10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu


Effuziv maqmatizmin (vulkanizmin) relyefə təsiri



Yüklə 60,59 Kb.
səhifə2/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18

Effuziv maqmatizmin (vulkanizmin) relyefə təsiri. Vulkan mənşəli relyef formaları yer səthinin müəyyən zona və sahələrində geniş yayılaraq, relyefin başqa genetik tiplərindən istər zahiri görünüşünə (morfologiyasına), istərsə də əmələ gəlməsinə və onu təşkil edən süxur qatlarının xarakterinə görə kəskin fərqlənir. Bundan başqa, vulkanik sahələrin özü də bir-birindən morfogiyasına görə müəyyən dərəcədə fərqlənir. Bu, başlıca olaraq vulkan püskürməsinin xarakterindən, vulkan məhsullarının xassələrindən, vulkanik sahənin hansı iqlim qurşağında yerləşməsindən və geoloji yaşından asılıdır. Göstərilən amillərin müxtəlifliyi ilə əlaqədar olaraq, yer səthinin ayrı-ayrı vulkanik sahələrində müxtəlif morfoloji xüsusiyyətə malik vulkan relyef formalarına rast gəlmək olar.

11. Mərkəzi püskürmədən əmələ gələn vulkan formalarının tipi

Vulkan fəaliyyətinin davamlılığından, püskürmənin tipindən, püskürmə zamanı yer səthinə çıxan məhsulların xüsusiyyətindən və vulkanın hansı iqlim qurşağında yerləşməsindən asılı olaraq yer səthində vulkanların xarici aparatları müxtəlif morfloji quruluşa malik olur. Vulkanların əsasən aşağıdakı formaları ayrılır.

Maar–yer səthində digər xarici vulkan aparatı tiplərinə nisbəən az yayılmışdır, onlar müasir və sönmüş vulkanizm zonalarından çox uzaqlarda yerləşir. Lakin bəzi hallarda yer qabığının müasir oynaq sahələrində də rast gəlinir. O, bütün başqa vulkanik relyef formalarından fərqli olaraq mənfi relyef formasıdır. Maar dairəvi, bəzən oval şəkilli, qıfaoxşar çökəklikdir. Diametri 200-300 m –dən 2000-3000 m-ə qədər (3200 m) dəyişir. Maar çökəyinin maksimal dərinliyi 400 m-ə yaxındır, çoxunun dərinliyi isə 50-60 m ilə 150-200 m arasında dəyişir. Bu qıfa oxşar çökəyin kənarlarnda bəzən alçaq bəndlərə rast gəlinir, maarların çoxunda isə bəndlər heç olmur.

Maarlar vulkan püskürməsindən əmələ gələn formalar içərisində ən sadəsidir.

Maar çökəklər vulkanın birfazalı güclü partlayışla bayıra qaz atması şəraitində əmələ gəlir. Bayıra lava və başqa piroklastik məhsul atılmır. Lava ya yer səthindən çox dərində vulkan borusunda soyuyub bərkiyir, yaxud vulkan ocağı gücsüz olduğuna görə qazlar ayrıldıqdan sonra vulkan aparatı borusu ilə qalxan lavanı altdan təyziqlə təmin edə bilmir. Buna görə maarların ətrafında, hətta vulkan borusunun üst hissəsində, vulkan məhsullarına çox yerdə heç rast gəlinmir.

Maarla vulkan ocağı arasında yerləşən boru çox vaxt soyumuş maqma ilə tutulur. Borunun üst hissəsi, tərkibində müxtəlif minerallar olan tuflarla dolur. Çox vaxt bu tuflar ətraf süxurlardan möhkəm olduqda, eroziya və denudasiyaya az məruz qalır və yer səthində müsbət relyef forması əmələ gətirir. bu hala yalnız əvvəllər maar olan sahələr çox dərin hamarlanmaya məruz qaldıqda təsadüf etmək olur.

Kimberlit boruları adlanan bu aparatlar Cənubi Afrikada və Yakutiyada zəngin almaz yataqlarına malikdir. Rütubətli iqlim sahələrində maarlar su ilə dolaraq göllər əmələ gətirir. Bəzən səhv olaraq dəfələrlə püskürən vulkanlarda dərin partlam kraterlərini də maar adlandırırlar.

Tipik maarlara Reyn Şist dağlarında Mozel və Kill çayarı arasında yerləşən Eyfel maarlarını (burada olan 25 maarın çoxu qurudur), Almaniyada Şvab Alblarında (Vurtemberqdə) olan maarları (burada 127 maar vardır), Mərkəzi Fransa massivindəki Overndə olan maarları (burada 7 maar məlumdur) misal göstərmək olar. Bundan başqa Nikaraquada, Yava və Yeni Zelandiyada, Cənubi Afrikada Kimberlidə və SSRİ-də Yakutiyanın qərbində bir çox maar vardır.

Ümumiyyətlə, maarlar inkişaf etməmiş birfazalı vulkanların yerüstü aparatlarıdır.

Ekstruziv gümbəzlər . Bunlar vulkanik sahələrdə çox yayılaraq böyük ərazi tutan relyef formaları sırasına daxil deyildir. Ekstruziv gümbəzlər, qatı turş lava püskürməsi zamanı yaranır. Özü də, püskürmə birfazalı olur, vulkanın boğazından çıxan qatılava axıb ətrafa yayıla bilmir və vulkanın borusu üzərində yüksələn yastı, gümbəzəoxşar təpələr əmələ gətirir. Püskürmə zamanı partlayış baş verdikdə ekstruziyanı təşkil edən lava tıxacının səthi piroklastik məhsullarla örtülür. Vulkan borusundan səthə çıxan lava nə qədər qatı olsa da, öz ağırlıq qüvvəsi altında yastılaşır və borunun ətrafını (olduqca yaxın məsafədə) örtür və ekstruzivin təpəsi yastılaşır. Adətən ekstruziv gümbəz əmələ gətirən birfazalı püskürmə zamanı krater əmələ gəlmir.

Ekstruziv gümbəzlər çoxfazalı vulkanların püskürməsinin müəyyən mərhələsində, onların kraterlərində və yamaclarında tüfeyli konuslar şəklində də əmələ gəlir. Bəzən qatı lava püskürmüş nəhəng vulkan konuslarını da ekstruziv adlandırırlar. Lakin ekstruziv gümbəzlərdə, gümbəzvarı nəhəng vulkanlar arasında yalnız genetik oxşarlıq vardır. Morfoloji cəhətdən isə onlar kəskin fərqlənirlər.

Ekstruzivlər vulkan borusunda tıxac kimi qalmış qatı lava sütununun aşağıdan böyük təzyiqlə yuxarı sıxışdırılması nəticəsində də yaranır.

Bir qayda olaraq ekstruziv gümbəzlərin yamaclarının profili digər vulkan konuslarının profilindən kəskin fərqlənir və aşağı hissədə çox dik olur. Ekstruziv təpələrin nisbi hündürlüyü 150-200 m, bəzən isə 400 m-ə çatır.

Cavaxetiya və Ermənistan vulkanik yaylalarında yerləşən bir çox traxit gümbəzləri, relyefdə özlərini daha tipik göstərən Naxçıvan ekstruzivləri (İlandağ, Nəhəcir, Sirab və s.) xüsusi geomorfoloji landşaft əmələ gətirir. Xüsusilə Naxçıvan MSSR ərazisində yerləşən ekstruzivlərin bir çoxu xarici görünüşü etibarı ilə çöküntü süxur örtüyü yuyulmuş lakkolitlərdən az fərqlənir. Ekstruziv gümbəzlərə Çexoslovakiyada, Amerikada, Mərkəzi Fransa massivində , Aleut adalarında, Xokkaydo adasında və s. yerlərdə rast gəlmək olar.

Qalxanvari vulkanlar olduqca sıyıq əsas maqma püskürməsindən əmələ gəlir. Bu vulkanlardan püskürən lava, vulkanın boğazından uzaqlara axır və lava qatları arasında piroklastik məhsul qatları olmur. Lava əsasən ətrafa yayıldığına görə qalxanvari vulkanlar alçaq olur. Onların diametri onlarla kilometrlərə çatır. Qalxanvari vulkanların yamacları az maili olaraq, əksər halda vulkan konusunun ətəyində 2°-yə yaxın, orta və yuxarı hissələrində 6-8°, nadir hallarda 10°-yə çatır. Yalnız krateri əhatə edən bəndin daxili yamacında meyillik 30°-yə çata bilər, belə bəndlərə isə qalxanvari vulkanların bəzilərində heç rast gəlinmir.

Qalxanvari vulkanları morfologiyası və böyüklüyünə görə iki yarımtipə bölmək olar: 1. İslandiya, 2. Havay. İslandiya qalxanvari vulkana Kalotta-Dinqya vulkanını, Havay adasında isə Mouna-Loa, Mouna-Kea, Hualalai, Koala, Kilauea vulkanlarını misal göstərmək olar.

İslandiya qalxanvari vulkanları nisbətən kiçik (ətəyində diametri 19 km, hündürlüyü 500 m) və alçaq olur. Krateri ətrafdan alçaq, daxili yamacı xeyli dik, hündürlüyü 10-15 m olan dairəvi bənd əhatə edir. Yamacların meyilliyi 2-3°, ən çox dik yerlərində isə 6-8°-dən artıq deyildir. İslandiyanın qalxanvari vulkanlarını bəzi tədqiqatçılar monogen, bəziləri isə poligen vulkanlar hesab edirlər. Tarixi dövrdə bu vulkanların püskürməsi məlum deyil.

Havay adasında adlarını çəkdiyimiz qalxanvari vulkanlar böyük həcmli və yüksək olmaları ilə fərqlənirlər. Bu vulkanlar fəaliyyətdə olaraq tez-tez püskürürlər (Hualalaidən başqa). Bunların dəniz səviyyəsindən hündürlüyü 4170 m-ə (Mouna-Loa), 3986 m-ə (Mouna-Kea), çatır. Həmin vulkanların sualtı hissəsinin hündürlüyü isə 5000 m-ə qədərdir.

Beləliklə, Havay adası vulkanlarının ümumi hündürlüyü 9000 m-dir. Lakin buna baxmayaraq, vulkanların yamaclarında meyillilik 3-5°-dən artıq deyil, yalnız yamacın orta hissələrində bu 10°-ə çatır.

Havay adası vulkanlarında lava artıq vulkanın əsas kraterinə qədər qalxa bilməyib, yan kraterlərdən püskürür. Kilaueada həmişə qaynar lava gölü vardır. Lavadan qaz qabarcıqları ayrıldığına görə o qaynamaqda olan sıyıq kütləni xatırladır. Bu vulkanlarda yan kraterlərin əmələ gəlməsi və davam etməkdə olan püskürmə onların ilk, daha sadə relyefini daha da mürəkkəbləşdirir.

Havay tipli vulkanların zirvəsi çox geniş plato əmələ gətirir. Plato səthində nisbətən kiçik krater və quyular yerləşir. Krater platosunun səthi çatlarla kəsilmişdir. Püskürmə çox halda krater platosundakı çatlardan, yaxud onların kəsişdiyi yerlərdən baş verir.

Qırıntı süxurlarından əmələ gəlmiş konuslar . Vulkan partlayışla püskürdükdə yer səthinə müxtəlif böyüklükdə qırıntı məhsullar atır. Bunlar əksərən yamacları dik olan (25-30°) kiçik kraterli konuslar əmələ gətirir. Belə konuslar ən çox böyük vulkanların yamaclarında, püskürmə nəticəsində əmələ gələ bilr. Təkcə qırıntı məhsullarından təşkil olunan konusların yüksəkliyi 200-300 m-dən artıq olmur. Konusun ətəyində diametri də təxminən bu qədərdir.

Laylı , yaxud mürəkkəb vulkanar ( stratovulkan ) . Yer səthində rast gələn vulkanların əksəriyyəti poligen laylı vulkanlardan ibarətdir. Bu vulkanlar yer səthində yüksək və böyük sahə tutan konus formalı dağlar əmələ gətirir. Laylı vulkan konusları püskürmənin uzun müddət təkrarlanması nəticəsində yaranır. Digər monogen vulkanlardan fərqli olaraq, laylı vulkanların quruluşunda lavalar və qırıntı məhsulları (tuflar, vulkan brekşisi və s.) iştirak etdiyi üçün, bir-biri ilə növbələnən laylar əmələ gətirir. Konusu təşkil edən laylar periklinal yatımlıdır. Onlar konusun kraterindən (təpəsindən) hər tərəfə yatır. Layların yatım bucağı böyükdür. Konusun zirvəsində 30-35° (bəzən də bir qədər artıq), yamaclarında 15-30°, ətəyində isə 15-20°-dən az olur. Bununla əlaqədar olaraq stratovulkanın yamacı batıq profilə malikdir. Vulkan konusunun morfologiyası püskürən məhsulların və üskürmənin xarakterindən, yamaclarda yan kraterlərin əmələ gəlməsindən asılı olaraq, çox mürəkkəb olur.

Konusun təpəsində krater yerləşir. Krater kiçik olduqda konus çox şiş formada, krater geni olduqda isə konusun təpəsi kəsilmiş formada olur. Kraterin bir tərəfi alçaq olduqda lava bir yamaca axaraq konusun simmetriyasını pozur.

Kraterlər və kalderalar. Vulkan konusunun təpəsində, vulkann oxu (boğazı) üzərində qıfaoxşar çökək yerləşir ki, bu krater adlanır. Krater vulkanik dağın xarakter morfoloji elementi olaraq, vulkanik sahədə mənfi relyef formasını təşkil edir. Vulkanın püskürməsi xarakterindən, bayıra atılan məhsulların xassəsindən, vulkanın yaşından asılı olaraq, kraterlər müxtəlif ölçüdəvə müxtəlif morfoloji xüsusiyyətdə olur.

Lavadan təşkil olmuş vulkanda kraterin yamacı sıldırımlı olub, dibinə və kənarlarına kəskin əyri ilə keçir. Qırıntı məhsullarından təşkil olunmuş vulkanlarda kraterin yamacları az maili olur. Bundan əlavə vulkanı, yaxud krateri əmələ gətirən sonuncu püskürmənin yaşı, onun morflogiyasına təsir göstərir. Qədim vulkan kraterləri xarici amillərin təsirindən dağılır və tipik formasını dəyişir, hətta lava karterlərinin daxili yamacları öz dikliyini tədricən itirir. Vulkanın yamacında inkişaf edən reqressiv eroziya, buzlaqlar və s. kraterin simmetriyasını pozur. Bəzən kraterin qarşı yamacları eyni hündürlükdə olmadıqda və təkrar püskürmələr nəticəsində krater vulkanın oxuna nisbətən öz yerini dəyişdikdə, ekssentrik krater əmələ gəlir.

Kraterlərin dibi müxtəlif morfoloji quruluşda ola bilər. Onların dibi bəzən simmetrik çökək, düz və pilləli olur. Pillələr, kraterin dibindən çıxan sıyıq lavanın müxtəlif səviyyədə soyuması nəticəsində əmələ gəlir.

Rütubətli iqlim sahələrində olan kraterin dibində göl yerləşir (krater gölü). Bu ən sönmüş vulkanların kraterində müşahidə edilir. Fəaliyyətdə olan vulkanlarda sakitlik fasiləsi uzun olduqda kraterin dibində göl əmələ gələ bilər. Bəzi kraterlərdə lava gölünə təsadüf etmək olur (Kilauea). Fəaliyyətdə olan bir çox vulkan kraterinin dibindən qaz və buxar ayrılır (fumorallar, solfatarlar).

Kraterlərin böyüklüyü də müxtəlifdir. Bəzən çox iri vulkanların krateri olduqca kiçik, alçaq vulkanların krateri isə çox böyük olur. Əksər vulkanlarda kraterlərin diametri 2 km, dərinlikləri isə 200-500 m olur.

Çox böyük kraterlər k a l d e r1 adlanır. Ən böyük kalderlərin eni və uzunu bəzən 20-25 km, sahəsi 300-400 km2, dərinliyi isə 500-600 m, hətta 800 m-ə çatır. Ən böyük kalderlərə misal olaraq Yaponiyada Aso-San, Ayra (24x23 km), İvusuki, Kikan, Kamçatkada Uzon, Karım, Ksudaç, Afrikada Nqoronqoro vulkanlarının kalderlərini göstərmək olar.

Əmələ gəlmələrinə görə kalderlər 3 tipə bölünür:

Partlayış kalderləri . Bunlar vulkan konusunun üst hissəsinin, o cümlədən əvvəlki kraterin partlayış nəticəsində dağılması və genişlənməsindən əmələ gəlir. Partlayış kalderi çox vaxt vulkan oxuna, o cümlədən konusa nisbətən ekssentrik formada yerləşir. Bəzən partlayış, kalderin bir yamacını tamamilə dağıda bilər. Belə olduqda, yamacların morfologiyasına görə assimmetrik quruluşlu kalderlər əmələ gəlir.

Uçqun kalderləri . Bunlar vulkan konusu altında, səthdən bir neçə km dərinlikdə, püskürmə zamanı müəyyən proseslər nəticəsində əmələ gələn boşluğun üzərində yerləşən konusun ox hissəsinin və ya bir tərəfinin çökməsi nəticəsində əmələ gəlir. Bu tip kalderlərə az təsadüf olunur.

Erozion kalderlər . Bunlar reqressiv eroziya nəticəsində kraterin divarının bir tərəfinin açılması və sonra eroziyanın təsiri altında genişlənməsi və dərinləşməsi yolu ilə əmələ gəlir. Bu tip kalderlərə nadir halda rast gəlmək olar.

Vulkanın fəaliyyətindən asılı olaraq, bəzən böyük krater daxilində ikinci və üçüncü dərəcəli, sanki bir-birinə geyindirilmiş kraterlərə rast gəlmək olar. Buna Kamçatkadakı Kraşeninnikov vulkanının bir-biri ilə birləşmiş hər iki konusunun zirvəsində yerləşən iki qat və üç qat kraterlər misal ola biər.

Bəzən kraterlər dəniz səviyyəsində yerləşdikdə onların bir tərəfi ya partlayış, yaxud abraziyanın təsiri ilə dağılır. Ona görə bu kraterər nal və ya aypara forması alaraq buxtaya (kiçik körfəzə) çevrilir (Müqəddəs Pavel vulkanı adası).


Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin