Çin modeli, ölkədə ardıcıl mərhələlərələ aparılan sistemli iqtisadi islahatların uğurlu nəticəsi kimi formalaşmışdır. Ölkənin keçdiyi özünəməxsus tarixi inkişaf yolunun xüsusiyyətlərini, xalqın mənəvi-psixoloji mentalitet dəyərlərini hərtərəfli nəzərə alan Çin modeli, bütün dünyada öz tarazlığı ilə böyük maraq doğurur. Ölkənin siyasi sisteminin, ideoloji kursunun, Kommunist Partiyasının rəhbər rolunun, sosializm cəmiyyəti qurmağın son məqsəd olduğunun əslində dəyişmədiyi bir şəraitdə, təsərrüfat həyatının bazar münasibətləri iqtisadi sisteminin prinsiplərinə uyğunlaşdırılması yolunda ciddi addımlar atılmış və sanballı nailiyyətlər qazanılmışdır.
Çin Xalq Respublikasının iqtisadiyyatında aparılmış təkamül xarakterli struktur (quruluş) dəyişiklikləri, qiymət mexanizminin, xarici ticarətin, inflyasiyanın, bank sisteminin tənzimlənməsi və təkmilləşdilməsi tədbirləri imkan vermişdir ki, ölkə keçid dövrünün bir sıra ağrılı problemlərindən, o cümlədən istehsalın sürətlə aşağa düşməsindən yan keçə bilsin. Çin modeli, bazar iqtisadi sisteminin müxtəlif təsərrüfatçılıq formalarından istifadə etmək üçün geniş imkanlar yaratmaqla yanaşı, eyni zamanda bu formalar özünü real həyatda doğrultmadıqda, onların başqaları ilə əvəz olunmasını həvəsləndirir, hətta əvvəlki formalara qayıtmağa yol verir. Yeni təsərrüfatçılıq formaları ilk növbədə ayrı-ayrı müəssisələrdə sınaqdan keçirilir, onların səmərəliliyi təcrübədə təsdiq olunduqdan sonra, bu formaların tədricən qrup müəssisələrdə, sahələrdə, regionlarda reallaşdırılır.
Ölkənin təsərrüfat həyatında dövlət mülkiyyətinin aparıcı rolu və dövlət tənzimlənməsi prinsiplərindən geniş istifadə olunmaqla yanaşı, eyni zamanda xırda-orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, xüsusilə xarici iş adamlarına, başqa ölkələrdən, habelə beynəlxalq bank-maliyyə təşkilatlarından iri həcmli investisiyaların müxtəlif istehsal xidmət sahələrinə cəlb olunmasına maksimum əlverişli şərait yaradılmışdır.
Çin modelində, dünya təcrübəsində geniş yayılmış sərbəst iqtisadi zonaların ölkənin tələblərinə və özünəməxsus xüsusiyyətlərinə daha uyğun formalarının yaradılıb fəaliyyət göstərməsinə böyük diqqət yetirilmişdir. Çinin dəniz sahili boyu yerləşən ərazilərdə sərbəst (xüsusi) iqtisadi zonaların təşkili, bu yerlərdə ixrac istiqamətli kənd təsərrüfatının, sənayevnin, maliyyə-bank qurumlarının, turizmin inkişafına güclü təkan vermiş və ölkənin valyuta ehtiyatlarının artmasına səbəb olmuşdur. Güzəştli şərtlər əsasında bu zonalarda xarici investorların işgüzar fəaliyyəti, sonralar ölkənin digər rayonlarında uğurla davam etdirilmişdir. Nisbətən qısa tarixli bir dövr ərzində təsərufat həyatının müxtəlif sahələrində qazanılmış nailiyyətlər, Çin modelinin ölkənin özünəməxsus cəhətləri ilə seçilən reallığı üçün əhəmiyyəti ilə yanaşı, eyni zamanda başqa ölkələrə, xüsusilə də Şərq dövlətlərinə müəyyən mənada nümunə ola biləcəyi şübəsizdir.
Dostları ilə paylaş: |