Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.
Protokol №8, 14.02.2018
Bakı-2018
1.Azərbaycan Xalq Cümhuriyyətinın yarandığı tarixi şərait.
"İstiqlaliyyət Bəyannaməsi." Azərbaycan Xala Cümhuriyyətinin yaranması. 1918-ci il mart - aprel aylarında Bakıda və Azərbaycanın ayrı- ayrı bölgələrində bolşevik - daşnak qüvvələri tərəfindən türk - müsəlman əhalisinə qarşı çox dəhşətli soyqırımın törədilməsi, Cənubi Qafqazın əsas hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin bunun qarşısını almaq üçün hər hansı bir təsirli tədbirlər görmək istəməməsi, Seymdəki erməni - gürcü çoxluğunun Osmanlı ilə savaşda uduzandan sonra da bu dövlətlə münasibətləri normallaşdırmaq üçün heç bir ciddi addım atmaması Zaqafqaziya Federativ Respublikasını siyasi böhrana sürüklədi. Bu respublikanın süqutu və Seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi.
1918-ci il mayın 26-da Seymin sonuncu iclasında Gürcüstan Seymdən çıxdığını bəyan etdi və Seym buraxıldı. Beləliklə, ilk olaraq Gürcüstan öz dövlət müstəqilliyini elan etdi.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə seçildi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və "İstiqlaliyyət Bəyannaməsi" qəbul edildi. "İstiqlaliyyət Bəyannaməsi"ndə deyilirdi:
1."Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2.Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3.Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaqdır.
4.Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
5.Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqlann sərbəst inkişafına şərait yaradacaqdır.
6.Məclisi - Müəssisə çağırılana qədər Azərbaycanda ah hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır".
"İstiqlaliyyət Bəyannaməsi"nin verildiyi elə həmin gün - mayın 28-də Milli Şuranın tapşırığı ilə Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk hökumət kabineti təşkil edildi.
Beləliklə, milli-azadlıq hərəkatının üçüncü mərhələsinin əsas yekunu olaraq xalqımız öz dövlət müstəqilliyinə qovuşdu. Azərbaycan Xalq Cümhuriyyəti bütün Türk və Müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk Türk dövləti idi.
Cənubi Qafqazda yaranan yeni dövlətlərin sərhədlərinin müəyyən edilməsi məsələsində erməni nümayəndələri çox çətin vəziyyətə düşmüşdülər. Çünki Ermənistan dövləti yaratmaq üçün onların siyasi mərkəz olacaq şəhərləri yox idi. Azərbaycan Milli Şurası 1918-ci il may ayının 29-da erməni Milli Şurasının müraciəti əsasında ermənilərin Dağlıq Qarabağa olan iddialarından imtina etməsi şərti ilə İrəvan şəhərinin onlara güzəştə gedilməsi haqqında qərar çıxartdı. Gürcüstanla sərhəd məsələsi dinc yolla həll edildi. Gürcülərin Zaqatala dairəsinə iddiası əsasında dairənin əhalisi arasında rəy sorğusu keçirildi və sorğunun nəticəsinə görə Zaqatala dairəsi Azərbaycanın tərkibində saxlanıldı.
Azərbaycan Milli Hökumətinin xarici siyasət sahəsində ilk diplomatik addımı və böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsinin bağlanması oldu. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Batum müqaviləsinin dördüncü maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi. Çünki həmin maddəyə görə ölkəmizin təhlükəsizliyinin təmin olunması ehtiyacı yaranardısa, Osmanlı hökuməti Azərbaycan hökumətinə hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Müqaviləni imzalayan Azərbaycan nümayəndələri - M.Ə.Rəsulzadə və M.H.Hacınskinin Türkiyə hökumətindən hərbi yardım istəyinə dərhal müsbət cavab verildi və iyun ayının birinci yarısında Nuru paşanın başçılığı ilə türk qoşunu Gəncəyə gəldi.
1918-ci ilin iyun ayının 16-da Azərbaycan Milli Şurası və Milli hökuməti Tiflisdən Gəncəyə köçdü. İyun ayının 17-də Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini dayandıraraq bütün səlahiyyətlərini Fətəli xan Xoyskinin başçılıq etdiyi Müvəqqəti Hökumətə verdi. Hökumət isə 6 aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. 1918-ci ıl iyunun 17-də F.Xoyskinin başçılığı ilə Gəncədə təşkil olunan ikinci hökumət kabinetinin əsas vəzifəsi Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün ərazisinə yaymaqdan və Bakı şəhərini Azərbaycan xalqının düşmənlərindən azad etməkdən ibarət idi.
Bu zaman Bakı şəhərində bədnam erməni sovet hökuməti - XKS azğınlıq edir, at oynadırdı. Bakı XKS-nın quldur dəstələri bütün Şimali Azərbaycanı ələ keçirtmək ücün hərbi yürüşə başlamışdı. Məqsəd istiqlaliyyətimizin beşiyi olan Gəncə şəhərini ələ keçirtmək idi. Lakin düşmənin bu arzusu ürəyində qaldı.
İyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında baş vermiş həlledici döyüşdə Osmanlı və Azərbaycan türklərindən ibarət Qafqaz İslam Ordusu Bakı XKS-nin qoşunlarını darmadağın etdi. Göyçay məğlubiyyəti Bakı XKS-nın süqutunu sürətləndirirdi. Qafqaz İslam Ordusunun və Azərbaycan könüllü hərbi dəstəsinin Bakıya doğru irəliləməsi mart soyqırımını törətmiş Bakı Sovetini bərk qorxuya salmışdı. XKS-nin əsas dayağı olan Sovet Rusiyası da hər hansı bir yardım göstərmək iqtidarında deyildi. S.Şaum- yan başda olmaqla bolşeviklər XKS-dakı eser-menşevik çoxluğu yeganə ümid yeri kimi ingilisləri köməyə çağırmaq təklifi ilə çıxış etdilər. S.Şaumyannın başçılıq etdiyi bolşeviklər səsvermə zamanı azlıqda qaldılar və tamamilə nüfuzdan düşmüş bolşevik - daşnak güruhu istefa verməyə məcbur oldu. Beləliklə, 1918-ci il iyulun 31-də Bakı XKS süquta uğradı. Bolşeviklərə düşmən mövqedə dayanan eser - menşeviklər daşnaklarla ittifaqa girərək XKS- nin yerində avqustun 1-də "Sentrokaspi diktaturası" adlandırılan mürtəce bir hakimiyyət orqanı yaratdılar. "Sentrokaspi diktaturasının" gördüyü yeganə xeyirli iş Azərbaycanlı əhalinin qarət olunması hesabına toplanmış 80 kq-a qədər qızıl və zinət əşyalarını, zəruri ərzağı, silah və sursatı "Ərdəhan" gəmisinə yükləyib, Həştərxana qaçmağa hazırlaşan komissarları S.Şaumyan başda olmaqla həbs etməsi oldu. Onu da qeyd etmək lazımdır ki, "Sentrokaspi diktaturası" yıxılan kimi A.Mikoyan tərəfindən həbsdən azad edilən komissarlar yenidən gəmi ilə Həştərxana yola düşüb, Sovet Rusiyasına üz tutmuşdular. Sağ - salamat ora çatsaydılar, türk - müsəlman xalqlarına qarşı hələ çox cinayət törədəcəkdilər. Tökdükləri günahsız insan qanına görə böyük yaradan buna imkan vermədi. Gəmi tufana düşərək geriyə Bakı limanına qayıtdı. Yenidən həbs olunmuş komissarlar 1918-ci il sentyabnn 15-də Bakı azad edildikdən sonra ingilislər tərəfindən Türkmənistana aparıldılar. Burada S.Şaumyan başda olmaqla, komissarlar bolşeviklərə düşmən olan sol eserlər tərəfindən güllələnərək öz layiqli cəzalarına çatdılar.
"Sentrokaspi diktarurası" da antiAzərbaycan siyasəti yeridirdi və Bakı şəhərində heç bir dayağı yox idi. Köməyə çağırdığı ingilis qoşunu da onu xilas edə bilmədi. 1918-ci ilin sentyabrın 15-də Türkiyənin Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi Bakını düşmənlərdən azad etdi. "Sentrokaspi diktaturası" süquta uğradı. Sentyabnn 17-də Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edildi. Bakıya köçən Azərbaycan hökuməti mart soyırımına görə qisas hissi ilə alışıb yanan və Qafqaz İslam ordusu Bakıya gələnədək xeyli sayda erməni quldurunu məhv edən Azərbaycan türklərinin şəhərdəki erməni məhəllələrinə hücumlarının qarşısını qətiyyətlə aldı. Cümhuriyyətin bu addımı bəyan etdiyi prinsiplərinə nə qədər sadiq qaldığını açıq şəkildə nümayiş etdirdi. Bu, tarixdə çox nadir halda rast gəlinən ifrat insanpərvərlik nümunəsi idi.