İqtisadi nəzəriyyənin predmeti və metodu. İqtisadiyyat və cəmiyyətin həyatında onun rolu
Plan:
İqtisadi nəzəriyyənin öyrənim obyekti.
İqtisadi nəzəriyyənin predmeti və metodu.
İqtisadiyyatın cəmiyyət həyatındakı rolu.
İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. Lakin iqtisadi həyat elə bir məürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi fəaliyyəti başqa fəaliyyət növlərilə – ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və təsir göstərirlər. Başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər «xalis» şəkildə deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir. İqtisadi nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını, iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını öyrənən elmdir. İqtisadi münasibətlər insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən münasibətlərdir. Bu münasibətlər insanların yaşaması və həyat sürməsi üçün bir zərurətdir. İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini, həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqelərdən yanaşılır. Klassiklərdən başlamış bu günə qədər iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə dair müxtəlif nəzəri fikirlər irəli sürülmüşdür. Böyük Azərbaycan alimi N.Tusi (XIII əsr) və ərəb sosioloqu İbn Xəldun (XIV əsr) insanın iqtisadi fəaliyyətini cəmiyyətin inkişafının təməli hesab etmişlər. N.Tusi iqtisadiyyatın öyrənilməsini «İctimaiyyat» adlandırdığı elmin obyekti hesab edir və yazır ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. Hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, - rəftar və davranışında səhvlərə yol verməsin» (Əxlaqi-Nasiri, səh. 210). Tusinin iqtisad elminə verdiyi bu tərifdə «İqtisadi münasibətlər sistemi», «İnsanın iqtisadi fəaliyyəti və idarəetməsi», «İnsanın rəftar və davranışı» kimi anlayışlar mühüm yer tutur. Bütün bunlar isə çox müasir və iqtisad elminə verilən təriflərə xeyli uyğun gələn fikirlərdir. Bunu da xatırlatmaq istərdik ki, iqtisad elmi tarixində həmişə sərvət, onun mənşəyi, bölgüsü və istifadə olunması Şərq və Qərb klassiklərinin araşdırma obyekti olmuşdur. İlk dəfə iqtisadiyyatı bütöv şəkildə götürüb araşdıran A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) sərvəti iqtisadi nəzəriyyənin predmeti hesab etmişlər. Onlar sərvətin istehsalı, artırılması, bölgüsü, mübadiləsi və istehlakı proseslərini bir sistem şəklində araşdırmış və onun inkişaf qanunlarını aşkara çıxarmışlar. Sərvət dedikdə, onlar maddi nemətlərin istehsalı, bölgüsü və istehlakını nəzərdə tuturdular. Lakin, sərvət geniş anlayışlı bir məfhumdur. O, maddi nemətləri, bütün faydalı şeyləri, hava, su, torpaq kimi təbii resursları da əhatə edir. Lakin, sərvətin 4 ən başlıca növü insanın özüdür, onun bacarığı, mənəvi və mədəni səviyyəsidir. Məşhur alman iqtisadçısı F.List (XIX əsr) haqlı olaraq yazır ki, «Sərvət adlandırılan bütün şeylərin mənəvi əsaslarını ləğv etsək, onda biz ölü bir varidat əldə edərik». Klassiklər sərvəti «ölü bir varidat» kimi iqtisad elminin predmetinə daxil etməyiblər.