qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom
Əmtəə tədavülü və istehlak
Əmtəədə təcəssüm olunan və mübadilə zamanı təzahür edən ictimai əmək əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir- birinə mübadilə edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə dəyərilə bağlıdır. Dəyər əmtəənin daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür formasıdır.
Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında xarakterik cəhətdir.
Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında (saat, gün) sərf etdikləri əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər. Lakin natural təsərrüfat şəraitində onların sərf olunmuş əməyi dəyər forması almırdı. Əmtəə təsərrüfatında isə əmək dəyər münasibətləri kimi təzahür edir. Deməli, əmtəə təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur.
İctimai əmək əmtəə istehsalında dolayısı yolla- yəni mübadilə prosesində təzahür edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən ictimai əməyə bərabərdir. Beləliklə, dəyər təkcə əmək məsrəfi deyil, o eyni zamanda əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində təzahür edir.
Deməli, əmtənin dəyəri istehsal prosesində əmək vasitəsilə yaradılır. Mübadilə prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir. Buna mübadilə dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə dəyər formasıdır. Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda ifadə olunmuşdur. Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri taxılın istehlak dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın istehsalına əmək sərf olunmuşdur. Bu iki əmtəənin bir- birinə bərabər tutulması o deməkdir ki, onların hər ikisinin istehsalına sərf olunmuş əmək bərabərdir.
Əmtəələrin bir- birinə bərabər olmasının əsasını bu əmtəələrdə təcəssüm edən bərabər əmək sərfi təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə (balta) nisbi dəyər forması, öz dəyərini (taxıl) baltanın istehlak dəyərində əks etdirən əmtəə ekvivalent dəyər formasıdır.
İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ məhsula dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfi dəyər forması deyilir. Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi tayfaların və sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf nəticəsində dəyərin ikinci mübadilə forması- tam və ya dolğun dəyər forması yaranır.
Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə əmtəənin istehlak dəyərində tapır. İctimai əmək bölgüsünün və əmtəə istehsalının inkişafı, onların dərinləşməsi, bir əmtəənin digər əmtəəyə dəyişdirilməsi qənaətbəxş olmur.
Mübadilə prosesi çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya, balta sahibinin taxıla olan ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə əmtəə istehsalçıları arasında elə bir ümumi ekvivalent dəyər forması ortaya çıxır ki, bütün əmtəə istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır. Beləliklə, bir əmtəə bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər forması kimi mübadilə olunur.