Sosial yönümlü istiqamət, ölkənin təsərrüfat həyatında dövlət bölməsinin payı az olan qarışıq iqtisadiyyatın geniş fəaliyyəti; dövlət tənzimləməsinin əhatəliliyi; əhalinin bütün təbəqələrinin sosial müdafiəsi və onların pulsuz, yaxud güzəştli şərtlərlə təhsil alması, tibbi xidmətlərdən istifadə etməsi ilə xarakterizə olunur. Bu istiqamət II Dünya müharibəsindən sonra Almaniya Federativ Respublikasında tətbiq edilərək, dağılmış bir ölkənin təsərrüfat həyatının bərpasında və nisbətən qısa müddətdə əhalinin həyat səviyyəsinin əhəmiyyətil dərəcədə yüksəldilməsində mühüm rol oynamışdır. Tanınmış iqtisadiçı və dövlət xadimi L.Erhardın adı ilə bağlı olan sosial yönümlü istiqamət eyni zamanda alman, yaxud neoliberal model adlanır. Bu modelin müxtəlif prinsip və ünsürlərindən ayrı-ayrı ölkələrdə, xüsusilə bazar münasibətləri iqtisadi sisteminə keçid mərhələsində olan ölkələrdə, o cümlədən də Azərbaycan Respublikasında istifadə olunmuşdur.
Sosial-demokrat istiqamət öz mahiyyəti və prinsipləri etibarilə sosial yönümlü bazar iqtisadiyyatına oxşar olsa da, lakin bu modelin özünəməxsus cəhətləri vardır. Həmin xüsusiyyətlərdən ölkənin təsərrüfat həyatında dövlət bölməsinin (mülkiyyətinin) mühüm yer tutmasını; dövlət büdcəsinin əhəmiyyətli rol oynamasını; əmək münasibətlərinin ümummilli və dövlət maraqları səviyyəsində tənzimlənməsini; hökumətin sosial siyasətinin əhalinin bütün təbəqələrinin mənafeyinin nəzərə alınmasını; işsizliyin azaldılması və işçilərin peşə-sənət ixtisaslarının təkmilləşdirilməsi istiqamətindəki tədbirlərin həyata keçirilməsini qeyd etmək olar. Müxtəlif ölkələrin tarixi inkişaf mərhələlərində, məsələn əsasən Skandinaviya dövlətlərində, habelə İspaniya, Yunanıstan, Portuqaliyada bu yoldan istfadə olunsa da, bütün dünyada İsveç modeli kimi məhşurlaşmışdır. Çünki İsveç iqtisadiyyatı bu modelin tətbiqi nəticəsində daha çox uğurlar qazanaraq, sosial-iqtisadi inkişaf səviyyəsinə (iqtisadi inkişaf indeksinə) görə hazırda dünyada ən öndə gedən dövlətlər sırasındadır.
Qeyd etmək lazımdır ki, bazar münasibətləri iqtisadi sisteminin, ayrı-ayrı ölkələrin milli inkişaf xüsusiyyətlərini əks etdirən konkret modelləri (variantları) vardır. Həmin model və variantlar bir-birindən istehsalın təşkilinə, onun maddi-texniki bazasına, təbii sərvətlərinə, iqtisadi resurs imkanlarına, qarşılaşdıqları sosial-iqtisadi problemlərə, əhalinin psixoloji durumuna, ümumi mədəni inkişaf səviyyəsinə görə fərqlənir. Bu konkret iqtisadi-sosial modellərinin bir neçəsini nəzərdən keçirək:
Dostları ilə paylaş: |