İşəmuzd əmək haqqı forması əsasən o istehsal sahələrində tətbiq edilir ki, orada buraxılış məhsulun və ya yerinə yetirilən işlərin həcmini müəyyən etmək mümkündür. Bu zaman əmək haqqının məbləği hazır məhsulun və ya yerinə yetirilmiş işin miqdarından asılı olaraq müəyyən olunur. Əməyin ödənişinin işəmuzd formasının bir başa işəmuzd, işəmuzd mükafatla və işəmuzd mütərəqqi sistemləri mövcuddur.
Vaxtamuzd əmək ödənişi o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilən işin həcmini müəyyən etmək mümkün deyil. Vaxtamuzd ödəniş zamanı əmək haqqı yerinə yetirilmiş işin miqdarı və keyfiyyətindən asılı olmayaraq işlənmiş vaxtın miqdarına görə hesablanır. Vaxtamuzd əmək ödənişi forması sadə vaxtamuzd və mükafatlı vaxtamuzd sistemə bölünür.
Əsas əmək haqqıdedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr, mükafatlar və s. ödəmələr nəzərdə tutulur.
Əlavə əmək haqqı isə fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənliməmiş vaxta görə hesablanan ödəmələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetirilməsinə görə ödəmə,analıq məzuniyyətində verilən fasilələrin ödənilməsi, yeniyetmələrin güzəştli satları və s.) başa düşülür.
Əmək haqqının akkord ödənişi sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil,görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək işin ümumi dəyərinin məbləği norma-vaxtla və tariflər müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəsisələrində auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.
İstehsal xərclər
İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir.
İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir.