Yanacaqdan istifadə əmsalı – yanacaq istehlak edən avadanlığın faydalı iş əmsalı ilə xarakterizə olunur. Bu əmsal, həmin avadanlıqda istilikdən nə dərəcədə faydalı istifadə edildiyini göstərir. Avadanlığın faydalı iş əmsalı istifadə olunan yanacağın keyfiyyətindən, avadanlığı işlədən işçinin ixtisas dərəcəsindən və ona olan münasibətdən asılıdır. Avadanlığın faydalı iş əmsalının artırılması ilə eyni miqdar avadanlıqdan daha çox məhsul istehsal etmək olur, deməli, avadanlığa olan tələbat azalır.
Yanacaqdan itkilər isə, əsasən, yanma prosesi zamanı qazlarla birlikdə çıxan istilikdən və habelə yanmanın natamam getməsilə bağlı onun (yanacağın) istiliktörətmə qabliyyətinin sona qədər realizə edilməməsi səbəbindən irəli gəlir.
Ayrı-ayrı ünsürlərin deyil, dövriyyə vəsaitlərindən bütünlükdə istifadə səmərəliliyi üç əsas göstərici ilə – dövretmə əmsalı (dövretmələrin sayı), dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və bir dövriyyənin uzunluğu ilə (günlərlə) – xarakterizə olunur. 3. Firmada tədavül fondlarının idarə olunması Firmada tədavül fondlarının düzgün idarə olunması dövriyyə vəsaitlərindən səmərəli istifadənin əsas istiqamətlərindən biridir. Xüsusilə, bazar münasibətləri şəraitində maliyyə münasibətlərinin əhəmiyyətinin artdığı bir dövrdə, pul vəsaitlərinin hərəkətində vaxt amilinin nəzərə alınması, inflyasiya və valyuta kurslarının dəyişməsi tədavül fondlarının idarə olunması və onların üzərində mütəmadi nəzarət tələb edir və onun əhəmiyyətini artırır.
Tədavül fondlarının mühüm tərkib hissəsi hazır məhsul qalığıdır. Hazır məhsul ehtiyatının yaradılması firmaya istehsal planının tərtibində və marketinq tədbirlərinin həyata keçirilməsində sərbəstlik verir. Firmada məhsul istehsalı ciddi şəkildə satışa istiqamətlənməməlidir. Hazır məhsuldan böyük həcmdə ehtiyatların yaradılması istehlak tələbini səmərəli şəkildə ödəməyə imkan verir. Əgər müəssisədə müəyyən növ məhsuldan müvəqqəti olaraq ehtiyat yaradılmayıbsa, onda bu, həm indiki, həm də gələcəkdəki satışları (sifarişləri) itirməklə nəticələnə bilər.
Hazır məhsul ehtiyatının yaradılması müəyyən xərclərlə əlaqədardır. Həmin xərclərə bu ehtiyatların saxlanması, nəql edilməsi xərcləri və habelə bu ehtiyatların yaradılmasına sərf olunmuş investisiyaya hesablanan mənfəət daxildir.
Hazır məhsul ehtiyatlarının həcmi o həddə qədər artırıla bilər ki, əldə olunan qənaət, əlavə ehtiyatın yaradılması ilə əlaqədar xərclərdən çox olsun. Hazır məhsul ehtiyatının normativi (tədavül fondlarının bu ünsürü normalaşdırılır) faktiki qənaətin həcmindən, əlavə ehtiyatların yaradılmasına çəkilən xərclərdən və bu ehtiyatlar üzərində səmərəli nəzarətdən asılıdır. Aydındır ki, bu ehtiyatların həcmi istehsal, marketinq və maliyyə xidmətləri ilə razılaşdırılmalıdır.
Hazır məhsul ehtiyatlarının idarə olunması zamanı, ilk növbədə, məhsul növləri üzrə sifarişin səmərəli ölçüsü müəyyən olunmalıdır. Sifarişin səmərəli ölçüsünün müəyyən olunması nəinki hazır məhsul qalığının qorunub saxlanması ilə, həm də sifarişin yerinə yetirilməsi ilə əlaqədar xərclərin optimallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Praktikada hazır məhsula tələbi kifayət dərəcədə dəqiq müəyyən etmək o qədər də asan məsələ deyildir. Adətən, hazır məhsula tələb müəyyən müddət ərzində statik vəziyyətdə olmur, mütəhərrik olur, tez-tez dəyişir. Tələbdən başqa, sifarişin alınmasından sonra hazır məhsulun istehsalı üçün zəruri olan vaxt da müəyyən dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər müəssisədə hazır məhsullardan, istehsal ehtiyatı kimi, sığorta ehtiyatlarının da yaradılmasını tələb edir. Qeyd etmək lazımdır ki, bu ehtiyatların da – mövcud şəraitdən asılı olaraq – optimal həcmi müəyyən olunmalıdır. Hazır məhsuldan sığorta ehtiyatının optimal həcminin müəyyən olunması, məhsulun çatışmayan həcmi ilə bunu doğuran səbəbin neytrallaşdırılmasına kifayət edən sığorta ehtiyatının yaradılması ilə əlaqədar xərclər arasında tarazlığın tapılması ilə bağlıdır.
Beləliklə, müəssisədə hazır məhsul ehtiyatının yaradılması müəyyən xərclərlə bağlıdır. Elə buna görə də, hazır məhsul ehtiyatının yaradılmaması müəyyən risklərlə əlaqədardır və ciddi itkilərə səbəb ola bilər. Bu baxımdan, qeyd edilən itkilərin aradan qaldırılması üçün hazır məhsulun hər bir növündən optimal ehtiyat yaradılmalıdır.
Firmada hazır məhsuldan ehtiyatın optimal həcmdən çox yaradılmasına da yol vermək olmaz, çünki bu, dövriyyə vəsaitlərindən istifadənin səmərəlilik səviyyəsinə mənfi istiqamətdə təsir göstərə bilər. Firmanın istehsal etdiyi hazır məhsul dövriyyə vəsaitlərinin istehsal sferasından tədavül sferasına keçdiyini xarakterizə edir. Bu, artıq qeyd olunduğu kimi, tədavül fondlarının yeganə normalaşdırılan ünsürüdür. Hazır məhsula dövriyyə vəsaitlərinin normativi (Nh.m) aşağıdakı düsturla müəyyən olunur:
Nh.m = R × D
Burada, R – istehsal maya dəyəri ilə əmtəəlik məhsulun bir günlük buraxılışı;
D – hazır məhsuldan günlük ehtiyat normasıdır.
Anbarda hazır məhsul ehtiyatı üzrə müəyyən edilmiş norma məhsulun zəruri olan həcmdə dəstləşdirilməsi və yığılmasına, məhsulun qablaşdırılmasına, markalanmasına və yüklənib yola salınmasına qədər anbarda saxlanmasına, yola salınma stansiyasına çatdırılması və boşaldılmasına çəkilən müddətlə müəyyən olunur. Dövriyyə vəsaitlərinin xüsusi normativləri hesablanıb toplanılaraq normalaşdırılan dövriyyə vəsaitlərinin məcmu normativi tapılır.