Quranı təfəkkürlə yanaşı oxumaq
Dostlar çalışıb hər zaman, xüsusən də ramazan ayında Quran oxumağı yaddan çıxarmasınlar. Quran həyatınızdan çıxmamalıdır. Mümkün olan həddə mütləq Quran oxuyun. Quran diqqətlə və təfəkkürlə oxunduqda öz təsirini bağışlayır. Quran qiraəti tövsiyə olunarkən insanın Quranı tələsik oxuyub keçməsi, mənaları anlamaması, yaxud düzgün anlamaması istənilmir. Demirəm ki, bu faydasızdır, çünki hər halda insan onun Allah kəlamı olduğuna diqqət yetirir və bunun özü bir ünsiyyət və rabitədir. O da faydalıdır və kimisə belə Quran oxumaqdan çəkindirmək olmaz. Lakin bizdən istənilən, həvəsləndirilən və əmr olunan Quran qiraəti bu deyil. Bizdən Quranı təfəkkürlə oxumaq və Allahın kəlamını başa düşmək istənilmişdir. İnsan ərəb dilini bilsə, bilmədikdə də tərcüməyə baxsa və oxuduğu mətləblər üzərində düşünsə, iki dəfə, üç dəfə, beş dəfə oxuduqdan sonra onda həmin ayənin məzmununa dair xüsusi dərk və zehin açıqlığı yaranar. Bu da çox təfəkkürlə hasil olur. Bunu sınayın. Odur ki, insan məsələn, bir-birinə bağlı olan on ayəni birinci dəfə oxuduqda onda bir cür təsəvvür yaranır, ikinci dəfə, beşinci dəfə, onuncu dəfə oxuduqda isə ayrı cür. Yəni insanın zehni və düşüncə dairəsi genişlənir. İnsan nə qədər çox oxusa və dərinliyə varsa, daha çox anlayar. Və bizim buna ehtiyacımız var.
Quranla ünsiyyət və Quran üzərində təfəkkür - insanı haqq yolda qoruyan amil
Mənim əzizlərim! Bəzi şəxslərin yoldan yayınması din və İslam bilgilərini dərindən mənimsəmədiklərinə görə idi; dillərində olan şüar və emosiya idi, qəlblərinə girməmişdi. Buna görə, biz keçmişdə çox sərt və aktiv olan, sonlar isə vəziyyətləri 180 dərəcə dəyişən bəzi şəxsləri gördük. İnqilabın ilk illərində elələri vardı ki, - mən bu adamları şəxsən tanıyıram, ümumi olaraq danışmıram - inqilabçılıq, inqilabın və imamın yolunu düzgün dərk baxımından Şəhid Behişti kimi adamları açıq şəkildə tənqid edirdilər, amma bir müddətdən sonra inqilabın və quruluşun əsaslarını inkar etdilər. Onların bəzisi daha insaflı idilər və açıq şəkildə, bəzisi də hiyləgərliklə inkar etdilər. Daha insafsızları isə bəzi məsələlərə meyl göstərən, amma əslində belə olmayan şəxslər idi. Bu, onlarda dərin etiqadın olmamasından irəli gəldi. Əlbəttə, bu, uyğun amillərin yalnız biridir. Bir amil də onları azdıran ehtiraslar, dünyagirlik və bu kimi məsələlərdir. Dərin etiqadı olmayan çoxlu şəxslər vardı. İnsanın etiqadlarında, düşüncə təməllərində, ruhunda və imanında bu dərinliyi yaradan vasitələrdən biri də Quranla ünsiyyətdir. Buna görə həyatda mütləq təfəkkürlə Quran oxumağı unutmayın və proqramlarınızdan çıxarmayın.
Məsumlardan nəql olunan dualarda mövcud olan çoxlu bilgilər
Biri də bu dualardır. Mötəbər dualarda başqa heç bir yerdə görünməyən çoxlu bilgilər vardır. Bu dualardan biri Səhifeyi-Səccadiyyənin dualarıdır. Bizim bilgi mənbələrimizdə elə şeylər var ki, onları Səhifeyi-Səccadiyyədən, yaxud imamlardan nəql olunan digər dualardan başqa bir yerdə tapmaq mümkün deyil. Bu bilgilər dua dili ilə bəyan olunmuşdur. Onlar gizlətməyə çalışmayıblar, əslində o bilginin xisləti elədir ki, bundan başqa dillə bəyan olunmur. Bəzi məfhumlar dua, münacat, Allah-Taala ilə söhbət və pıçıltıdan başqa yolla bəyan ediləsi deyil. Odur ki, biz hədislərdə və hətta Nəhcül-bəlağədə belə zərif nöqtələri az, Səhifeyi-Səccadiyyədə, Kumeyl duasında, Şəban münacatında, İmam Hüseynin (ə) Ərəfə duasında, həzrət Səccadın (ə) Ərəfə və Əbu Həmzə Sumali dualarında isə çox görürük.
Duaları yaddan çıxarmayın, onlara diqqət yetirin, dua da edin. Sizin boynunuzda böyük vəzifələr var, çoxlu düşmənləriniz, çoxlu müxalifləriniz var. İslam dövləti həmişə belə olmuşdur. İnqilabın əvvəlindən bizim hökumətlərimiz xüsusən yeni iqtidara gələndə - bu hökumətin inqilabın təməllərinə dair açıq-aydın şüarları olduğundan daha çox - müxalifləri olur; həm xarici müxalifləri, həm daxili müxalifləri. Ajiotaj yaradırlar, şayiə yayırlar, mənfi göstərirlər, yalan yayırlar, bəzən əməli işlərə əngəllər törədirlər. Bu müxaliflərlə mübarizə bir qədər iradə, qətiyyət, əməldə ciddilik, yorulmazlıq və müntəzəmlik tələb edir. Bir qədər də dua, ibadət, münacat etmək və Allahdan kömək istəmək lazımdır. Əgər Allahdan kömək istəsək, bizdə yorulmazlıq yaradar. Allahın böyük nemətlərindən biri insanın yorulmaması və səbrinin tükənməməsidir. Uzun yollarda bəzən insanın qüvvəsi olur, ayaqları və dizləri yorulmur, amma psixoloji cəhətdən yorulur. Bu psixoloji yorğunluq insanı məqsədlərdən saxlayır. Təhlükəsi bəzən fiziki yorğunluqdan da çox olan bu mənəvi yorğunluğun yaranmaması üçün Allahdan kömək diləmək, Allaha təvəkkül etmək və ilahi yardıma ümid bəsləmək lazımdır. Bunu əldən verməyin. Mən və siz Allah-Taalanın yanında bizdən öncəkilərdən və bizdən sonra gələnlərdən daha əziz deyilik; amma əməlimiz yaxşı və təqvamız onlardan çox olsa, heç. Bunu yadda saxlayın. Əgər təqvamız daha çox olsa, özümüzdən daha çox ehtiyatlı olsaq, daha yaxşı işləsək, vəzifələrimizə daha yaxşı əməl etsək, qanuna daha çox hörmət göstərsək və bu məqsədlərə doğru daha çox getsək, Allah-Taalanın yanında daha əziz olacağıq. Əgər bu olmasa, xeyr. Biz səyimizi bu istiqamətə yönəltməliyik. Ehtiyatlı olaq və digərlərinin səhvlərini təkrar etməyək. Kim o səhvləri etsə, həmin bəla və aqibət onları da yaxalayacaq. Odur ki, bizimlə onlar arasında fərq yoxdur.
Dövlət şurasının üzvləri ilə görüşdə çıxışından: 2005.
Ramazan - insanın ruhən paklanması və mənəvi saflıq qazanma fürsəti
Quran ayəsinə əsasən, ramazan ayının orucunda məqsəd təqvadan və insanın bu mənəvi ehtiyatını artırmaqdan ibarətdir.
Bu ay ilahi ziyafət ayıdır. Bu ayda Allahın öz bəndələrinə mənəvi hədiyyəsi rəhmət və əfv qapılarını açmaq, bu ayda bəndələrin etdiyi xeyir əməllərin savabını artırmaqdır. Ramazan ayının orucu da Allahın böyük ziyafətinin nümunələrindən biridir. Bu, insanın mənəvi saflığına və oruc tutanın ruhən paklanmasına bais olur. İmam Səccad (ə) bir xütbədə buyurmuşdur ki, ramazan ayı mənəvi paklıq və əfv ayıdır.1 Çünki Allah-Taala bu ayda bağışlamaq məsələsinə ilin digər günlərindən daha çox önəm verir. Məhz buna görə bir hədisdə deyilir ki, Allahın rəhmət və əfv qapılarının insanların üzünə açıldığı ramazan ayında bağışlana bilməyən şəxs bəs nə zaman bağışlanacaq?2
Bu ilahi süfrənin və ziyafətin meyvələrindən biri qədr gecəsidir. Mən bu gün birinci xütbədə qədr gecəsinin vəzifələri haqda bir qədər danışmaq istəyirəm. "Qədr gecəsi min aydan xeyirlidir"3. Qədr gecəsi adlandırılan bu gecə ramazan ayında bir neçə gecədən biridir və min aydan üstündür. Mömin bəndə Qədr gecəsinin möcüzəvi saatlarından maksimum istifadə etməlidir. Bu gecədə ən yaxşı əməl duadır. Dua barədə bu gün siz qardaş və bacılara bəzi mətləblər deyəcəyəm. Əhya (səhərədək oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Qədr gecələrində müstəhəb əməl olan namaz da əslində dua və zikrdir. Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir.4 Yəni ibadətin məğzi, yaxud daha çox işlənən ifadə ilə desək, ibadətin ruhu duadır. Dua nədir? Dua - Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona deməkdir. Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi bildirməkdir. Bunların hamısı duadır. Mömin bəndənin, düzgünlük və qurtuluş istəyən bir insanın ən mühüm işlərindən biri duadır. Ruhun paklanmasında duanın belə rolu var.
Duanın faydaları
-
Allahı yada salmaq
Duanın faydası nədir? Biz Allahla danışdıqda Onu özümüzə yaxın hiss edir, öz dinləyicimiz bilir və Onunla danışırıq. Bu, duanın səmərələrindəndir. Ürəkdə Allahın xatirəsini yaşatmaq insanın bütün yayınmalarının və fəsadlarının anası olan qəfləti yox edir. Dua insanın qəlbindən qəfləti yox edir, Allahı xatırladır, Allahın xatirəsini ürəkdə yaşadır. Duadan məhrum olan insanların mübtəla olduğu ən böyük zərər budur ki, Allahın xatirəsi onların ürəyindən çıxır. Allah-Taalanı unutmaq və yaddan çıxarmaq bəşər üçün çox zərərlidir. Quranda bu haqda bir neçə ayə vardır.
-
Ürəkdə imanın gücləndirilməsi
Duanın ikinci faydası ürəkdə imanın güclənməsidir. Duanın xüsusiyyəti budur ki, ürəkdə imanı möhkəm və qərarlı edir. Sıradan çıxması mümkün olan iman dünya hadisələri, insanın çətinlikləri, şadlıqları, nemətləri və müxtəlif vəziyyətləri zamanı məhv olmaq təhlükəsində olur. İmanlı olan, lakin dünya malı, dünyəvi qüdrət, fiziki ləzzət və ehtiraslar səbəbindən imanlarını əldən verən insanlar görmüsünüz. Bu, zəif və qərarsız imandır. Duanın xüsusiyyəti budur ki, imanı insanın ürəyində qərarlı və möhkəm edir. Dua ilə və Allah-Taalanı həmişə yad etməklə imanın sıradan çıxma təhlükəsi dəf edilir.
-
İnsana ixlas ruhunun üfürülməsi
Üçüncü fayda insana ixlas ruhunun üfürülməsidir. Allahla danışmaq, özünü Ona yaxın bilmək insana ixlas ruhu verir. İxlas - yəni işi Allah üçün görmək. Bütün işləri Allah üçün görmək olar. Allahın yaxşı bəndələri həyatın bütün adi və gündəlik işlərini də Allaha yaxınlaşmaq niyyəti ilə görürlər. Bəziləri də hətta ən yaxın və ən ibadi işləri, misal üçün, namazı da Allahdan ötrü qıla bilmirlər. İxlassızlıq insan üçün böyük dərddir. Dua insana ixlas ruhunu aşılayır.
-
İnsanda özünüislahın yaranması və əxlaqi dəyərlərin inkişafı
Duanın dördüncü faydası insanda özünüislahın yaranması və əxlaqi dəyərlərin inkişaf etməsidir. İnsan Allaha diqqətlə, Allah-Taala ilə danışmaqla əxlaqi dəyərləri özündə gücləndirir. Bu, Rəblə ünsiyyətin zəruri və təbii xüsusiyyətidir. Buna əsasən, dua insanın kamala sarı yüksəliş pilləkanı olur. Qarşılıqlı olaraq dua əxlaqi rəzilətləri - tamahkarlığı, təkəbbürlülüyü, xudpəsəndliyi, Allah bəndələri ilə düşmənliyi, zəifliyi, qorxaqlığı və dözümsüzlüyü insandan uzaqlaşdırır.
-
Ürəkdə Allah-Taalaya məhəbbət yaratmaq
Duanın beşinci faydası Allah-Taalaya məhəbbət yaratmaqdır. Dua ürəkdə Allah-Taalaya eşqi dirildir. Bütün gözəlliklərin və yaxşılıqların tərənnümü Pərvərdigarın müqəddəs zatıdır. Allah-Taala ilə danışmaq, dua və ünsiyyət ürəkdə bu məhəbbəti vücuda gətirir.
-
İnsana ümid və müqavimət ruhunun üfürülməsi
Duanın altıncı faydası insana ümid ruhunu üfürməsidir. Dua insana həyatın problemləri qarşısında müqavimət qüvvəsi verir. Hər kəs öz həyatında müxtəlif hadisələrlə rastlaşır və problemlər peyda olur. Dua insana qüdrət verir, onu hadisələr qarşısında bərkidir. Buna görə hədisdə dua silah sayılmışdır. Əziz Peyğəmbərdən (s) nəql olunmuşdur ki, sizi düşmənlərinizdən xilas edəcək bir silah göstərimmi? Bu, gecə-gündüz Rəbbi çağırmaqdan ibarətdir və möminin silahı duadır.1 Hadisələrlə qarşılaşdıqda Allah-Taalaya diqqət yetirmək mömin insanın əlində kəsərli bir silahdır. Buna görə, İslamın əziz Peyğəmbəri (s) döyüşdə bütün lazımi işləri görürdü, qoşunu düzürdü, əsgərləri sıralayırdı, onlara lazımi imkanları yaradırdı, lazımi tövsiyələri verirdi, öz komandanlığını icra edirdi, lakin eyni zamanda meydanın ortasında diz çöküb, əlini qaldırır, dua və münacat edir və Allah-Taala ilə danışıb ondan istəyirdi. Allahla bu əlaqə insanın qəlbini möhkəmlədir.
-
İstəklərin verilməsi
Duanın digər faydası istəklərin verilməsidir. Duanın faydalarından biri budur ki, insan istəklərini Allah-Taaladan istəyir və Allah onları təmin edir. Əlbəttə, duanın bütün xüsusiyyəti bu deyil. Bu, duanın digər xüsusiyyətlərinin yanında bir xüsusiyyətdir. Buyurdu: “Allaha Onun lütfündən istəyin”1 Allah-Taaladan istəyin və öz ehtiyaclarınızı Ondan umun. Əbu Həmzə Sumali duasında İmam Səccadın (ə) dilindən belə deyilir: “Sənin xüsusiyyətlərində belə bir şey yoxdur ki, istəməyə əmr edib, əta etməkdən çəkinəsən”2 Sənin Öz bəndələrinə istəməyi əmr etmən, lakin onların istəyini yerinə yetirməyi planlaşdırmaman imkansızdır. Allah-Taala mənə və sizə Ondan istəməyimizi əmr edirsə, deməli, istəyimizi bizə verməkdə qərarlırıdır. Buna görə hədisdə deyilir ki, Allah-Taala dua qapısını açıb qəbul etmək qapısını bağlamaqdan daha səxavətlidir.
Duanın və onun qəbul olunmasının şərtləri
1. Təravətli və təmiz ürəklə istəmək
Duanın qəbul olunmasından ötrü hansı duanı etməliyik? Bəzən insan Allahdan bir şey istəyir və zahiri hesabla bu istəyin həyata keçmədiyini hiss edir. Duanın qəbul olunmasının mühüm şərti budur ki, o, sözün həqiqi mənasında və öz şərtləri ilə baş tutsun. Duanın birinci şərti budur ki, təravətli və bulaşıqsız ürəklə istənilsin; gənclərin ürəyi kimi. Buna görə, gənclərin dualarının qəbul olunma ehtimalı digərlərindən çoxdur. Bəzən mənə deyirlər ki, bizim gənclərimiz üçün dua elə. Düzdür, biz həmişə bütün gənclər üçün dua edirik. Lakin əslində bu gənclər özlərinin təmiz və təravətli ürəklərinin qədrini bilsələr, onların duası qəbul olunmağa hər bir duadan daha yaxın ola bilər.
2. İnamla dua etmək
Qəbul olunan duaların şərtlərindən biri budur ki, insan duanı inamla etsin, bilsin ki, bu dua və istək insanın arzularını həyata keçirməyə qadir olan bir şəxsə edilir; yəni duanın təsirinə inamı olsun. İmam Sadiqə (ə) deyildi ki, biz dua edirik, amma qəbul olunmaq əlaməti görmürük. Buyurdu ki, inamsız dua etməyin.1 İnamsız dua edirsiniz. Bir hədisdə duada inam barədə buyurulub ki, Rəbbin qəbul etmək qüdrətinə inamları olsun.2
Duada baxışınız geniş olsun, böyük istəklər diləyin, dünya və axirətin səadətini istəyin. Deməyin ki, bunlar böyükdür, çoxdur. Xeyr! Allah-Taala üçün bunlar bir şey deyil. Əsas budur ki, siz sözün həqiqi mənasında həmin şərtlərlə istəyəsiniz. Allah-Taala bu istəyi qəbul edəcək. Bəzən də insan işin onun duasına görə baş tutduğunu bilmir.
3. Tövbə və günahdan çəkinmək
Duanın şərtlərindən başqa birisi günahdan çəkinmək və tövbə etməkdir. Bu gecələr də tövbə gecələridir. Hamımız günaha düçar olmuşuq. Nöqsanların kiçiyi və böyüyü olur. Allah-Taaladan üzr, əfv və bağışlanma istəməli, tövbə etməli və Allaha sarı qayıtmalıyıq. Biz günah etməməyə çalışmalıyıq. Bəzən insan qərara gəlir ki, günah etməsin, lakin sonra unutqanlığa və səhvə düçar olur, yenə həmin günah baş verir. Yenidən tövbə etmək və bağışlanmaq istəmək lazımdır. Lakin tövbə ciddi və həqiqi olmalıdır. Bir hədisdə dua və onun qəbul olunması barədə deyilir ki, insan xalqın haqqını verməlidir ki, duası qəbul olunsun.3 Başqa bir hədisdə göstərilir ki, Allah-Taala həzrət HHMusaya müraciətlə buyurdu: “Ey Musa! Məni pak qəlblə və doğruçu dillə çağır!”4 Pak qəlblə və doğruçu dillə Allah-Taala ilə danışın və dua edin. Dua mütləq qəbul olunacaq.
4. Qəlbin hüzuru və təzim
Duanın qəbul olunmasının şərtlərindən başqa birisi qəlbin hüzuru və təzimdir. Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Allahı öz qarşınızda hiss edəsiniz, yanınızda sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilinə gətirməsi, bir istəyi deməsi - “İlahi, bizi bağışla! İlahi, bizim ata-anamızı bağışla” - lakin doğrudan da öz ürəyində istəmək halətini hiss etməsə, bu, dua deyil, dilin vərdişidir: “Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz”1. Qafil və diqqətsiz bir ürək dua etsə, Allah-Taala duasını qəbul etməz. Bulaşıq ürəklər, nəfsi istəklərdə və ehtiraslarda qərq olmuş qafil ürəklər necə dua edəcəklər? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!
Bəziləri duanı, ibadəti və tövbəni qocalıq dövrünə saxlayırlar. Bu böyük səhvdir. "Tövbə edin!" – deyəndə cavab verirlər ki, hələ vaxtımız var. Əvvala vaxtımızın olması bəlli deyil. Ölüm insana xəbərdarlıq etmir, bütün yaşlar üçün də var. Əgər həqiqətən vaxtımızın olmasını fərz etsək, yəni qocalığa çatacağımız bəlli olsa da, gənclik dövrünü qafilliklə və ehtiraslar içində keçirib sonra asanlıqla tövbə etmənin mümkün olduğunu düşünən şəxs böyük səhvə düçar olmuşdur. Dua və tövbə halı elə bir şey deyil ki, insan nə zaman istəsə, bacarsın. Bəzən istəyirik, amma olmur; mənəvi hal axtarırıq, amma alınmır. Əgər insan Allaha diqqətin və Allaha qayıdışın şəraitini özündə vücuda gətirməsə, istədiyi zaman Allahın qapısına gedə bilməyəcək. Siz görürsiniz ki, pak qəlbi olan bəzi adamlar - adətən gənclər çox asanlıqla rabitə yarada bilirlər, amma bəziləri nə qədər çalışırlarsa, bu rabitə yaranmır. Fürsəti olanlar və öz ürəklərini yumşaq saxlaya bilənlər bunun qədrini bilsinlər, özlərinin Allahla rabitələrini qorusunlar ki, istədikləri vaxt Allahın qapısına gedə bilsinlər.
Məsumlardan nəql olunmuş duaların əhəmiyyəti
Dua barədə son məqam məsumlardan nəql olunmuş dualardır. İmamlardan çatmış dualar ən yaxşı dualardır. Əvvəla bu dualarda yerləşdirilmiş istəklər bizim kimilərin ümumiyyətlə yadına düşmür və insan imamların dili ilə onları Allahdan istəyir. Əbu Həmzə duasında, İftitah duasında, Ərəfə duasında insan üçün ən yaxşı istək və hacətlər dilənir. Əgər insan bunları Allahdan istəsə və alsa, onun üçün böyük sərvət olar. İkincisi budur ki, bu dualarda kiçilmə və yalvarış amilləri var. Mətləb elə dillə, elə tonla və nitqlə deyilmişdir ki, ürəyi təzimə vadar edir və yumşaldır. Fəsahətli və səlis ifadəli bu dualarda eşq, məhəbbət və şövq dalğalanır. İnsan bu duaların qədrini bilməli və onlardan istifadə etməlidir.
Sözsüz ki, bu duaların mənasını bilməliyik. Xoşbəxtlikdən, indi yaxşı tərcümələr mövcuddur, "Məfatih əl-cinan" kitabı və müxtəlif dualar tərcümə olunmuşdur. Tərcümələrə diqqət yetirib oxusunlar. Əlbəttə, biz gördüyümüz qədərincə, heç bir tərcümə bu duaların sözlərinin gözəlliyini əks etdirə bilmir. Lakin hər halda, duanın məzmunu bəlli olur. Bu tərcümələrə diqqətlə duanı oxuyun. Oxuyan şəxslər duanın ən azı hamının ucadan dediyi bəzi hissələrini tərcümə etsinlər. Aşağı dərəcəsi də budur ki, əgər insan duanın mənasını bilmirsə, ürək yanğısından xəbər verən aşiqanə bir dillə Allah-Taala ilə danışdığına diqqət yetirsin.
Duanın ən böyük nağd faydası
Ümidvarıq Allah-Taala bizim hamımıza qarşıdan gələn mübarək qədr gecələrindən yaxşı istifadə etmək səadəti nəsib etsin! Mənim əzizlərim! Dua edin. Dua problemin qarşıya çıxdığı zamana məxsus deyil, həmişə dua etmək lazımdır. Bəzi adamlar elə bilirlər ki, problem, müsibət və bəla zamanı dua etmək lazımdır. Xeyr! İnsanın adi halda yaşadığı zaman da dua etmək və Allahla əlaqəni qorumaq lazımdır. Bir hədisdə işlənən ifadə ilə desək, insan öz səsini yüksək ruhani aləmin mələklərinə tanış etməlidir. Dua həmişə lazımdır. Allahdan öz istəklərinizi, mömin qardaşlarınızın istəklərini, dünyanın bütün müsəlmanlarının istəklərini, ölkənin ümumi məsələlərini, problemlərin aradan qalxmasını, ölkənin və İslam Respublikası quruluşunun parlaq inkişaflarının asanlaşmasını istəyin. Duanın ən böyük nağd faydası, yəni Allah-Taala ilə əlaqə, Ona sevgi hissi və Ona yaxınlaşmağa rəğbət dua edənin özünə aiddir. Bu, dua edənin özünə aid olan ən nağd səmərədir. Onun qəbul olunması isə başqa bir mövzudur.
Tehranın cümə namazı xütbələrindən: 2005.
Ramazan - ilahi mərhəmətdən faydalanmaq fürsəti
Ramazan ayı öz bərəkətləri və geniş ilahi süfrəsi ilə birgə sona çatmaqdadır. Bu böyük ölkənin öz vəzifələrini yaxşı yerinə yetirmək üçün həmişə ilahi qüvvədən kömək almağa ümid bəsləyən biz məmurları bu əziz ayı arxada qoyuruq, halbuki bu aydan, ondakı və qədr gecələrindəki ilahi lütf və mərhəmətdən nə qədər pay götürdüyümüzü bilmirik. Biz bu böyük xeyirdən, böyük mərhəmətdən vaz keçə bilmərik. Bizim işimiz ağır, yolumuz uzun və vəzifəmiz böyükdür. İlahi yardım olmadan bu ağır vəzifələri yerinə yetirmək olmaz. Odur ki, bu fürsətləri fövtə verməməliyik. Mənim bugünkü sözüm əsasən bu məsələ haqdadır.
Allah-Taala Quranda dəfələrlə, o cümlədən bu ayədə bağışlanmaq diləyib Allaha qayıtmağı bizə əmr edir. Tövbə qayıtmaq deməkdir. Bu qayıtmaq həm iman mərhələsindədir, həm də əməl və rəftar mərhələsində. Bizim səhlənkarlıqlarımız olub və var. Biz özümüzü islah etməliyik və bu birinci dərəcəli əhəmiyyətə malikdir. Mübarək Hud surəsi belə başlayır: "Bismillahir–Rəhmanir-Rəhim. Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir kitabdır ki, siz Allahdan başqasına ibadət etməyəsiniz - ən sizi Allah tərəfindən qorxudan və müjdələyənəm - və Rəbbinizdən bağışlanmağınızı diləyə, sonra Ona tövbə edəsiniz"1. Yəni Quranın missiyası birinci növbədə tövhid məsələsidir, amma ondan sonra dərhal Allaha qayıtmaqdan və Allahdan əfv diləməkdən danışır. Bu, peyğəmbərlərdən tutmuş aşağı səviyyələrə qədər bütün təbəqələrə məxsusdur. Lakin bağışlanmaq istədiyimiz günah bizdə bir şeydir, pak və dəyərli insanlarda başqa bir şey. Onların da bağışlanma diləməyə ehtiyacları var. Onlar da məxluqdurlar. Onların da əfv istəməyə, bu nöqsanı və nisbi zəifliyi Allahdan bağışlanma diləməklə düzəltməyə ehtiyacları var. Bizim günahlarımız və mənfi cəhətlərimiz də bir-iki deyil. Bizim müxtəlif növ səhvlərimiz var. Bu bizim əsas sözümüzdür.
Burada bir hədis oxuyum: "Əfv diləməklə bəla qapılarını bağlayın".1 Həmin ayədə də belə deyilirdi: "Sizə yaxşı gün-güzəran versin"2. Yəni həyatdan yaxşı faydalanmaq Allah-Taaladan əfv diləməklə və tövbə ilə hasil olar.
Bağışlanma diləməyin fərdi və ictimai dərəcələri
Başqa bir hədisdə deyilir ki, ən yaxşı dua bağışlanma diləməkdir.3 Şəban münacatında da belə deyilir: "İlahi! Güman etmirəm ki, ömrümü Səndən istəməklə keçirdiyim istəyimi rədd edəsən".4 Bu istək nədir? Bütün ömrünü istəməklə keçirdiyini dediyi bu istək ilahi əfvdən ibadətdir.
İlahi əfv səhvləri düzəltmək, özümüzə və digərlərinə vurduğumuz zərbələri düzəltmək deməkdir. Əgər bəşər səhv və fəsadları ciddi şəkildə düzəltmək fikrinə düşsə, Allahın yolu açılar və bəşərin aqibəti yaxşı olar. Biz insanların eybi budur ki, öz səhvimizi, onu düzəltməyin zəruriliyini və özümüzü islah etməyi unuduruq. Əgər bu diqqətsizliklər aradan qalxsa və bu iradə yaransa, hər şey düzələr. Bizim ən böyük vəzifələrimizdən olan birinci mərhələdə özümüz islah oluruq. Əsas məsələ də budur. Yəni bütün işlər bizim islahımıza və Allahın razılığını qazanmağımıza müqəddimədir: "Özünüzü qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər"5. Bütün səy və mübarizələr Allahı özümüzdən razı salmaqdan və yaranışda bizim üçün nəzərdə tutulmuş kamilliyə çatmaqdan ötrüdür.
Digər mərhələ ictimai əfv diləyi və ictimai islahdır. Biz bacardığımız dairədə ümumi yolu, məqsədi və fünksiyanı islah etməliyik. Bu, bağışlanma diləyinin təsirinə ən bariz nümunə və onun həqiqi məfhumu və məzmunudur. Bu işi çətin hesab etmək olmaz. Əgər iradə etsək, asandır və biz bacararıq. Bu gecələrdə şərafətli Əbu Həmzə duasında belə oxudunuz: "Sənə sarı gələnin yolu yaxındır".1 Əsas məsələ iradə və hərəkət etmək, çalışmaqdır. Sonra deyilir ki, biz öz əlimizlə və səhvlərimizlə özümüzlə Allah arasında məsafə yaradırıq. Allah-Taala bizə uzaq deyil, yol yaxındır. Əgər bir səadət nəsib olsa, bu, ilahi rəhmət əlamətidir. Əgər ürəkdən bağışlanma diləyib iradə və hərəkət edə bilsəniz, bilin ki, ilahi yardım və ilahi diqqət sizə şamil olmuşdur; sizi cəzb edib çəkirlər. Allah çoxlu yerlərdə tövbəni Özünə aid edir: "İnsanların tövbə etməsi üçün Allah tövbə etdi"2. Tövbə nədir? Yəni diqqət və qayıdış. Allah sizə diqqət yetirdi və bu sizin qəlbinizin Allah-Taalaya yönəlməsinə bais oldu.
Sözügedən Əbu Həmzə Sumali duasında deyirik ki, Sənin məni Özünə yönəltmən, mənim üçün dəlilin yaranması, Sənin məni yönəltmənə şahiddir. Sən məni çəkir və cəzb edirsən. Əgər ramazan ayında bizim gənclərimizin əllərinin məscidlərdə səmaya ucaldığını və "bağışla" sədalarının bütün cəmiyyəti bürüdüyünü görürsünüzsə, bilin ki, Allah bu xalqa lütf etmişdir. Bu, ilahi cazibədir, Allah-Taalanın yaratdığı cəzbetmədir. Allah Öz rəhmətini göndərmək istəyir: "İlahi! Mən Səndən rəhmət amillərini istəyirəm".3 Bu, həmin rəhmət amillərini yaradır. Allah-Taala Öz lütf və mərhəmətini xalqa şamil etmək istəyir.
Günahın üç növü və onlar üçün bağışlanma diləməyin zəruriliyi
Üç növ günahdan ötrü bağışlanma diləmək lazımdır. Bunlar bizim üçün faydalıdır. İdarəetmə işlərində olan mənim və sizin də buna ehtiyacımız var. Bunları unutmaq bizi böyük ziyanlara sürükləmişdir və sürükləyir.
Üç növ günah vardır: Biri yalnız özünə zülmdən ibarət olan günahdır. "Özünə zülm etmək" ifadəsi Quran və hədislərdə çox işlənmişdir. İnsan bu günahı edir və onun təsiri birbaş özünə qayıdır. Adi fərdi günahlar belədir.
İkincisi elə günahlardır ki, insan onu edir, amma təsiri birbaş xalqa və digərlərinə toxunur. Bu günah daha ağırdır. Bu günah həm də özünə zülm etməkdir, amma digərlərinə təcavüz olduğundan daha çətin və əlacı daha müşküldür. Zülm, qəsbetmə, insanların haqqını tapdamaq, insanların ümumi hüquqlarını pozmaq bu qəbildəndir. Bu günah daha çox hökumətlərə aiddir, məmurların günahıdır, siyasətçilərin günahıdır, beynəlxalq şəxsiyyətlərin günahıdır, bir sözləri, bir imzaları, bir təyinatları ailələrə və hətta xalqa təsir edən şəxslərin günahıdır. Adi camaat adətən belə günahlar etmirlər. Əgər etsələr də, bunun dairəsi çox kiçik olur. Biri yolla gedir və misal üçün, bilərəkdən başqasının ayağını tapdayır; bu həddədir. Amma mən və siz bu növ günahdan edəndə dairəsi geniş olur. Qeyd etdiyimiz kimi, bizim bir imzamız, bir fərmanımız, bir sözümüz, bir mühakiməmiz, qərar mərkəzində bir oturub-qalxmağımız çoxlu toplumlara birbaşa təsir göstərə bilər. Bu növ günah üçün də özünə münasib bağışlanma diləmək lazımdır. Birinci növ günaha tövbə etmək üçün insan sədaqətlə Allah-Taaladan əfv diləməlidir. İkinci növ günah isə yalnız bağışlanma diləməklə həll olmur, insan onu düzəltməlidir. İslah etmək, düzəltmək və problemləri aradan qaldırmaq məsələsi burada meydana çıxır.
Üçüncü növ günah xalqların kollektiv günahlarıdır. Bir nəfər adamın günahı deyil ki, bir səhv etsin və bir qrup ondan zərər görsün. Bəzən bir xalq, yaxud bir xalqdan olan təsirli toplum bir günah edir. Bu günahın da öz bağışlanma üsulu var. Bir xalq bəzən uzun illər pis işin və zülmün qarşısında sükut edir, heç bir reaksiya göstərmir. Bu da bir günah və bəlkə də daha ağır günahdır. Bu "Hər hansı bir tayfa öz vəziyyətini dəyişmədikcə, Allah onun vəziyyətini dəyişməz"1 məsələsidir. Bu, böyük nemətləri məhv edən günahkar qruplara və xalqlara ağır bəlaları yönəldən günahdır. Bir xalq Tehranda durub Şeyx Fəzlullah Nuri kimi böyük bir müctəhidin dar ağacından asılmasına tamaşa etdi və yerindən tərpənmədi; Məşrutənin ingilis və qərbpərəst qoluna qoşulmadığına görə onun əsasını qoyanlardan və rəhbərlərindən olan bu şəxsə antiməşrutə damğası vurduqlarını - hələ də bizim bir qrup qələm adamımız, natiq və yazıçımız bu əsassız və məntiqsiz yalanı çeynəyir və təkrar edirlər – gördülər və əlli ildən sonra altını çəkdilər: bu Tehran şəhərində Təsisçilər məclisi təşkil olundu və orada şahlığın və hökumətin Rza şaha keçməsini qəbul etdilər. Onlar xüsusi bir qrup deyildi. Bu, ümumi və milli bir günah idi: "Sizin aranızda təkcə zalımlara toxunmayacaq bəladan qorxun"1. Bəzən cəza təkcə günahı törədən şəxslərə şamil olmur, ümumi olur. Hamı onda birbaşa iştirak etməsə də, hərəkət ümumi olmuşdur. Həmin xalq küçələrə çıxıb Məhəhəmmədrza Pəhləvinin tankları önündə sinələrini sipər edəndə və ölümdən qorxmayanda - yəni əlliillik dözüm və sükut günahını tərk edəndə Allah-Taala onların mükafatını verdi. Zülm hakimiyyəti devirildi və xalq hakimiyyəti yarandı. Rüsvayçı siyasi asılılıq götürüldü, müstəqillik başlandı. Bu müstəqillik davam edir, davam edəcək və bu xalq Allahın yardımı və öz istəyi ilə amallarına qovuşacaq. Bu, hərəkət etdiyinə görə idi. Buna əsasən, üçüncü növ günah üçün də bir cür bağışlanma istəmək lazımdır.
Quranda tövbə sözü dəfələrlə "islah" – günaha əvəz olaraq yaxşı iş görmək - sözü ilə yanaşı işlənmişdir: "Ancaq tövbə edənləri, yaxşı işlər görənləri"2, "Tövbə edib iman gətirən və yaxşı işlər görənlər"3. Bir yerdə bu islahın nümunəsi də qeyd olunmuşdur: "Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər onlara lənət oxuyarlar. Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm"4; "Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (etiqadını) təmizləyənlər müstəsnadır"5. Münafiqlik edənlər haqda buyurur ki, bunların tövbəsi və islahı üçün özlərini saflaşdırmaları lazımdır. Buna əsasən, islah tövbənin zəruri şərtidir.
Biz ümumi əfv diləməliyik. Bu əfv diləyi şəxsi əfvdən fərqli bir şeydir. (Şəxsi əfvə qalsa,) mən də özüm üçün bağışlanma diləməliyəm, siz də. Demək olmaz ki, biz günahkarıq, əslində günaha qərq olmuşuq. Bizim şəxsi əməllərimizdə bu qədər səhlənkarlıq, bu qədər yayınma və bu qədər təqsir var. Odur ki, bağışlanmağımızı istəməliyik. Bağışlanma diləmək həm də qəlbi, zehni və ruhu işıqlandırır. Bu, bizimlə Allah arasında olan şəxsi bağışlanmadır. Lakin ümumi günahlar üçün də əfv diləmək lazımdır.
Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2005.
Dostları ilə paylaş: |