1970 - 1980-ci illərdə respublikanın iqtisadi və sosial inkişafı.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1970 - 1980-ci illərin əvvəllərində Azərbaycan sənayesində köklü dəyişikliklər baş vermişdir. SSRİ-nin Sibir Ural bölgəsində neftçıxarma sənayesinin sürətli inkişafı şəraitində sovet rəhbərliyinin Azərbaycanda neft çıxarılması və neft emalı sahələrinə kifayət qədər böyük vəsait ayırması real görünmürdü. Bunu nəzərə alan H.Əliyev ilk növbədə respublikamızın iqtisadi inkişafının uzun müddətə hesablanmış yeni strategiyasını müəyyənləşdirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycan iqtisadiyyatının sənaye və kənd təsərrüfatı sahələrini inkişaf etdirmək üçün 1975 - 1979-cu illərdə beş mühüm qərar qəbul etmişdi. Həmin qərarların üçü kənd təərrüfatına aid idi. Bu qərarların həyata keçirilməsi nəticəsində 70-ci illərdə neft hasilatını sabitləşdirmək və artırmaq üçün Azərbaycana yeni texnologiyalara əsaslanan qazma qurğuları gətirildi. Xəzər dənizində "28 Aprel", "Bahar", "Azəri", "Günəşli" kimi zəngin neft - qaz yataqları aşkar edildi. Artıq 1971-ci ildə 18 milyon tondan çox neft hasil edilmişdi. Azərbaycanın neft tarixinin sonuncu yüz ilində bir milyardıncı ton neft çıxarılmışdı. 1976-cı ildə Yeni Bakı Neftayırma zavodunda, 1982-ci ildə isə Bakı Neftayırma zavodunda alman mütəxəssislərinin iştirakı ilə ilkin neftin emalı üçün yeni qurğular quraşdırılaraq bu sahədə istehsal prosesi tamamilə avtomatlaşdırılmışdı. Neftayırma müəssisələrinin yenidən qurulması zamanı avadanlıqların böyük hissəsi Almaniyadan, yüksək keyfiyyətli benzin istehsalı üçün qurğular isə Fransadan alınmışdı. Görülən tədbirlərin nəticəsində 80-ci illərin əvvəlləri üçün respublikanın neftayırma müəssisələrində 90 adda müxtəlif neft məhsulları: təyyarə benzini, reaktiv yanacaq, avtomobil və dizel yanacaqları, müxtəlif sürtgü yağları istehsal olunurdur. Yeni Bakı Neftayırma zavodunda yüksək keyfiyyətli benzin istehsalı 3,5 dəfə artmışdı. 1970-ci illərdə respublikamızın neft maşınqayırma sənayesinin əsaslı şəkildə yenidən qurulması həyata keçirilmişdi. Bu işə o dövrün pulu ilə çox böyük məbləğ olan 480 milyon manat vəsait ayrılmışdı. Nəticədə Azərbaycan neft maşınqayırma sənayesi bütün SSRİ üzrə neft avadanlıqlarına olan tələbatın 70 faizdən çoxunu ödəyirdi. Azərbaycan, SSRİ miqyasında neft çıxarılmasında öz əvvəlki mövqeyini itirsə də, 70-ci illərin əvvəllərindən neft emalı və neft maşınqayırması sahəsində öz üstün mövqeyini daha da möhkəmləndirmişdi.
Yeni iqtisadi strategiyaya uyğun olaraq qeyri - neft sahələrinin daha da genişləndirilməsi 70 - 80-ci illərdə Azərbaycan sənayesinin inkişafının əsas səciyyəvi xüsusiyyəti hesab olunur. 1970 - 1980-ci illərin birinci yarısında respublikada 130-dan çox yeni sənaye müəssisəsi açılmışdı. Əvvəlki dövrlərdən fərqli olaraq Moskva müttəfiq respublikalarda çoxlu xərc tələb edən iri sənaye müəssisələrinin tikilməsinə böyük maraq göstərmirdi. Buna baxmayaraq, həmin dövrdə Azərbaycanda Bakı Kondisionerləri zavodu, Sumqayıt Kompressorlar zavodu, Bakı Dərin Dəniz Özülləri zavodu kimi nəhəng sənaye müəssisələri tikilib istifadəyə verilmişdi. SSRİ-nin rəhbəri L.İ.Breinevin sərəncamına baxmayaraq, Moskvanın bəzi rəhbərləri Kondisionerlər zavodunun Bakıda tikilməsinə inadla müqavimət göstərirdilər. Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində bu məsələ Azərbaycanın xeyrinə həll olundu. İki ildən az müddətdə yapon mütəxəssislərinin iştirakı ilə inşa edilən Bakı Məişət Kondisionerləri zavodu 1975-ci ildə məhsul istehsalına başladı. Bakı kondisionerləri SSRİ-də və xarici ölkələrdə böyük şöhrət qazanmışdı. Heydər Əliyevin təşəbbüsü və fransız mütəxəssislərinin iştirakı ilə tikilib, 1985-ci ildə istifadəyə verilmiş Bakı Dərin-Dəniz Özülləri zavodu bu gün də Azərbaycanın neft sənayesində özünəməxsus yer tutur. 1983-cü ildə Bakı - Qroznı neft kəmərinin istifadəyə verilməsi ilə respublikamız SSRİ-nin vahid neft kəmərinə qoşuldu və Sibir nefti emal olunmaq üçün Bakıya axmağa başladı. Bu dövrdə respublikada elektrik enerjisi istehsalını artırmaq üçün 1971-ci ildə Naxçıvanda Araz Su Elektrik Stansiyası (SES), 70-ci illərin ortalarında Tərtər Su Elektrik Stansiyası, 1981 - 1984-cü illərdə Şəmkir SES tikilib istifadəyə verilmişdi. 1976 - 1980-ci illərdə Azərbaycanda 38 yüngül və yeyinti sənaye müəssisəsi tikilib istifadəyə verilmişdi. Üzümçülüyün respublikanın kənd təsərrüfatının əsas sahələrindən birinə çevrilməsi nəzərə alınmış və həmin dövrdə Azərbaycanda 2 milyon ton istehsal gücü olan müasir tipli ilkin şərab emalı zavodları işə salınmışdı. Nəqliyyat sahəsində də inkişaf göz qabağındadır. Azərbaycan ərazisinin şimal-qərb bölgəsini Bakı - Tiflis dəmir yolu xətti ilə birləşdirən və uzunluğu 162 km. olan Yevlax - Balakən dəmiryolu işə salınmışdı. 1970-1985-ci illərdə Bakı metropoliteninin daha 8 stansiyası işə düşmüş, beləliklə, stansiyaların sayı 16-ya çatmışdı. 1985-ci ildə Xəzərdə Azərbaycanı Qazaxıstanla birləşdirən bərə yolu açılmış və Gəncə şəhərində yeni aeroport istifadəyə verilmişdi.
1969-cu ildən sonra respublikanın rəhbərliyi Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsini özünün birinci dərəcəli vəzifəsi hesab edirdi. Respublikada meliorasiya işləri genişləndirilmiş, Tərtər, Xanbulaq və Arpaçay su anbarlarının tikilməsi 145 min hektardan artıq əkin sahəsinin suvarılmasna imkan vermişdi. Kənd təsərrüfatı məhsullarının istehsalında yeni istiqamətlər müəyyənləşdirilmiş, bu zaman əsas diqqət pambıqçılıq və üzümçülüyün inkişafına yönəldilmişdi. Görülən tədbirlər nəticəsində respublikamızda pambıq istehsalı ildə 335 min tondan 883 min tona çatdırılaraq 2 dəfədən də çox artmışdı. 1970 - 1980-ci illər arasında Azərbaycanda üzüm istehsalı 351 min tondan 1 milyon 481 min tona çataraq 4 dəfədən çox artmışdı. Taxıl tütün və tərəvəz kimi kənd təsərrüfatı məhsullarının yüksək artımı şəraitində maldarlıq təsərrüfatı yenə ən zəif sahə olaraq qalırdı. 1970- 1980-ci illərin əvvəllərində Azərbaycan sənaye və kənd təsərrüfatı istehsalının artımına görə həm İttifaq miqyasında, həm də bütün müttəfiq respublikalardan öndə idi. Lakin Azərbaycan sənaye və kənd təsərrüfatı sahəsində SSRİ rəhbərliyinin bütün planlarını artıqlaması ilə yerinə yetirsə də, respublikamız ət, süd, yağ kimi əsas ərzaq məhsullarına olan tələbatını ödəmək iqtidarında deyildi. İttifaq hökuməti və digər respublikalar Azərbaycanı heyvandarlıq məhsulları ilə təmin etmək sahəsində öz öhdəliklərini yerinə yetirmirdilər. 80-ci illərin ortalarında artıq respublikada ət və yağ, 80- ci illərin sonlarında isə şəkər əhaliyə talonla verilirdi. Bir çox sənaye məhsulları, xüsusilə, geyim, mebel, minik avtomobilləri az tapılan məhsulların sırasında idi.
1970 - 1980-ci illərdə respublikamızda ümumi sahəsi 38 milyon kvadrat km. olan yaşayış evləri tikilsə də, əhalinin mənzil təlabatı tam şəkildə ödənilmirdi. Nəticədə şəhərin ətrafında minlərlə ailə "gecəqondu" adlanan qanunsuz evlərdə yaşayırdı. 1970 - 1980-ci illərdə respublikamızda minlərlə məktəb, klub, kitabxana, xəstaxana və s. tikilmiş. Bakının ətrafında yeni yaşayıq massivləri salınmışdı. 70-ci illərdə Bakıda Dəniz Vağzalı. Respublika Sarayı, Moskva mehmanxanası, 80-ci illərdə Gülüstan sarayı, Örtülü idman kompleksi və s. tikilib istifadəyə verilmişdi. Bakı şəhərinin su ilə təchizatını yaxşılaşdırmaq üçün 1971-ci ildə Kür su kəməri çəkilmişdi. 80-ci illərin ortalarından SSRİ- də baş verən siyasi dəyişikliklər və sovet cəmiyyətinin bütün sahələrini bürümüş böhran Azərbaycana da ciddi təsir göstərmişdi. Respublikada sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ildən - ilə azalırdı. 1980-ci illərin ortalarından Sovet İttifaqında alkoqolizmə qarşı mübarizə kampaniyasının başlaması nəticəsində Azərbaycanda 100 min hektardan çox üzümlük məhv edilmişdi.
Dostları ilə paylaş: |