10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu



Yüklə 60,59 Kb.
səhifə1/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
  1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18


10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm

Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Maqmatizm prosesi, endogen proseslər içərisində relyef əmələ gətirmə roluna görə hər yerdə müxtəlif şəkildə baş verən tektonik hərəkətlərə nisbətən geri qalsa da, özünəməxsus relyef formaları yaradır. Maqmatizm, geniş sahələri tutan tektonik hərəkətlərdən fərqli olaraq, Yer qabığının yalnız dərinlik qırılmaları ilə kəsilən müəyyən zonaları üçün səciyyəvidir.

Maqmatizm proseslərinin daha geniş yayıldığı sahələr kontinental və okean rift zonaları, müasir geosinklinal qurşaqlarda yerləşən adalar qövsü, Alp qırışıqlığı və orogen qurşaqlarının ayrı-ayrı sahələridir.

Az hallarda göstərilən qurşaqlardan kənarda vulkan sahələrinə təsadüf etmək mümkündür. Okean dibində isə sualtı silsilələrdən kənarda da maqmatik proses geniş yayılmışdır. Keçmiş geoloji dövrlərdə maqmatizm daha geniş ərazilərdə baş vermişdi. Kontinental və okean riftəri Yer qabığının dartılma zonaları olduğundan burada qabığın bütövlüyü pozulur, dərinliktektonik qırılmaları yaranır və həmin qırılmalar üzrə dərinlikdə yerləşən maqmatik kütlələr ya bilavasitə yer səthinə çıxır və böyük sahələri əhatə edir, yaxud ayrı-ayrı sahlərdə lokalizasiya olub, vulkanlar cərgəsi yaradır. Maqmatik kütlə Yer qabığının yuxarı qatlarını şaquli, yaxud maili kəsən uzun tektonik çatlara dolub, orada bərkiyir və damar şəklində uzanır. Bu damarlar çökmə süxur laylarında olduğu kimi, müəyyən uzanma və yatım elementləri iə səciyyələnir və əsasən iki növü olur: 1. Lay damarları (lay intruzivi), 2. Kəsən damar .

Lay damarları, səthi açıldıqca meylli yatımda olursa, ensiz daraqvari tirə əmələ gətirir. geniş sahələrdə təkrarlanan lay intruzivləri üfüqi vəziyyətdə yatdıqda, həmin sahədə, eroziya və denudasiya nəticəsində geniş pilləvari relyef yaranır. Buna ən tipik misal Orta Sibir yaylasındakı trapp formasiyası yayıldığı ərazidir.

Kəsən damar denudasiya prosesləri açdıqda, Yer səthində qala divarlarına bənzəri olan, divar şəkilli, çox ensiz (bıçaqvari) tirələr yaranır. Belə formaları hətta vulkan qurğularının yamaclarında da müşahidə etmək mümkündür. Bir-biri ilə kəsişən damarlar sıx yerləşdikdə səthdə şəhər xarabalıqlarını xatırladan relyef forması əmələ gəlir.

Daha böyük ölçüyə malik və dərinə getdikcə dərinləşən intruziv kütlələr batolit adlanır. Batolitlər Yer səthini qabardaraq böyük, uzunsov yüksəkliklər, hətta dağlar əmələ gətirir. Orogen sahələrdə bir çox antiklinoriumların özəyində böyük batolit kütlələri yerləşir. Orta Asiyada Zərəfşan silsiləsi, Zaqafqaziyada Konqur-Alagöz massivi, ABŞ-da Syerra Nevada dağlarında böyük qranit batolitləri buna misal ola bilər.

Yer qabığının ən yuxarı qatına daxil olan gümbəzvari, yaxud göbələk formaları intruziv kütlələr lakkolitlər adlanır.

Lakkolitlər maqmanın yer qabığının üst təbəqələrinə daxil olması və burada çökmə süxur qatları arasında soyuması nəticəsində əmələ gələn formadır. Prinsip etibarı ilə lakkoliti yarımçıq (inkişaf etməmiş) vulkan adlandırmaq olar. Maqmatik kütlənin yer səthindən hansı dərinlikdə soyumasından, həcmindən və formasından asılı olaraq müxtəlif relyef formaları əmələ gəlir.

Maqma yer səthinə yaxın soyuduqda, üstə yatan çöküntü süxur laylarını müxtəlif dərəcədə qabardır və laylar hər tərəfə yatan gümbəzvari qırışıq əmələ gətirir. Lakkolit yüksəkliyinin tağ hissəsində laylar kiçik bucaq altında, ətəyində isə böyük bucaq altında yatır, bəzən başı üstə qoyulmuş vəziyyətdə olur.

Soyumuş maqmatik kütlənin üzərində yatan çöküntü süxur layları, xarici amillərin təsiri nəticəsində yuyulduqda, lakkolit üzə çıxır. Adətən, çox vaxt yalnız üstü yuyulmuş lakkolitlərə, az hallarda isə çöküntü süxur örtüyü tamamilə yuyulmuş lakkolitlərə rast gəlmək olur. Maqmatik kütlənin formasından asılı olaraq, müsbət relyef formaları şiş, yaxud yastı təpələr və gümbəzəoxşar təpələr formasında olur. Lakkolitlər yer səthində çox hündür dağlar əmələ gətirə bilmir. Onların nisbi yüksəkliyi 100-200 m-dən 500-900 m-dək qədər olur.

Morfologiyasına görə bəzən lakkolitlər və ekstruziv təpələr bir-birinə bənzəyir. Onları fərqləndirən cəhət odur ki, lakkolitin ətəyində çöküntü süxurları qırışmış halda olaraq, intruziv kütlə üzərində yatır, ekstruziv sahəsində isə həmin laylar bu kütlənin altına keçir.

Bəzən mürəkkəb quruluşda olan lakkolitlərdə də layların intruziv kütlə altına keçməsi müşahidə olunur.

Yer səthində geomorfoloji cəhətdən tipik olan lakkolitlərə Şimali Qafqazda Pyatiqorsk ətrafında, Krımın cənub sahilində, Şimali Amerikda Yuta ştatında (Henri Mountins lakkolitləri) rast gəlmək mümkündür.

Lakkolitlər Şimali Qafqazın maili düzənlik və yaylalarında çox mənzərəli geomorfoloji landşaft əmələ gətirmişdir. Burada ən böyük lakkolitlər Beştau və Maşuk dağlarıdır (nisbi amplitudu 700-900 m), qalan lakkolitlər (Razvalka, Jeleznaya, Zolotoy Kurqan, Verblyud, Sablya və s.) nisbətən alçaq dağlar və təpələrdən ibarətdir. Krimda ən məşhur lakkolit, çöküntü örtüyü tamamilə yuyulmuş Ayıdağdır.

Dağlıq rayonlarda lakkolitlər geomorfoloji cəhətdən az görkəmli olur.


Beləliklə, intruziv maqmatizm yer səthi relyefinə iki yolla təsir edir. Birinci yol, bilavasitə intruziv kütlənin yer qabığının yuxarı qatlarına daxil olması və səthi qabartması nəticəsində yeni müsbət relyef forması yaratmasıdır. Bu intruziv maqmatizmin relyefə fəal təsiridir.

Ikinci yol, müəyyən dərinlikdə yerləşən intruziv kütlələr üzərində yatan çökmə süxur örtüyü denudasiya vasitəsilə dağılıb aparıldıqdan sonra, ekzogen amillərin təsirinə qarşı daha davamlı olan maqmaik süxurlar kütləsinin (batolitlər, lakkolitlər, damarlar, ştoklar) yer səthində özünəməxsus müsbət relyef formaları kimi qalmasıdır (bu passiv yoldur, başqa prosesin nəticəsində maqmatik kütənin relyefdə özünü göstərməsidir).




Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin