Mövzu 9. Əməyin təşkili səviyyəsinin insan resurslarından istifadəyə təsirinin xüsusiyyətləri
9.1. Əməyin təşkilinin mahiyyəti və məzmunu
9.2. Əməyin elmi təşkili anlayışı, tarixi, istiqamətləri, səviyyəsi
9.3. İdarəçilik əməyinin elmi təşkili
9.4. ƏET-nin
9.1. Əməyin təşkilinin mahiyyəti və məzmunu
Heç bir əmək fəaliyyəti, məşğulluq forması əməyin normal təşkili olmadan lazımı səmərə verə bilməz. Məhz əməyin normal təşkili sayəsində istehsal amillərinin optimal vəhdətliyi təmin edilir. Bu isə bütün ictimai-iqtisadi sistemlərdə zəruri olan obyektiv bir reallıq və tələbdir. Bunsuz birgə əməyi, kollektiv əmək fəaliyyətini təşkil etmək qeyri mümkündür. Ona görə də əməyin təşkili mürəkkəb bir sistem olmaq etibarilə ona kompleks, sistemli və elmi qaydada yanaşmağı tələb edir. Əməyin təşkili "insan-əmək alətləri-istehsal sistemləri" modeli ilə üzvü şəkildə bağlıdır. Həmin model əmək fəaliyyətinin səmərəliləşdirilməsi, optimallaşdırılması ilə şərtləşir. Ona görə də əməyin elmi təşkili (ƏET) texniki-texnoloji, iqtisadi, sosial, psixo-fizioloji problemlərlə vəhdətlik halında olur. Bu baxımdan hər bir ölkə əməyin mütərəqqi formalarının tətbiqində maraqlıdır. Çünki əməyin elmi təşkili nəinki canlı əməyin, eyni zamanda əşyalaşmış əməyin, elmi-texniki tərəqqinin potensial imkanlarından, məcmu əməkdən faydalı istifadə etməyə imkan verir. Əməyin elmi təşkili ideyalarının işlənib hazırlanması və tətbiq edilməsi bazar sistemi, rəqabət mühiti şəraitində daha mühüm əhəmiyyət kəsb edir. Ona görə də sənayecə inkişaf etmiş ölkələrdə firma və şirkətlər daxili taktiki və strateji planlar, biznes-planlar hazırlayarkən ƏET problemlərini ön plana çəkirlər. Burada artıq, lüzumsuz əmək hərəkətlərinin aradan qaldırılması, iş yerlərinə mütərəqqi xidmət sistemləri, əməyin mikroünsür normallaşdırılmasının avtomatlaşdırılmış sistemlərinin yaradılması, normativ materiallar bankının formalaşması, informasiya-normativ bazasının möhkəmləndirilməsi, həmin məsələlərin kollektiv müqavilələrdə əks olunmasına xüsusi əhəmiyyət verilir. Sənayecə inkişaf etmiş ölkələrdə ƏET üzrə tədbirlərin həyata keçirilməsinə fırma, şirkətlərin gəlirlərinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsinin mühüm bir amili kimi qiymətləndirilir.
Əməyin təşkili müəssisələrdə istehsalın təşkilinin mühüm tərkib hissəsidir. Cəmiyyət istehsal və istehlakdan kənar yaşaya bilmədiyi kimi təbiətlə insanın iştirakından ibarət olan əmək prosesi olmadan da yaşaya bilməz.
Müəssisələrdə əməyin düzgün təşkili dedikdə, iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə çox məhsul istehsal etmək vəzifəsi başa düşülür. Texnika və istehsalın təşkilinin təkmilləşməsinin mövcud səviyyəsində iş qüvvəsindən planauyğun və məqsədəuyğun istifadə etməyə yönəldilmiş tədbirlər məzmununa əməyin təşkili deyilir.
Əməyin təşkilindən məqsəd-az əmək sərfi ilə çox məhsul istehsalından, insanın əmək proseslərində hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqdan, müəssisə kollektivinin bütün iş vaxtı fondundan, istehsal avadanlıqlarından və maddi vəsaitlərdən səmərəli istifadə hesabına əmək məhsuldarlığının dönmədən artmasını təmin etməkdən ibarətdir. Yeni texnika və mütərəqqi texnoloji proseslərin inkişafi, kompleks mexanikləşdirmə və avtomatlaşmanın geniş tətbiqi, habelə müəssisələrin daha da ixtisaslaşdırılması və istehsal koperasiyasının yaxşılaşdırılması əsasında istehsalın texniki səviyyəsinin yüksəldilməsi əmək təşkilinin təkmilləşməsini tələb edir. Elm və texnika inkişaf etdikcə əməyin təşkili də öz formasında müəyyən qədər dəyişiklik edir. K.Marks və F.Engels hələ vaxtı ilə yazırdılar: "Əməyin təşkili üsulları, formaları və xarakteri həm istehsal münasibətləri və həm də məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə müəyyənləşir... Əmək mövcud əmək alətlərindən asılı olaraq müxtəlif şəkildə təşkil olunur və bölüşdürülür.
Hər bir müəssisə kollektivinin əməyi, hər şeydən əvvəl cəmiyyət qarşısında qoyulan vəzifənin həll edilməsinə yönəldilən ictimai əməyin bir hissəsi kimi çıxış edir. Digər tərəfdən isə müəssisə daxilində əməyin təşkili qismən ictimai əmək təşkili ilə müəyyən olunur. Ayrı-ayrı müəssisələrdə, sexlərdə, istehsal sahələrində və iş yerlərində əməyin təşkilinin yaxşılaşdırılması ölkəmizdə ictimai əmək təşkilinin möhkəmləndirilməsi və inkişafının nəticəsidir.
Müəssisələrdə əməyin təşkilinə aşağıdakı məsələlər daxildir: əmək bölgüsü və əmək kooperasiyası; əmək proseslərinin təşkil olunması; əməyin mühafızəsi və texniki təhlükəsizlik üzrə tədbirlər; əmək intizamının möhkəmlənməsi; işçilərinin mədəni-texniki və istehsal ixtisasının artırılması üzrə tədbirlər; mütərəqqi əmək üsulları və əmək fəndlərinin tətbiqi; iş yerlərinin təşkili; işçilərin maddi və mənəvi həvəsləndirilməsi; əməyin normallaşdırılması.
Müəssisələrdə əmək təşkilinin əsas, müqəddəm, ilkin şərtləri aşağıdakılardan ibarətdir: əməyin mexanikləşmə səviyyəsinin yüksəldilməsi; istehsalın texnoloji prosesinin təşkili; istehsalın ixtisaslaşması və təmərküzləşməsi; müəssisə və onun istehsal bölmələrinin operativ təsərrüfat müstəqilliyinin təmin edilməsi; işçilərin mədəni-texniki səviyyəsinin yüksəldilməsi.
Əmək təşkilinin əsas prinsiplərinə isə aşağıdakılar daxildir: əmək məhsuldarlığının yüksəldilməsi əsasında işçilərin həyat səviyyəsinin ardıcıl olaraq yaxşılaşmasının təmin edilməsi; əmək şəraitinin sağlamlaşdırılması; işçilərin yaradıcı təşəbbüsünün inkişaf etdirilməsi və müəssisədaxili ictimai münasibətlərin təkmilləşməsi; şəxsi və kollektiv maddi maraq prinsipinin möhkəmlənməsi və onların düzgün əlaqələndirilməsi.
Dostları ilə paylaş: |