1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi Əgər istehsal vasitələri əmək vasitələri və əmək cisimlərindən ibarət olursa, istehsal fondları – istehsal vasitələrinin dəyər daşıyıcıları – isə əsas və dövriyyə fondlarına bölünürlər. İstehsalın maddi ünsürlərindən biri olan əmək predmetləri (xammal, əsas və köməkçi materiallar, yanacaq və elektrik enerjisi, kənardan alınmış yarımfabrikatlar) əmək vasitələri ilə birlikdə məhsulun istehsalı prosesində bilavasitə iştirak edirlər. İstehsalın hər bir tsiklinin yenidən başlanması əvvəlki istehsal tsiklində istehlak edilmiş xammal və materialları əvvəlki natural-əşya formasında yenidən yaratmağı tələb edir. Əmək predmetləri istehsal vasitələrinin tərkib hissəsindən biri olmaqla dəyər formasında dövriyyə fondları adlanır. Dövriyyə istehsal fondları elə istehsal vasitələrindən ibarətdir ki, onlar əmək prosesinə daxil olmaqla hər bir istehsal tskilində tamamilə istehlak olunur, həmin tsikldə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə keçirir və özlərinin natural formalarını dəyişirlər. Dövriyyə istehsal fondları, əsas fondlardan fərqli olaraq, istehsal olunan məhsul üzərinə öz dəyərlərini bir dəfəyə və tamamilə – yana caq, enerji və köməkçi materialların bir qismi istisna olmaqla – özlərinin maddi-əşya formalarına xas olan fiziki-kimyəvi xüsusiyyətlərini də keçirirlər. Məsələn, xromlu-nikelli poladdan istehsal olunmuş hər hansı bir hissəsinin dəyəri dövriyyə fondu kimi poladın dəyərindən ibarət olmaqla bərabər, həm də, tam olmasa da, həmin marka poladın təbii-texniki və ya fiziki-kimyəvi əlamətləri də həmin hissənin substansiyasına daxil olur. İstehsal firması və ya sənaye müəssisənin dövriyyə fondları özlərinin təyinatına, yaradılma zəruriliyini müəyyən edən şərait və amillərin müxtəlifliyinə görə üç hissəyə bölünür və bunlar aşağıdakılardır.
1. İstehsal ehtiyatları – bu, istehsalçı müəssisə tərəfindən alınmış, özünün əmlakı kimi istehsal prosesi üçün hazırlanmış və onun (istehsalın) fasiləsizliyini təmin etmək məqsədilə həmin prosesə daxil olmağı gözləyən xammal, material, yanacaq və s.-dən ibarətdir.
2. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar– bu, artıq texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsində olan material, istehsalı hələ başa çatdırılmamış hissə, bağlama və məmulatlar və habelə özünün istehsalı olan yarımfabrikatlardır.
3. Gələcək dövrün xərcləri – bu, dövriyyə fondlarının qeyrimaddi ünsürləri kimi, məsələn, yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması, onun istehsalı üçün yeni texnologiyanın işlənməsi və tətbiqi və s. ilə əlaqədar xərclərdir ki, cari dövrdə çəkilsələr də gələcəkdə istehsal olunacaq məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılır.
İstehsal prosesində əmək predmetləri natural – əşya formasında istehlak olunduqlarına görə hər bir məhsul növünün fasiləsiz təkrar istehsalı üçün onlardan istehsalatda hər an və müəyyən miqdarda istifadə edilməsi imkanı təmin olunmalıdır. Buna o halda nail olmaq mümkündür ki, a) ya xammal və materiallar müəssisəyə istehlak üçün hazır vəziyyətdə və gündəlik təlabat həcmində (istehsala dəqiq buraxılma sinxronluğu ilə) göndərilsin, b) ya da müəssisədə xammal və materiallardan lazımi miqdarda ehtiyat yaradılmış olsun. Bu şərtlərdən birincisi nəzəri baxımdan mümkündür, lakin praktik olaraq bütün hallarda ya yerinə yetirilə bilməz və ya da iqtisadi cəhətdən məqsədə uyğun deyil. Buna səbəb bir çox əmək predmetlərinin müəyyən istehsal tsikli ərzində istehlak olunması və bu istehsal tsiklləri isə həmin əmək predmetlərindən hər birinin istehsala buraxılması ilə eyni vaxta düşməməsidir.