13.2. Müəssisədaxili münaqişələrin növləri və onların
meydana çıxmasına təsir edən amillər.
Müəssisə kollektivində baş verən münaqişələrin bir neçə növləri vardır. Ən çox rast gəlinən münaqişə növləri sxem 13.2-də göstərilmişdir.
Sxem 13.2. Münaqişələrin növləri
Şəxsiyyətdaxili münaqişə o zaman meydana çıxır ki, eyni şəxsə müxtəlif tələblər irəli sürülür. Məsələn, rəhbər öz işçisinə onun səlahiyyətlərinə aid olmayan tapşırığı verir, sonra isə onu tənbeh edir ki, öz vəzifəsini layiqincə yerinə yetirmir. Şəxsiyyətdaxili münaqişə o zamanda meydana çıxa bilər ki, istehsalın (işin, xidmətin və s.) tələbatı şəxsi tələbata və keyfiyyətlərə uyğun gəlməsin. Məsələn, işçi öz məzuniyyətindən yay aylarında istifadə edilməsini planlaşdırır, ancaq müdriyyət müəssisənin mənafeyindən çıxış edərək işçinin məzuniyyətə payəzda getməsinə icazə verir.
Şəxsiyyətdaxili münaqişə həm də istər işlə həddən artıq yüklənmə və ya kifayət qədər yüklənməmə nəticəsində də meydana çıxa bilər.
Ən çox yayılan münaqişə növü şəxsiyyətlərarası münaqişə növüdür. Çox vaxt bu münaqişələr maliyyə, işçi qüvvəsi, mal – material və s. məhdud olduqda meydana çıxır. Bu zaman ayrı-ayrı rəhbər işçilər yuxarı vəzifəli rəhbərdən resursların məhz ona verilməsi uğrunda mübarizə aparır.
Şəxsiyyətlərarası münaqişələr həmçinin müxtəlif xasiyyətli, temperamentli, məqsədləri, mənafeləri uyğun gəlməyən, bir-bir ilə yola getməyən insanlar arasında da baş verə bilər.
Şəxsiyyət və qrup arasında münaqişə o zaman meydana çıxır ki, ayrı-ayrı şəxslər (və ya şəxs) qrupun mövqeyinə uyğun gəlməyən və ya ona zidd mövqe tuturlar. Məlumdur ki, istehsal prosesi zamanı qruplar fəaliyyət, hasilat, birgəyaşayış və s. normaları müəyyən edirlər. Bəzən elə hallar olur ki, proseslərin nəticələrindən kollektivin, qrupun gözlədiyi ilə, ayrı-ayrı şəxslərin gözlədikləri istəklər, nəticələt üst-üstə düşmür və bu da şəxsiyyətlə qrup arasında münaqişənin yaranmasına səbəb olur.
İstənilən idarə, təşkilat, şirkət, firma və s. daxilində çoxsaylı formal və qeyri-formal qruplar mövcuddur. Hətta ən yaxşı idarə, təşkilat və s. daxilində həmin formal və qeyri-formal qruplar arasında münaqişələr meydana çıxa bilər. Qruplar arası münaqişələr, münaqişələr içərisində (xüsusən də əgər bu münaqişələr difunksionaldırsa) ən arzuedilməzidir. Buna görə də bu cür münaqişələrin tezliklə aradan qaldırılması təşkilatın mənafeyinə uyğundur. Əlbəttə təşkilatın mənafeyinə xidmət edən qruplar arası münaqişənin yaradılması və nəzarətdə saxlanılması da məqsədəuyğundur.
Meydana çıxma dərəcəsinə görə münaqişələr iki növə ayrılır: gizli və açıq. Gizli münaqişələr əsasən iki nəfər arasında baş verir: onlar müəyyən həddə qədər
öz aralarında münaqişə olduğunu biruzə vermirlər. Onlardan biri artıq bu
münaqişəni gizlədə bilməyəndə münaqişə açıq şəkil alır.
Qeyd edilənlərdən əlavə təsadüfü, təbii, xroniki və qəsdən törədilən münaqişələri də fərqləndirmək lazımdır. Bəzən intriqalar da münaqişə növü kimi nəzərdən keçirilir. İntiriqa dedikdə təşəbbüskarın təhriki ilə, onun xeyrinə olaraq, kollektivin və ya ayrı-ayrı şəxslərin öz mənafelərinə zidd hərəkətlərəsövq edilməsi başa düşülür. İntriqalar, bir qayda olaraq diqqətlə hazırlanır və planlaşdırılır, öz süjet xəttinə malik olur.
Münaqişələrin müvəffəqiyyətlə aradan qaldırılması üçün onların növlərini, baş verməsinə təsir edən amilləri müəyyən etməklə yanaşı, onların meydana çıxma səbəbləri də müəyyən edilib araşdırılmalı, təhlil edilməlidir.
Dostları ilə paylaş: |