Pul tarixi iqtisadi kateqoriya kimi cəmiyyətin inkişaf zəruriliyindən doğan bir məhsuldur. Pul geniş diapazonu əhatə edən və maksimum likvidlik dərəcəsinə, daha dəqiq desək əmtəə və xidmətlərə çevrilməyə malikdir. Pulun tarixi inkişafı yolunda ən başlıca elmi açıqlama ondan ibarətdir ki, o kortəbii şəkildə meydana gəlmişdir. İlk pullar – hələ maldarlıq dövründə bu işlə məşğul olan maldarlar arasında meydana gəlmişdir. Çoban tayfalarının ayrılması mal-qara ilə mübadiləyə gətirib çıxardı. Mal-qara ilə pul funksiyasının qovuşması tarixdə iz buraxmışdır. Qədimdə “öküz” adını metaldan hazırlanmış pul daşıyırdı.
Ümumiyyətlə, mübadilənin inkişafı dəyərin aşağıdakı formalarının bir-birilə əvəz olunması yolu ilə baş verirdi.
1. dəyərin sadə və təsadüfi forması. Bu forma mübadilənin ilkin mərhələsinə uyğun gəlirdi. Belə ki, bu mərhələdə mübadilə təsadüfi xarakter daşıyırdı. Bir əmtəə özünün dəyərinə uyğun gələn başqa bir əmtəə ilə dəyişdirilirdi.
2. tam və ya geniş dəyər forması əməyin ilkin bölüşdürülməsinin inkişafı ilə bağlıdır. Bununla əlaqədar mübadilə prosesi çoxlu sayda ictimai əmək mallarını əhatə etdi. Bu isə ona gətirib çıxarırdı ki, çoxlu sayda ekvivalent-əmtəənin olması hər bir əmtəənin yekun dəyərinin olmasına imkan vermirdi.
3. dəyərin ümumi forması: mübadilənin sonrakı inkişafı çoxlu sayda əmtəələrin içindən müəyyən əmtəələrin seçilib bazarda başlıca mübadilə aləti rolunu oynamasına gətirib çıxardı.
4. dəyərin pul forması isə mübadilənin növbəti inkişafı ilə bağlı olaraq, əmtəələrin içindən bir əmtəənin seçilib ümumi ekvivalent rolunu oynaması ilə bağlıdır. Bu rol getdikcə nəcib metalların üstündə möhkəmləşməyə başladı. Bu isə qızıl və gümüşün bazarın ekvivalent rolunu üzərinə götürə biləcək əmtəəyə - pula olan bütün tələblərinə cavab verməsi ilə əlaqədar idi. Bu tələblər aşağıdakılardan ibarət idi:
- yekcinslik;
- istənilən miqdarda əldə edilməsinin çətinliyi;
- dəyərini itirmədən bölünməsi;
- yığcamlığı; - uzun müddət saxlanılması.
Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici rol oynadı. Sikkə əmtəə istehsalının inkişafı, mübadilənin artması, quldarlıq dövlətlərinin iqtisadi, siyasi güclənməsi, tacirlər sinfinin artması nəticəsində meydana gəlmişdi. İlk qızıl sikkələr b.e.ə. 313 –cü ildə üzərində öz əksini təsvir edən Makedoniyalı İskəndərin olmuşdur. Əmtəə kimi pul əmtəənin istehlak dəyərinə və pul kimi pul münasibətlərinin daşıyıcısının istehlak dəyərinə malikdir. Demək, pul əmtəəsi iki dəyərin (abstrakt və mübadilə dəyərinin) daşıyıcısı olur. Hər bir əmtəədə olduğu kimi pul daxili dəyərə malikdir. Yəni pulun da istehsalı üçün əmək sərf edilir. Pulun mübadilə dəyəri – alıcılıq qabiliyyəti və nisbi dəyər ifadəsidir. Pulun daxili və mübadilə dəyərinin sərbəstliyi nisbidir. Bu dəyərlərə həm dövlət, həm də bazar şəraiti təsir edə bilər.