Yapon modeli, vaxtilə «qapalı» xarakter daşıyan təssərüfat həyatının tədricən liberallaşdırılması və «açıq iqtisadiyyat» yolu ilə irəliləyərək, müasir dünya təsərrüfatına qovuşması, onun tərkib hissəsinə çevrilməsi ilə səciyyələnir. Ölkənin təsərrüfat modelinin ən mühüm cəhətlərindən biri, onun uzunmüddətli və şərikli iqtisadi əlaqələr əsasında formalaşaraq, qarşılıqlı inam prinsiplərinə uyğun fəaliyyət göstərməsidir. Qərbi Avropa ölkələrindən fərqli olaraq, Yaponiya iqtisadiyyatında dövlət bölməsiini rolunun məhdudluğu və hərbi xərclərin onun ümumi daxili məhsulunda (ÜDM) 1%-i ötməməsi, əhalinin gəlirlərinin 18-20%-nin yığım kimi banklarda toplanması, şübhəsiz ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edən amillərdir. Eyni zamanda bu model, yüksək əmək məhsuldarlığına, strateji planlaşdırma ünsürlərindən istifadəyə, milli iqtisadiyyatın ümumi inkişaf göstəricilərinin əlaqələndirilməsinə əsaslanır. Ölkədə əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım sürətindən aşağı olması və bu göstəricəyə görə Yaponiyanın digər yüksək inkişaf etmiş dövlətlərindən geri qalması düşünülmüş bir addım olub, obyektiv-subyektiv səbəblərlə bağlıdır. Yaponiyanın təbii sərvətlərinin, xüsusilə yanacaq-enerji mənbələrinin son dərəcə məhdud olmasına baxmayaraq, dünya bazarında rəqabət qabiliyyətini qoruyub saxlamaq üçün ixrac olunan müxtəlif təyinatlı məhsulların qiymətinin nisbətən ucuz olması, zərurətdən irəli gəlir. Belə bir taktika isə yeni dizayn və zövq xüsusiyyətlərinə malik yapon məhsullarının ixracını getdikcə artırır, onların dünya bazarında mövqeyini gücləndirir. Bu mənada yapon modeli müəyyən qurbanlar tələb edərək, olkənin ümumi strateji və milli mənafeyini daha üstün tutumaq prinsipinə əsaslanır. Yapon dövləti özünün vergi, gömrük, büdcə siyasəti ilə iqtisadiyyatın tənzimlənməsi, xüsusilə onun ən yeni texnika və texnologiyalar əsasında qurulmasının başlanğıc mərhələsində, olduqca fəal bir rol oynayır.