b. İnzibati-amirlik sistemi
İnzibat-amirlik, yaxud əmrlə idarə olunan iqtisadi sistem keçmiş Sovet İttifaqında, Şərqi Avropa və Asiya qitəsinin bir sıra ölkələrində hökm sürmüşdür. Azərbaycan Respublikası da zorakı işğalçılıq siyasəti nəticəsində 70 il müddətində (1920-1991) Sovet İttifaqının tərkibində inzibati amirlik sistemində olmuşdur. Hazırda Çin Xalq Respublikaı, Şimali Koreya, Kuba Respublikasının təsərrüfat həyatında inzibati-amirlik sisteminin müəyyən üsul və metodlarından qismən istifadə olunmaqdadır.
Bu iqtisadi sistemin ən mühüm cəhəti, onun formal baxımdan ictimai, əslində isə mərkəzləşdirilmiş qaydada dövlət mülkiyyəti üzərində qurulub fəaliyyət göstərməsidir. Qeyd etmək lazımdır ki, inzibati-amirlik sisteminin meydana çıxması, cəmiyyətin təbii-tarixi gedişinin deyil, XX əsrin əvvəllərində bütütn dünyada qərarlaşmağa başlayan bazar iqtisadi münasibətlərinin təkamül yolu ilə inkişafının zoraki vasitələrlə qarşısının alınması ilə bağlı olmuşdur. Hamının bərabərliyi və əhalinin həyat səviyyəsini yüksəltməyi özünün əsas məqsədi, eyni zamanda vəzifəsi elan etmiş inzibati-amirlik sistemi, gündəlik fəaliyyəti, iqtisadi siyasəti, totalitar rejimi, vahid ideologiyası, təkpartiyallılığı ilə həmin prinsipləri mahiyyətcə pozmuşdu.
Vahid mərkəzdən istehsalın planlı sosialist idarəçiliyinə, direktiv göstərişlərlə bölgü prinsiplərinə, istehsalçıların iqtisadi maraq və müstəqilliyinin boğulmasına, ölkənin resurslarından səmərəsiz istifadə olunaraq dünyada kommunizm ideyalarının ağalığına yönəldilməsinə, hərbi sənaye kompleksinin üstün inkişafına əsaslanan bu sistem, dünya kapitalizm aləmi, habelə beynəlxalq bazarın rəqabət mübarizəsinə davam gətirə bilməyərək, 1991-ci ildə iflasa uğradı.
Dostları ilə paylaş: |