsul, aclıq və məhrumluq yaratmışdır. Meyar bunlardır. Əlbəttə, bu ölkələrin özündə də yoxsulluq, yoxsul və təbəqələrarası fərq olduqca çoxdur; ümumiyyətlə heyrətamizdir. Təəssüf ki, bəzən bizim statistikalarda yersiz, sadəlövh və yaxıngörən fikirlər müşahidə olunur ki, məsələn, ölkəmizdə iqtisadi fərqlər ABŞ-dan, yaxud filan yerdən çoxdur. Bunlar reallıqları bilməzlikdən deyilən sözlərdir. Onların reallıqlardan heç bir xəbərləri yoxdur. Xeyr, kapitalist ölkələrində iqtisadi uçurum dəhşətli, təsəvvürolunmaz və dünyanın hər yerindən çoxdur. Bundan əlavə, onları o ölkələrin özündə ölçmək düzgün deyil, bütün dünya üzrə hesablamaq lazımdır. Çünki bunların təsir, güc və hərəkət dairəsi bütün dünyadır. Biz indi hələlik beynəlxalq məsələlərdən danışmaq istəmirik, özümüzü götürürük, özümüzdən danışırıq. Əgər dünyanın düzəlməsini istəyiriksə, özümüzə nəzarət etməliyik. Başçı və müdir olan, ölkənin maliyyə, sənaye, əkinçilik işlərinə və mühüm instansiyalarına rəhbərlik edən mən və siz özümüzə nəzarət etməliyik. Yalnız özümüz deyilik, "biz" dedikdə bütün orqanları nəzərdə tuturam. Siz - yəni siz, müavinləriniz, müdirləriniz və digər aparıcı məmurlarınız. Əlbəttə, bir tərəfdə və çox aşağı bir səviyyədə birinin nəzarət və proqnozdan kənar bir səhv etməsi mümkündür. Bu başqa məsələdir, amma sizin başçılıq etdiyiniz təşkilatınız bu xüsusiyyətlərə malik olmalıdır. Buyurur ki, hakimlər xalqı yoxsul edir, çünki hər şeyi özləri üçün istəyirlər, qalan ömürlərindən ötrü də nigarandırlar. Nigaran və bədgüman olmaq lazım deyil. Allah-Taalaya nikbin olmaq lazımdır. Həmçinin buyurur ki, onlar ibrətlərdən az istifadə etdiklərinə görə belə edirlər.
Ümidvaram dediklərim əvvəlcə özümə təsir etsin. Hamıdan çox ehtiyacı olan həqiqətən mənəm. Bizim belə mövzuları seçib danışmaqda məqsədimiz budur ki, özümüzə təsir etsin, Allah yolunda, doğru yolda hərəkətimiz daha həqiqi və daha ciddi olsun. Kumeyl duasında oxuyuruq ki, İlahi, öz qorxunda bizə ciddilik bəxş et!1 İnsan Allah qorxusunda ciddi olmalı, onu zarafat saymamalıdır. Bunlar zarafat götürən məsələlər deyil. Əgər biz ağıllı olsaq, həyatın həqiqi məsələlərini heç zaman zarafata salmarıq, ciddi qəbul edərik. Ölüm məsələsi, qəbir məsələsi, ilahi sorğu-sual, bərzəx və qiyamət məsələsi bu həyatın işlərindən daha ciddidir. Bunları zarafat saymaq olmaz, ciddi saymalıyıq. Bunlar mühüm məsələlərdir.
Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından: 2004.
Ramazan - Yer əhalisinin mələklərlə yoldaşlığı üçün müstəsna fürsət
Ramazan ayı çox müstəsna və əlverişli bir fürsətdir. Allah-Taalanın lütfü ilə bu il də bizə bu fürsət verildi və bu mübarək ayda ilahi ziyafət süfrəsində əyləşə bildik. İl ərzində bu müstəsna fürsətin bənzəri yoxdur. Ramazan ayında ilahi mələklərlə və əmanətdar Ruhla oturmaq biz Yer sakinləri üçün çox böyük səadətdir. "O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər"1. Ramazan ayında olan qədr gecəsi Yer əhalisinin göyün mələkləri ilə yoldaşlıq etdiyi gecədir. Bəşər karvanının bir sona doğru daimi hərəkət halında olduğu kimi, hər bir insan da öz həyatında bir sona və mənzilə doğru hərəkət halındadır: "Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan"2. Bu uzun və enişli-yoxuşlu yol müxtəlif keçidlərdən keçir, onda əziyyətlər, bəlalar, çətinliklər, eləcə də qurtuluş, uğur və sevinc var: "Onları yaxşı-yamanla imtahan etdik".3 Bunların hamısı sınaqdır. Bütün insanların keçməli və özlərini insani kamillik zirvəsinə - yəni Allahla görüşə çatdırmalı olduğu bu uzun yolun bəzi hissələrində hərəkət etmək çətindir. Bu, adi həyatın yollarına bənzəyir. Bəzən insan çətin bir keçiddən, bəzən çətin yoldan keçməli, bəzən bir aşırımla qalxmalı olur; bəzən insanın yoluna bataqlıq çıxır, bəzən də yol geniş və minik yaxşı olur.
Biz il ərzində və uzun yolumuzda nəfsin istəkləri və günahlarla rastlaşarkən və öz əlimizlə yaratdığımız qaranlıq yerlərdə problemlərə düçar oluruq. Bəzən insan üçün dua halı çətin yaranır, bəzən bir damla göz yaşı tökmək çətin olur; çünki yol çətindir və biz öz səhvlərimiz və günahlarımızla əhatə olunmuşuq. Ramazan ayı isə hərəkətin asan olduğu hissədir. Sanki bir yerə, yaxud bir şəhərə sarı getdiyiniz bu çətin yolda bəzən piyada getməyə məcbur olursunuz, bəzən sudan, bəzən də bataqlıqdan keçməyə. Bir dəfə də bir hava limanına çatırsınız və təyyarə sizi sürətlə və rahatlıqla məqsədə çatdırır. Ramazan ayı girəndə insan bu hava limanına çatmış olur. Allah-Taala ramazan ayında yolu açmışdır. Ramazan ayında mühit əngəlsizdir. Sizin tutduğunuz bu oruc nəfsi və onun istəklərini zəncirləyir. Bu ibadətlər, bu dualar, bu təzimlər, bu zikrlər və bu qədr gecəsi sizi kilometrlərlə irəli salan sürətli vasitələrdir. Əgər çalışsaq və özümüzü çatdırsaq, il boyu və digər aylarda bəzən metr-metr getməli olduğumuz yolu ramazan ayında fərsəng-fərsəng gedərik. Məhz buna görə Allah övliyaları ramazan ayı çatanda sevinir, onunla ayrılanda isə ağlayırdılar.
İmam Səccad (ə) güman ki, Səhifeyi-Səccadiyyənin 45-ci duası olan ramazan ayı ilə vidalaşma duasında bu ayla ayrıldığına görə fəryad edir və ramazan ayını dəfələrlə salamlayır: "Salam olsun sənə!" Burada "salam" əziz ramazan ayı ilə, bu nurlu gündüz və gecələrlə vidalaşma və xudafizləşmə mənasındadır; bizim ömrümüzün və bütün ilin bir cənnət parçası olan ramazan ayı ilə vidalaşır.
Ramazan - təqva ehtiyatı toplamaq ayı
Ramazan ayının səmərəsi təqvadır; insanın özü ilə məşğul olması, öz qeydinə qalması və özü üçün təqva ehtiyatı toplaması: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız".1 Ramazan ayı bizdə təqva yaradır. Bu təqvanın özü də daha uca məqamlara vasitədir. Təqva bizi uca məqamlara çatdıran minikdir: "Təqvalı olun ki, nicat tapasınız"2; "Təqvalı olun ki, rəhm olunasınız"3; "Təqvalı olun və Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədər"4. Elm, hidayət və ilahi rəhmət Allah tərəfindən insana təqvaya görə bəxş olunur. Hamısından üstünü qurtuluşdur. Qurtuluş təqvaya görə əldə olunur. Mənim əzizlərim! Ramazan ayında əldə etdiyimiz təqva ehtiyatını - əgər ilahi ziyafət süfrəsində dayanmış və ondan bəhrələnmişiksə, ümidvarıq əldə etmiş olaq - qorumalıyıq. Bu çox dəyərli səmərədir; zəhmət çəkib öz buğda məhsulunu yığan, sonra onu yaxşı bir anbarda saxlayan və il boyu ondan istifadə edən bir əkinçi kimi. Bu bizim il boyu azuqəmizdir. İl boyu bu azuqə təhdid olunur: vəsvəsələr var, bərbəzəklər var, nəfsin istəkləri, ehtiraslar və günahlar var. Bunların hamısı bu dəyərli ehtiyat üçün təhlükələrdir. Həmin təhlükələrə qarşı bu ehtiyatdan istifadə edin və onu qoruyun.
Bu gün bayramdır: "Elə bir gün ki, onu müsəlmanlara bayram, Məhəmməd (s) və Əhli-beytinə (ə) ehtiyat, şərəf, hörmət və üstünlük etmisən"1. Fitr bayramında Peyğəmbər (s) üçün təyin olunmuş bu üstünlük odur ki, Peyğəmbərin (s) biz ardıcılları dünyanın harasında olsaq, həyatın çətin yollarını keçmək, dünya və axirəti abadlaşdırmaq və qurtuluşa nail olmaq üçün özümüzü bu təqva ehtiyatı ilə silahlandıraq.
Quruluşun məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə çıxışından: 2004.
İslam inqilabı - cəmiyyətdə Quranın qürbətini aradan qaldıran amil
Bu gün Allaha şükür olsun ki, İslam quruluşunun sayəsində ölkəmizdə Quran sədası ucalmışdır. Bizim əziz gənclərimiz bilsinlər ki, bir zaman Quran bu ölkədə sözün həqiqi mənasında qərib idi. Təkcə Qurana əməl etmək və ona sayğı göstərmək yox, hətta Quranın oxunuşu da qərib idi. Bəzən nümayişkarlıq üçün bir tərəfdə bir hərəkət görünürdü. Amma Quran ölkə xalqı, xüsusən də bizim gənclərimizin arasında ideal və hakim cərəyan deyildi. Bu gün mən baxıb görürəm ki, Quran oxunuşunu lazımi həddə yerinə yetirən gənclərin və hətta yeniyetmələrin sayı çoxdur. Bu gün burada Quran oxuyan əziz gənclərin hamısı doğrudan da çox yaxşı oxudular. Bu Quran hərəkatı ölkədə tədricən güclənmişdir.
Mən dəfələrlə demişəm, yenə də deyirəm: Biz bu ölkədə Quranla ünsiyyətin və Quran qiraətinin xalq arasında ümumiləşməsindən ötrü Quranın peşəkar qiraətinə önəm veririk. Mənim əzizlərim! Quranla ünsiyyət qurun. Bizim dilimiz Quran dili deyil, amma Quranın tərcüməsinə müraciət edə bilərik. Quran məzmunlarının dərinliyi isə yalnız tərcüməyə müraciətlə əldə olunmur, necə ki, onun mənasını başa düşən adamlar üçün Quranın mətnini oxumaqla da həmişə əldə olunmur. Bunun üçün təfəkkür etmək və dərindən düşünmək lazımdır.
Quranın bizim qəlbimizdə əks olunması üçün onu təmiz, şəffaf və parıltılı bir güzgü kimi bilmək lazımdır. Quran bizim canımızda əks olunmalıdır. Bu həmişə və hamı üçün deyil, qəlblərini mənəvi saflıqla təmizləyənlər üçündür. Qurana iman və inamla yanaşmaq lazımdır. Çünki Quranın sədası, kəlamı və sözü inadkar qəlbi olan, eşitmək və anlamaq istəməyən şəxslərə təsir etmir: "Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, iman gətirməzdilər"1. Bəzi adamlar üçün yeri-göyə calasan da, inanmaz və paslı ürəkləri yaxınlaşmaz və iman gətirməzlər. Odur ki, Quranı da oxuyur, amma ona yaxınlaşmır.
Qurana yaxınlaşmaq lazımdır. Siz əziz gənclər və ölkədə bu sözü eşidən bütün gənclər! Bilin ki, Quranda hikmət var, nur var, şəfa var və dünyanın maddi problemləri səbəbindən qəlbdə və ruhda yaranan düyünlər Quran hikməti ilə açıla bilər. Bu həqiqətdir; ürəkləri açır, səbir və dözümlülük verir, ümid verir, nur verir, düzgün yolda hərəkət etmək üçün güclü iradə verir. Quranla üzləşmək və bunları götürmək lazımdır.
Biz dünyaya qərq olanda özümüzü məhrum edir, sanki güzgünü bulaşdırırıq. Bəllidir ki, bir şey görünməyəcək. Biz özümüzü Qurandan məhrum etməməliyik. Təəssüf ki, bu gün İslam dünyası özünü Qurandan məhrum etmişdir. Biz İslam ümməti özümüzü Qurandan məhrum etmişik. Buna görə Quran ayəsini oxuyurlar, onun Allahdan qeyrisinə bel bağlamağa, Allaha şərik qoşmağa, qeyri-ilahi cinah və düşərgələrə qoşulmağa necə qəzəbli yanaşdığını görürlər, amma eyni zamanda ürəkləri Amerika ilə, dünya hegemonları ilə, sionist və qeyri-sionist korporasiyalarladır. Əgər İslam dünyası inkişafa doğru lazımi hərəkəti etmir və lazımi təkanı götürmürsə, həmin problemlərə görədir.
Bu gün xoşbəxtlikdən, müsəlmanlar oyanmışlar. Bu gün bütün dünyada İslam oyanışı hiss olunur. İnşallah bu oyanış və müsəlmanlar arasında qardaşlıq günbəgün artacaq.
Qurani-kərim qiraətçiləri ilə görüşdə çıxışından: 2005.
Ramazan ayının ilahi süfrəsi
Bu gecə və gündüzlər haqda bir cümlə deyim. Biz ramazan ayının ilahi ziyafət ayı olmasını və bu ayda ilahi ziyafət süfrəsinin açılmasını bilirik. Bəs bu süfrədə nələr var? Bizim üçün bu süfrəyə qoyulanların biri orucdur, biri Quranın fəzilətidir - çox dəyərli olan bu süfrəyə Quranı qoymuş və bizə onu oxumağı tapşırmışlar - biri oxuduğumuz bu dualardır: "Ya Əliyyu, ya Əzim" duası, İftitah duası, Əbu Həmzə duası. Bunlar bu süfrəyə qoyulmuş qida məhsullarıdır. Bəzi adamlar bu süfrənin kənarından keçirlər, amma o qədər başları qarışıb, diqqətləri ayrı yerə yönəlib ki, ümumiyyətlə onu görmürlər. Ramazan ayı süfrəsini görməyən, ramazan ayının gəlib-getdiyini xatırlamayan şəxslərimiz var. Elələri də var ki, süfrəni görürlər, amma başları qarışdığından bu süfrədə oturmağa vaxt tapmırlar. Başqa bir məşğuliyyət axtarır, başqa işlər görür, dükanları, sənətləri, dünyaları və ehtirasları ilə məşğul olurlar, bu süfrədə oturub ondan bəhrələnməyə macal tapmırlar. Elələri də var ki, süfrəni görür, süfrədə oturur və onu dəyərləndirirlər. Lakin çox qane insanlardırlar, azla qane olurlar, bir tikə götürüb gedirlər, axıracan oturub yaxşı istifadə etmək, özlərini tam doyurmaq və süfrəyə düzülənlərdən həzz almaq istəmirlər; kiçik bir tikə götürüb gedirlər. Elələri var ki, könülsüz və meylsizdirlər, iştahları küsüb, faydasız bir qida qəbul etdiklərinə görə gözəl, rəngarəng və çox faydalı ziyafət süfrəsində iştahları olmur. Elələri də var ki, çox olan iştahları həddində bu süfrədən istifadə edir və həqiqətən doymurlar. Bu süfrə mənəvi süfrə olduğuna görə ondan bəhrələnmək dəyər sayılır, insan ruhunun yüksəlişinə və nailiyyətinə səbəb olur. İnsan bu süfrədən nə qədər çox istifadə etsə, onun ruhu daha çox ucalar və yaranışın məqsədinə yaxınlaşar. Bu, fiziki süfrələrdən deyil. Fiziki süfrələr insanın bədəninin ehtiyacını aradan qaldımaq üçündür. Ondan çox istifadə etmək səhvdir, yanlışdır. Mənəvi və ruhi süfrə isə belə deyil. Çünki biz ümumiyyətlə mənəvi və ruhi yüksəliş üçün yaranmışıq. Bizim üçün bu yüksəlişi mümkün və asan edən və həyata keçirən amil mənəvi süfrədir. Buna görə bacardığımız qədər istifadə etməliyik. Adlarını eşitdiyimiz mömin və ixlaslı bəndələrin işlərindən danışanda bizim üçün yaxşı anlaşılmır, amma həqiqətən möhtəşəmdir. Azana 2-3 saat qalmış oyanır və ramazan ayının gecələrində göz yaşı tökürlər. Danışırlar ki, mərhum Mirzə Cavad Ağa Məliki oyanıb dəstəmaz almaq üçün hovuzun başında otururdu; suya baxıb dua oxuyur, ağlayır və münacat edirdi; su götürüb üzünə tökür, ağlayır və münacat edirdi; səmaya baxıb dua oxuyur və ağlayırdı. Nəhayət gəlib səccadə üzərində durur, gecə namazı qılır, böyük həvəslə, mənəvi halla, təravət və eşqlə ibadət edirdi. Mərhum Hacı Mirzə Əli Ağa Qazi də belə olmuşdur. Onun ramazan ayından, orucundan, ibadətindən, zikrindən, namazından əhvalatlar danışırlar. Bunlar bizim üçün həqiqətən düzgün anlaşılmır, lakin bizə aydın xətt göstərir və biz ondan maksimum istifadə etməliyik.
Dostları ilə paylaş: |